Bakıda Hindistan vətəndaşını xüsusi amansızlıqla qətlə yetirən şəxs həbs edilib
Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Pakistan vətəndaşı Ali Abid ötən gecə Abşeron rayonu ərazisində saxlanılıb. O, Abşeron kəndlərinin birində gizlənibmiş. Hazırda Ali Abidin ifadəsi alınır.
Qeyd edək ki, martın 9-u Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində həyət evində yaşayan Hindistan vətəndaşı, 1971-ci il təvəllüdlü Binnud Khumar Çadrin xüsusi amansızlıqla qətlə yetirilib. Belə ki, həmin ünvana gələn mərhumun qeyri rəsmi münasibətlərdə olduğu qadın qapının bağlı olmasından və əri ilə əlaqə saxlaya bilməməsindən narahat olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə zəng edib. Bundan sonra həmin ünvana gələn FHN-in əməkdaşları qapını qıraraq içəri daxil olublar. Bu zaman çarpayının altında Hindistan vətəndaşının meyiti tapılıb. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində isə onun əl-qolunun bağlanaraq döyülüb öldürülməsi və meyitin elektrik cərəyanına verilməsi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.