Bakıda bəy toy günü ağılagəlməz halla üzləşib. Ağdam rayon sakini Rüfət Əhmədov toya hazırlıq üçün saç ustasında olduğu vaxt həbs edilib.Səbail rayon Polis İdarəsindən qafqazinfo-ya verilən məlumata görə, iyunun 22-də Bakıdakı şadlıq saraylarından birində toy məclisi olacaq Rüfət Əhmədovu toy karvanı gözləsə də, gəlib çıxmayıb. Valideynləri onu saç ustasından gəlməsini xeyli gözləsə də, bəy öz toyuna gəlməyib. Toy karvanı məclisə bəysiz gedib və gəlin məclisdə tək oturub.Uzun sürən axtarışlardan sonar Rüfətin həbs olunması xəbəri yayılıb. Məlum olub ki, R.Əhmədov bərbərdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq maşınını radara düşdüyü üçün polisə getməli olduğunu deyib. Lakin yolda qoluna qandal taxaraq Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirib. Orada ona bir neçə maşından oğurluq etməkdə şübhəli bilindiyi deyilib.İstintaq müəyyən edib ki, R.Əhmədov və onun dostu Qalib Kərimov mayın 28-də Lermantov küçəsində Abşeron rayon sakini Etibar Mehralıyevə məxsus “Toyota-Prado” markalı avtomobilin şüşəsini sındırmaq yolu ilə içərisində 470 manat olan əl çantası, iyunun 1-də Cəfərov qardaşları küçəsində Bakı şəhər sakini Anar Yusifzadəyə məxsus “Hyundai markalı avtomobildən eyni üsulla içərsində 370 manat, şəxsiyyət vəsiqəsi, mobil telefon, bankomat kartları olan əl çantası, iyunun 17-də Neftçilər prospektində Sumqayıt şəhər sakini Elnarə Şahsuddinovaya məxsus “Nissan” markalı avtomobildən içərisində 370 manat, mobil telefon və şəxsi sənədələr olan əl çantası oğurlayıb. Səbail RPİ 9-cu polis bölməsi elə həmin gün Qalib Kərimovu da həbs edib.