Bakıda avtobusda film kimi olay: 20 qəpiyə görə bıçaq çıxarıldı

Bakıda avtobusda film kimi olay: 20 qəpiyə görə bıçaq çıxarıldı
SOSİAL
16:43 27.04.2017
10142
 Bakıda fəaliyyət göstərən 46 nömrəli avtobusda dava düşüb.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda əməkdar müəllimə Almaz Həsrət məlumat verib. Onun dediyinə görə, avtobus sürücüsü əsəbi halda hər kəsi təhqir edib:
 
"Dünən işdən evə qayıdarkən 46 nömrəli avtobusun sürücüsünün və konduktorunun çox qeyri etik davranışı ilə üzləşməli oldum. Saat 18:25-18:30 radələrində Əhmədlidəki "Bravo" marketlə üzbəüz dayanacaqda 46 saylı avtobusa minməli oldum. Avtobusda adamların sayı çox idi... sürücünün sərnişinlərlə çox kobud davrandığını hiss elədim. Sanki çox əsəbi idi. Pluton şadlıq sarayının yanında dayanacaqdan çox uzaqda saxladığına görə yerə enən sərnişin xanım doğru yerdə saxlamadığına görə sürücüyə səsini ucaltdı. Sürücü isə avtobusdan enən xanımın arxasınca çox təhqiredici sözləri qışqıraraq ona cavab qaytardı. Bu çox ədəbsiz davranışı idi. Ən pisi Bakı kinoteatrının yanındakı dayanacaqda baş verdi. Bu zaman bir kişi sürücüyə - "mənim yerimdə veriblər"-deyərək yerə endi.
 
Sürücü isə arxasınca ucadan qışqıraraq, kim verdi, heç kim sənin yerində pul ödəməyib deyərək bağırmağa başladı. Bu zaman pul toplayan kişi yerə enmişdi ki, arxa qapıdan enən sərnişinlərin pullarını toplasın. Ödənişi "etməyən" kişinin arxasınca sürücünün dediklərini təsdiqləyərək üstünə qışqırmağa başladı. Həmin adam geri qayıdaraq pul toplayanın üstünə uca səslə -"nə deyirsən, deyirəm ödənilibdir də..."dedi. Bu anda nalayiq sözlərlə bir-birinin üstünə qışqırmağa başladılar. Əlbəyaxaya keçdilər... Elə dayanacaqda, yol kənarında dayanan adamlar da bu hadisənin şahidi oldular. Maraqlısı o idi ki, nə kənarda dayananlardan, nə də avtobusun içində olanlardan heç bir kişi xeylağı onları ayırmağa belə cəhd eləmədilər...Kənardan seyr eləməyi üstün tutdular. Avtobusda olan qadınlar başladılar danışmağa ki, "ay sürücü çağır pul yığanı, qoy o adam getsin". Bu zaman mən dedim ki, "ay sürücü, o adamın yerində mən ödənişi edəcəm, ayıbdır 20 qəpiyə görə bu qədər səs-küy salmayın...". Sürücü isə eşitmirdi sanki... Bu an yerə enən pul yığan kişi arxasından bıçaq çıxararaq həmin "ödənişi etməyən" adamı vurmağa cəhd edirdi... Adam qorunurdu...Vəziyyət gərginləşirdi...Bu zaman sürücü tez yerindən duraraq, yerə endi...Avtobusda hamı çox narahat olmağa başladı. Sürücü bıçaq tutanın əlindən tutmağa başladı. Sürücü ədəbsiz sözlərlə özü də həmin adamı itələyərək vurmağa başladı. Ancaq şükürlər olsun ki, o adam bıçaq zərbələrindən qorunmağa nail ola bildi. Şükür ki, zədə alan olmadı. Ədəbsiz sözlərlə deyinə-deyinə yerinə qayıdan sürücü və pul toplayan adam avtobusdakıların sözlərinə heç məhəl belə qoymurdular. Sürücü çox əsəbi halda avtobusu idarə etməyə başladı. Nəhayət mən öz dayanacağıma çatdım, yerə enərkən əlavə 20 qəpik sürücüyə uzadaraq dedim ki, "alın, bu da sizin 20 qəpiyə görə olay yaratdığınız adamın yerində...". Sürücü almaq istəmirdi, mən isə qəpik yerinə atdım və avtobusdan yerə endim.
 
Əməkdar müəllimə ictimai nəqliyyatdan istifadə etdiyinə görə qorxduğunu da deyib: "Maraqlısı odur ki, sual yaranır, indi görəsən nədən pul toplayan kişi, belində bıçaq gəzdirir? Yəni bu qədərmi, özünü mədəni səviyyədə müdafiə etməyəcəyindən qorxur və ya adama ziyan vurmaqdan bu qədərmi çəkinmir? 20 qəpiyə görə adamın birisini bıçaqlamaqla rahat yaşaya biləcəkdimi? Kim ixtiyar verib o cür adamlara ki, üstündə soyuq silah-bıçaq gəzdirsin.. Kim öz övladını nəqliyyatdan istifadə edərkən bu cür anormal təfəkkürlü, beyni pozulmuş adamlardan sığortalaya bilər? Bu cür sürücü və pul toplayanı cəmiyyətdən təcrid olunmuş halda saxlamaq lazım. Belə çıxır ki, əgər bir kəlmə söz və ya 20 qəpiyə görə adamın həyatına bu cür anormal adamlar asanlıqla son qoya bilər? Həmin adamlar üstündə bıçaq gəzdirərək, bizim aramızda rahat gəzəcəklərmi? Mən artıq çox ehtiyat edirəm nəqliyyatdan istifadəyə... Bizim övladlarımız da nəqliyyatdan istifadə edirlər. Belə halların olmamasına kim qarant verə bilər? Heç kim! Bu olay, nə yaxşı ki, yaralanma və ya ölümlə bitmədi, amma sonluq çox pis ola da billərdi... Övladlarınızı Allah bu cür çox geri və bulanıq beyinlilərdən uzaq tutsun! Olayı təfərrüatı ilə Bakı Nəqliyyat Agentliyinin mətbuat rəhbərliyinə yazdım. Araşdırılacağını bildirdilər. Çox sağ olsunlar. Ancaq həmin olayın daha geniş görüntülü təfərrüatına həmin saatda 46 saylı avtobusun, məhz Bakı kinoteatrın yanındakı dayanacaqda yerləşən dükanların və yolun özünün kənarındakı videosunu izləməklə daha tez görmək olar. Əmin olmaq istərdim ki, bu cür xəstə və bulanıq təfəkkürlü adamlara nəqliyyatın idarə olunmasını tapşırmazlar. Sürücü və pul toplayanların mədəni insani davranışa sahib olmaları vacib məsələ olmalıdır".
OXŞAR XƏBƏRLƏR