Bakıda avtomobil oğurluğu ilə məşğul olan Dövlət Yol Polisi əməkdaşlarının özbaşınalığı davam edir. İyunun 19-da da paytaxtın Nizami rayonu ərazisindəki cərimə meydançasında yanan 57 avtomobillər də bu cür oğurluqla meydançaya yığılan avtomobillər idi və bunu hamı bilir. Bakıda avtomobilləri oğurlayıb cərimə meydançasına aparan yol polislərinin bu özbaşınalıqlarının qarşısı bir müddət alındı. Səbəb isə faciə idi. Təxminən iki il öncə yol polisinin evakuasiya xidmətinin əməkdaşları paytaxtın Səbail rayonu ərazisində yolun kənarında, yol polisinin dili ilə desək avtomobil saxlamanın qadağan olunduğu ərazidə dayanan avtomobili oğurlamışdılar. Həmin vaxt avtomobil sahibinin avtomobili saxlayıb mağazaya girməsindən istifadə edən yol polisinin əməkdaşları həmin maşını evakuatorla oğurlamışdılar. Sürücü mağazadan çıxanda içərisində azyaşlı nəvəsinin olduğu avtomobilinin oğurlandığını görüb həyəcan keçirmiş və elə hadisə yerindəcə infakt keçirmişdi. Yol polisi avtomobilin içərisində azyaşlının olduğunu görməyib avtomobili oğurlamışdı. Məlumata görə, maşından çox nəvəsinin oğurlandığını görən sürücü hadisə yerindəcə keçinib, uşaq isə avtomobildə ağlamaqdan psixi durumunda ciddi problem yaranmışdı. İnfaktdan dünyasını dəyişən sürücünün ailə üzvləri məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəndən sonra bir müddət evakuatorlar paytaxtda avtomobil oğurluğunu tərgitdilər. Amma, birdəfəlik deyil, müvəqqəti. Buna baxmayaraq son 1 ildə yol polisinin evakuator xidməti yenidən aktivləşib. Avtomobil oğurluğuna başlayan bu xidmət əməkdaşları və yol polisləri indi təzə üsul seçiblər. Üsul isə sürücülərin pusqusunda durmaqdır.
Pusquda duran DYP avtomobil oğruları
İyunun 18-də belə bir hadisə mənim də başıma gəldi. Özü də şəhərin giriş hissəsi hesab edilən “20 Yanvar” küçəsində, “20 Yanvar” metrostansiyasının qarşısında. Özü də tam səbəbsiz. Bu vaxta qədər yol polisləri iddia edirdilər ki, yolun kənarında sarı xətt olan ərazidə avtomobil saxlamaq qadağandır. Bakıda əksər ərazidə yolların kənarlarına sarı xətt çəkən yol polisi savadsız sürücülərin avtomobillərini bu adla aldadıb oğurlayıb onlardan qanunsuz olaraq cərimə adı ilə pul alırdılar. Daha doğrusu bu proses indi də davam edir və sürücülərin avtomobillərinin oğurlanması və onların soyulması səngimək bilmir. Amma, iş orasındadır ki, mənim avtomobilimin oğurlanması prosesində “sarı xətt” məsələsi ümumiyyətlə yox idi. “20 Yanvar” metrostansiyasının yaxınlığında, nə piyadaların, nə də avtomobillərin hərəkətinə mane olmayan bir yer var. Səhər saat təxminən 8.00 radələri olardı. Avtomobili həmin ərazidə saxlayıb maşının təxminən 10 metrliyində olan köşkdən siqaret almaq istədim. Avtomobilin qapılarını kilidləyib köşkə ərəf irəlilədim. Xatırladım ki, həmin ərazidə mənim avtomobilimdən başqa yanında sahibi olmayan 11 avtomobil var idi ki, mən də həmin cərgədə avtomobili saxladım. Köşkə yaxınlaşanda satıcının mənim başımın üstündən arxa tərəfə, maşını saxladığım əraziyə baxdığını gördüm. Sanki birdən ağlıma gəldi ki, mənim maşınımı evakuator aparacaq və dərhal arxaya baxanda həqiqətən də düz düşündüyümün şahidi oldum. Cəld avtomobilə tərəf qaçsam da artıq gec idi. Sanki evakuator və yol polisi pusquda durub mənim avtomobilimin orada dayanmasını və dərhal da oğurlamasını gözləyirmiş. Maşının yanına çatanda artıq avtomobilimin yarısından çox hissəsi evakuatorda idi. Maşını oğurlayana yaxınlaşıb ondan xahiş etdim ki, avtomobili geri qaytarsın. O isə kobud tərzdə üstümə qışqıraraq” Geri çəkil, sənlik deyil!” deyib avtomobili götürdü. Yol polis serjantına bir də xahiş etdim ki, saxla avtomobili söhbət edək ki, niyə mənim avtomobilimi oğurlayır.
Oğru serjant: “Hərə bir dil töküb maşınını alsa, bəs biz planı necə dolduraq?”
Yol polis serjantı yenə də qəzəblə qolumdan tutub məni öz maşınıma deyil, evakuatora oturmağımı tələb etdi: “Gəl, otur bura gedək görüm sən kimsən, burda maşın saxlayırsan, sənə kim icazə verib hələ bir məndən xahiş də edirsən? Maşını saxlamısan yanında dayan, hərə bir dil töküb maşınını alsa, bəs biz planı necə dolduraq? Gedək komandirin yanına, ona xahiş et, biz bura işimizi yerinə yetirməyə çıxmışıq, vəzifəm budur, mənə icazə veriblər, mən də aparıram. Başqa söz danışma, istəyirsən get cərimə meydançasına, istəmirsən düş, maşını aparım. Mənim çörəyimə dəymə, sənin kimi bekar adam deyiləm, iş başındayam, axşama plan verməliyəm”.
DYP Bakıda qadağan olunmamış yerdən də avtomobil oğurlayır
Yol polisinin belə hərəngayi hərəkət və davranışı artıq məni də xahiş etməkdən çəkinməyə məcbur etdi. Yol Polisindən tələb etdim ki, mənə avtomobili oğurlamağının səbəbini desin, əgər günahım varsa, gedim cəriməmi ödəyim maşınımı geri qaytarım. Bu sualım yol polisini çaşdırdı və o yenidən qəzəblənməyə başladı. Bildirdi ki, guya həmin ərazidə avtomobil saxlamaq olmaz. Avtomobili saxlamaq üçün paytaxtda avtomobil parklasrı var və yalnız həmin ərazidə avtomobil saxlamaq olar: “Burda maşın saxlamaq olmaz. Əgər maşın saxlamaq istəyirsənsə, get “Qış Bulvarı”nın altındakı avtoparkda saxla, pulunu ödə, maşına baxsınlar. Bir də ki mən maşını oğurlamıram, aparıram. Mənə rəisim bu icazəni verib, sən kimsən? Mən bu maşınları apardığıma görə maaş alıram, başqa yerdən faiz-zad gəlmir. Kimə istəyirsən şikayət elə. Onsuz da hara getsən, axırda mənim komandirimin yanına gələcəksən maşınını aparmağa. Orda səni necə lazımdı başa salarlar. Onda bilərsən maşın oğurlamaq nədi, dövlət qulluqçusunun üstünə şər atmaq nədi”.Yol polisindən soruşdum ki, mənə həmin ərazidə avtomobil saxlamağın qadağan olunması barədə nişanı mənə göstərsin. O isə məsələdən yayınmaq və məni susdurmaq üçün hədələrini yenidən başladı “Mənimlə qanunla-zadla danışma, deyirəm olmaz, vəssalam! Özün də çox “xod” getmə, çox oğlanlar “xod” gedib, amma komandirin qəbulunda olanda səslərini kəsib üzr istəyiblər. Cəriməni də çox sadə ödəyib maşını götürüblər. Sənə də məsləhətim odur ki, cavan oğlansan, 40-50 manat söhbəti eləmə, get, sakitcə komandirlə danış, maşını götür”.
11 avtomobil qaldı, mənim avtomobilim oğurlandı
Yol polisinə nə qədər israr etsəm də, mənə avtomobilimi oğurlamağının səbəbini açıqlamadı. Nə səbəbini deyir, nə də maşın saxlamağı qadağan edən yol nişanını göstərir. Yalnız onu deyir ki, burda maşın saxlamaq olmaz, vəssalam. Yol polisi bundan başqa özbaşınalığını heç nə ilə izah edə bilmədi. Sonda bu şəxsdən bir məsələyə də aydınlıq gətirməsini istədim. Soruşdum lap tutaq ki, mən qadağan olunmuş ərazidə maşın saxlamışam və günahkaram. Axı burda tək mənim avtomobilim dayanmayıb, ərazidə, daha doğrusu mənim avtomobilimin dayandığı yerdə 11 avtomobil dayanıb. Niyə məhz həmin avtomobillərin arasından yalnız mənim maşınım oğurlanır? Bu sual yol polisini daha da çaşdırdı. Əvvəlcə dedi ki, guya həmin avtomobillər qanunauyğun ərazidə maşın saxlayıblasr və qayda pozmayıblar. Bu sırada qanunsuzluğu guya bir mən etmişəm. Yol polisinin bu gülünc cavabı artıq mənim əsəblərimə toxundu və yol polisindən bu gülünc cavabını əsaslandırmağı tələb etdim. Necə yəni, həmin avtomobillər qanunauyğun yerdə saxlayıb, mən yox? Axı mənim də avtomobilim daxil olmaqla 12 avtomobilin hamısı eyni cərgədə, eyni vəziyyətdə dayanıb. Yol polisindən bunu tələb edəndə isə o vəziyyətdən çıxmaq üçün bir az da əsəbi vəziyyət almağa cəhd etdi və mənə” Deyəsən çox danışdın axı, avtomobili qanunsuz yerdə saxlamısan, vəssalam! Mən sənə oturub burda izahat verməyə borclu deyiləm” deyib evakuatora əyləşmək istəyəndə onun bu hərəkətinə mane olmaq məcburiyyətində qaldım.
Özbaşınalığın son həddi, polis serjantı DYP polkovnikini saymır
Əlacsız qalıb Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədova zəng vurdum. Maraqlısı odur ki, əvvəlcə həmin yol polis serjantı hətta o qədər özbaşınalığına arxayın idi ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin polkovnikini də eşitmək istəmədi. Vaqif Əsədov həmişə olduğu kimi, bu dəfə də problemin yerində həll olunması üçün əlindən gələni etdi. Elə hadisədən məlumatlı olan kimi Vaqif Əsədov ilk olaraq həmin yol polisi serjantı ilə telefonla danışmaq istədi. Serjanta bildirdim ki, polkovnik Vaqif Əsədov sizinlə danışmaq istəyir. Serjant isə gözləmədiyim halda telefonu geri qaytarıb “Vaqif kimdi? Hərə bir nəfərə zəng vuracaq, biz işimizi görməyəcəyik? Mən Vaqifin işinə qarışmadığım kimi, o da mənim işimə qarışmamalıdır. Gəl, gedək cərimə meydançasında söhbət edək, başqa adamı niyə qarışdırırsan söhbətə, telefonu qapat, min maşına, vaxtım yoxdu” deyib evakuatora əyləşdi. Yol polisinin bu hərəkəti barədə Vaqif Əsədova məlumat verdim və serjantın polkovnikə rədd cavabı verdiyini bildirdim. Vaqif Əsədov belə olan halda məndən xahiş etdi ki, telefonu evakuatorun sürücüsünə verim və bildirim ki, Vaqif Əsədov onunla danışmaq istəyir. Cənab polkovnikin dediyi kimi edib telefonu evakuatorun sürücüsünə verdim. Polis serjantından fərqli olaraq sürücü məmnuniyyətlə, telefonu alıb Vaqif Əsədovla danışdı və bir kəlmə”baş üstə komandir, narahat olmayın” deyib telefonu mənə qaytardı və qəzəblə həmin serjanta “düş maşını qaytar yerinə çıxaq gedək” dedi. Yalnız bundan sonra yol polisi avtomobili evakuatordan endirib mənə təhvil verdi.
Nuşirəvan Səfərov yenidən barmaq silkələməlidirBəli, yol polisində iş o yerə çatıb ki, adı sıravi serjant idarənin şöbə müdiri, polkovnikin xahişini yerinə yetirmək istəmir. İş o yerə çatıb ki, artıq serjantlar polisin yüksək rütbəli zabitinin qarşısında belə “at oynatmaq” həddinə çatıb. Amma, inanıram ki, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki, cənab Nuşirəvan Səfərov ciddi araşdırmalar aparacaq, yol polisinin evakuator xidmətində çalışan və özbaşınalıqları sərhəd tanlmayan polis serjantları barədə ciddi ölçü götürəcək. Necə ki, ötən il “OLAYLAR” qəzetində həmin evakuator xidmətinin mən də daxil olmaqla bir qrup jurnalistə qarşı özbaşınalığı ilə bağlı ciddi tədbir gördü və günahkar şəxslər cəzalandırıldı. Ümid edirəm ki, Nuşirəvan müəllim bu dəfə də həmin addımı atacaq. /// olaylar qəzeti