15:05 Bazar Günü, 16 Iyun 2019
SOSİAL

Bakıda evindən oğurluq edən bacısı oğlunu bağışladı: Xəstə atasına görə

23:13, 17.02.20193199
Bakıda evindən oğurluq edən bacısı oğlunu bağışladı: Xəstə atasına görə
Bir neçə evdən oğurluq edən iki nəfərlik dəstə hakim qarşısına çıxarılıb. Onlardan biri öz qohumlarının da evindən oğurluq edibmiş.

AZXEBER.COM musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Axundov və Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkmiş Rahib Nəzərov ifadəsində bildirib ki, həbs edilənlərdən biri- Elnur Axundov bacısının oğludur.

Nəzərov evindən 3 min manat dəyərində oğurluq edildiyini deyib. Bildirib ki, dəymiş zərərdən 700 manata qədəri ödənilib.

Hakimin "şikayət və tələbiniz varmı" sualına cavab verən Rahib Nəzərov bildirib ki, sadəcə bacısının oğlunu tanıyır və bu işin də onun tərəfindən edildiyini güman edir:

"Digərini tanımıram. Bu Elnur virusdur. O, ailəsinə və ətrafına ancaq zərər vurur. Mən onu xəstə atasına görə bağışlayıram. Mənə ziyan dəyib, onu da tələb eləmirəm"- deyə zərərçəkmiş şəxs bildirib.

Məhkəmədə olan zərərçəkmişlər deyib ki, edilən cinayətləri Elnur planlaşdırıb. Onların sözlərinə görə Elnur qohumlarının və qəsəbədə tanıdığı şəxslərin evinə oğurluğa girmək planını qurub.

Məhkəmədən söz istəyən Elnur Axundov əməlindən peşman olduğunu deyib. O, ittihamda yazılan bəzi məqamlarla da razılaşmadığını söyləyib. Qeyd edib ki, oğurluğa girdiyi evlərdə heç kimə qarşı zor tətbiq etməyib, heç kimi döyməyib və əllərini bağlamayıblar.

O, əməlinə düzgün qiymət verilməsini məhkəmədən xahiş edib.


 
Məhkəmə iclası davam edir.

Qeyd edək ki, E.Axundov və R.Ağayev ötən il martın 7-də Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanııblar. E.Axundovun əvvəllər də məhkum olunduğu üzə çıxıb.

Məlumata görə, həmin şəxslər Ceyranbatan qəsəbəsi Nərimanov küçəsində gecə saat 01 radələrində 36 yaşlı Könül Sahibovanın yaşadığı evə üzlərinə maska geyinərək basqın ediblər. Qadının evdə tək olmasından istifadə edən hər iki şəxs ikinci mərtəbənin pəncərəsindən mənzilə daxil olub və ona hücum ediblər.

Onlar zor tətbiq etməklə K.Sahibovanın əl və ayaqlarını bağlayıb, həmçinin ağzına yapışqanlı lent yapışdırıblar.

Bıçaqla hədə-qorxu gələn, pul və qızıl tələb edən həmin şəxslər mənzildən 50 manat və dəyəri 300 manat olan qızıl sırğaları götürərək qaçıblar.

Araşdırma zamanı E.Axundov və R.Ağayevin martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərdikləri də məlum olub.

Hər iki dost həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Həşimovaya bıçaqla hədə-qorxu gəliblər. Onlar bıçaqla qadın və qıza müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Araşdırmalar zamanı məlum olub ki, hər iki şəxs müxtəlif vaxtlarda ayrı-ayrı oğurluq əməlləri də törədiblər.
XƏBƏR LENTİ