Bakıda sərnişin avtobuslarının dayanacaqdan kənarda saxlanması ilə bağlı problem həll edilmədən qalıb.
Sərnişin avtobusları dayanacaqdan kənarda saxlanmaqda davam edir. Bakı qəsəbələri istiqamətində hərəkət edən 100 saylı marşrut avtobusunun dayanacaqdan kənarda saxlaması isə birbaşa sərnişinlərin həyatını təhlükəyə atır. Həmin avtobus sürətin saatda 120 kilometr olduğu aeroport yolunda sərnişinləri ikinci zolaqda saxlayaraq götürür.
Arxadan gələn avtomobillər avtobusun sağından keçdiyindən sərnişinlər üçün təhlükə yaranır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a bildirildi ki, avtobusların qanunsuz hərəkəti, dayanacaqdan kənarda saxlanması və digər neqativ hallar mərkəz tərəfindən müəyyən edildikdən sonra aidiyyəti üzrə Bakısərnişinnəqliyyat Departamentinə göndərilir.
Departamentdən Milli.Az-a bildirildi ki, sərnişinlər dayanacaqdan kənarda avtobus saxlandığının şahidi olarlarsa, həmin avtobusun dövlət nömrə nişanını və marşrut nömrəsini qurumun "qaynar xətt"inə təqdim etməlidirlər. Dayanacaqdan kənar avtobus saxlanılması ilə həmişə mübarizə aparılır.
Xatırladaq ki, Bakısərnişinnəqliyyat Departamentinin "qaynar xətt" nömrələri şəhər telefonlarından 561-76-28 və 562-77-02-dır.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisiVaqif ƏsədovMilli.Az-a bildirdi iki, avtobus sürücülərinə qarşı reydlər keçirilir. Bölmə rəisinin sözlərinə görə, paytaxtda quraşdırılmış video-nəzarət kameraları vasitəsilə avtobus sürücülərinin hərəkətinə nəzarət olunur. Bu yolla avtobus sürücülərinin qanun pozuntularını, o cümlədən yolların hərəkət hissəsində saxlayıb, sərnişinləri düşürüb-mindirmələri faktları aşkarlanır. Həmin sürücülər mütləq məsuliyyətə cəlb edilirlər.
V.Əsədov avtobus sürücülərinə qarşı reydlərin davam etdiriləcəyini vurğuladı.//milli.az