Bakıda əxlaqsızlıq yuvası işlədən müğənni həbs edilə bilər

KRİMİNAL
13:21 16.10.2014
7756

"New Life” çay evində əxlaqsızlıq yuvasının təşkil edilməsi ilə bağlı xəbər yayıldıqdan sonra müğənni Elçin Hüseynov medianın diqqətinə gəldi. Binəqədi rayonu ərazisindəki çay evində bu cür qanunsuz fəaliyyətin aşkarlandığına dair ilk məlumatı Daxili İşlər Nazirliyi yaymışdı. Əvvəlcə müğənni E.Hüseynov ona böhtan atıldığını, çay evinin ona məxsus olmadığını bildirsə də, sonradan bu obyektə sahibliyini etiraf etdi. DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev rəsmən açıqlama verdi ki, İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində “New Life” çay evində əxlaqsızlıq yuvası aşkarlanıb: 

“Şikayətçilər həmin kafedə əxlaqsız adamların toplandığını bildiriblər. Onların dediyi fakt da öz təsdiqini tapıb. İdarənin əməkdaşları əməliyyat keçirib. Bununla əlaqədar də Cinayət işi başlanıb. Hazırda istintaq gedir”.  Bu, DİN-in rəsmi mövqeyidir. İstintaqın gedişi, məsuliyyətə kimin cəlb edilməsinə dair isə ətraflı məlumat verilmir. Bu arada müğənninin dostlarının E.Hüseynova dəstək üçün həmin çay evinə yığışması, hətta, mətbuatla görüşlərin orada keçirilməsi bəllidir. E.Hüseynov böhtanla üzləşdiyini, müğənni dostları ona dəstək vermək üçün yanında olduqlarını bildirirlər. Məlumata görə, müğənninin ətrafına dərhal dostlarının yığışması da təsadüfi deyil. DİN-in Baş İdarəsinin əməliyyatının davam etməsi və ya istintaq orqanının hərəkətlərinə qarşı qabaqlayıcı tədbir görülüb. Musiqiçi dostlarının bu dəstəyi olmasaydı, E.Hüseynovun özünə qarşı da müəyyən tədbirlər gözlənilən olub.

Bəs E.Hüseynovun özünün həbs olunma ehtimalı nə dərəcədə realdır? Belə vəziyyətdə, yəni, sahibi olduğu obyektdə əxlaqsızlıq yuvası aşkarlanan şəxsə qarşı hansı cəzalar tətbiq olunur? Sualı Analitik.az-a şərh edən hüquqşünas Xəyal Feyzullayev bildirib ki, obyektin sahibinin həbs olunub-olunmaması istintaq orqanının araşdırmasından və gələcəyi nəticədən asılıdır. Cinayət Məcəlləsinin 244-ci maddəsində «Əxlaqsızlıq yuvaları saxlama» cinayət əməlinin məzmunu və bu əmələ görə nəzərdə tutulmuş cəza göstərilir: «Qanuna görə, əxlaqsız yuvalar saxlama dedikdə, belə yuvaların fəaliyyət göstərməsini təmin etməyə yönəldilmiş fəaliyyət başa düşülür. Şəxs, mənzilin və ya qeyri-yaşayış sahəsinin mülkiyətçisi, sahibidir deyə, əxlaqsız faəliyyətin təşkili ilə bağlı birbaşa məsuliyyət daşımır. Lakin işin hallarından asılı olaraq, mülkiyyətçi, sahib və ya obyektin fəaliyyətini hər hansı formada təşkil edən, bu fəaliyyətdə iştirak edən şəxs CM-in 244-cü maddəsinin təsiri altına düşə bilər. Obyektin mülkiyyətçisi və ya kirayəçisi CM-in 244-cü maddəsi ilə o halda məsuliyyətə cəlb edilə bilər ki, bu şəxs ona məxsus sahədən əxlaqsız məqsədlər üçün istifadə edilməsinə şərait yaradır, yaxud ən azı bu məqsədlə istifadə edildiyini bilir və ya belə istifadə ediləcəyini bilə-bilə onu icarəyə verir. Bu hallar nəzərə alınaraq, istintaq orqanı məsələyə qiymət verə bilər. Əgər müğənni E.Hüseynovun obyektində hər hansı qanunsuz fəaliyyəti təmin etməsi, deyildiyi kimi, əxlaqsızlıq yuvası kimi istifadə edildiyini bilməsi və s. yuxarıda sadalanan hallar müəyyən olunarsa, onun CM-in 244-cü maddəsi ilə ittiham edilməsinə əsas yarana bilər. Ancaq, E.Hüseynovun bu məsələdə məlumatsız olması sübuta yetirilərsə, o, cinayət məsuliyyəti daşımır. Hər şey istintaq orqanının araşdırmasının nəticəsindən asılıdır».

Hüquqşünas onu da bildirdi ki, CM-in 244-cü maddəsində nəzərdə tutulan əməl – əxlaqsızlıq yuvaları saxlama- sübuta yetirilərsə, 3 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməl təkrar, bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

OXŞAR XƏBƏRLƏR