Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama

Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
SOSİAL
15:38 16.09.2025
648
Bakı şəhərində avtobus zolaqlarının ləğvi məsələsi ilə bağlı ictimai rəydə müxtəlif yanaşmalar var. Şəxsi avtomobil sürücüləri hesab edirlər ki, avtobus zolaqları küçələrin daralmasına və tıxacların artmasına səbəb olur. 

İctimai nəqliyyatdan istifadə edənlərin böyük əksəriyyəti isə avtobus zolaqlarının saxlanmasının vacib olduğunu düşünür. 

Milli Məclisin deputatı Razi Nurullayev mövzuyla bağlı AZXEBER.COM-a açıqlama verib.

O bildirib ki, avtobus zolaqlarının ləğv olunması absurd yanaşmadır:

"Avtobus zolaqları olmasa, şəhərdə bir nəfər belə işinə vaxtında çata bilməz. Düşünürəm ki, ictimai nəqliyyatdan istifadə edənlər və daşıyıcılar üçün daha əlverişli şərait yaradılmalıdır. Bütün vətəndaşlar ictimai nəqliyyata yönəlməlidir. Əgər hər kəs şəxsi avtomobili ilə şəhərdə hərəkət edəcəksə, tıxacın qarşısını almaq mümkün olmayacaq”.

Deputat qeyd edib ki, tıxacların qarşısını almağın yeganə yolu ictimai nəqliyyatın daha da inkişaf etdirilməsi və onun rahat olmasıdır:


"Bu, yeni metro xətlərinin açılması ilə də bağlıdır. Dövlətin nəqliyyatın inkişafına dair proqramı mövcuddur. Məhz həmin proqram nəticəsində 2030-cu ilə qədər bu problemlər qismən həll ediləcək. Amma avtobus zolaqlarının ləğvi şəhərdə iflic vəziyyət yaradar”.

Parlamentari vurğulayıb ki,  yeni avtobus zolaqlarının yaradılması daha məqsədəuyğundur:

"Düzdür, avtobus zolaqlarının olması müəyyən mənada şəxsi avtomobil sürücülərinə maneçilik törədir. Amma bu, daha böyük problemlərin qarşısını alır. On minlərlə insan məhz ictimai nəqliyyatdan istifadə etməklə işinə vaxtında çatır və evinə də vaxtında qayıda bilir. Bunlar cəmiyyətin ən həssas və sosial cəhətdən daha kasıb təbəqəsidir. Ona görə də onları avtobus zolaqlarından məhrum etmək yolverilməzdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR