Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edəcək qatarlara əlavə vaqonlar qoşulacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə Gürcüstan istiqamətində hərəkət edəcək qatarlara ümumilikdə 20 vaqon qoşulması planlaşdırılır. Bu il ötən ilə nisbətən tələbat azlığı olduğu üçün turist qatarları xəttə buraxılmayacaq.
N.Əzməmmədov əlavə vaqonların dekabrın 29-30-da hərəkət edəcək qatarlara qoşulacağını bildirib: “Sərnişin sıxlığı dekabr ayının 29 və 30 tarixlərində olacağı müşahidə edilib. Bu səbəbdən əlavə vaqonlar bu iki gün ərzində qatarlara qoşulacaq. Lakin növbəti günlərdə də sıxlıq müşahidə olunarsa o zaman xəttə yenidən əlavə vaqonlar buraxılacaq”, – deyə N.Əzməmmədov vurğulayıb.