Binəqədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxsin kimliyi məlum olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat verib.
O bildirib ki, "Hyundai" markalı avtomobilin yol kənarında dayanan sərnişin avtobusuna çırpılması nəticəsində bir nəfər həyatını itirib:
"Mirqafar Natiq oğlu Süleymanov idarə etdiyi 77-QE-239 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil ilə yolun kənarında dayanmış sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində sürücü - Mirqafar Natiq oğlu Süleymanov vəfat edib. Faktla bağlı araşdırma aparılır".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 30-da saat 09:20-də Binəqədi rayonu, 6-cı Mikrorayon, Svetlana Məmmədova küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar çağırış daxil olub. Hadisə yerində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.