Bakıda kirayə evlərin qiyməti bahalaşıb - Tələbələr ev tapa bilmir

SOSİAL
14:20 30.08.2022
1946
Son günlər kirayə mənzil bazarında kəskin qiymət artımı müşahidə olunur. Qiymətlərin əvvəlki aylarla müqayisədə xeyli yüksək olması kirayə mənzil axtaranlara çətinliklər yaradıb. Əvvəllər metro stansiyalarına və ya mərkəzə yaxın ərazilərdə mənzil axtaranlar indi qiymətlərin yüksək olması səbəbilə mərkəzdən uzaq ərazilərə də üz tuturlar.

Bəs, kirayə mənzillərin qiymətinin artması nə ilə əlaqədardır? Hansı ərazilərdə qiymətlər daha yüksəkdir?

Əmlakçı Mülkədar Rüstəmov AZXEBER.COM-a açıqlamasında kirayə mənzil bazarındakı son vəziyyətlə bağlı məlumat verib.
 


O, qeyd edib ki, bu cür vəziyyətin müşahidə olunmasına əsas səbəb pandemiyadır:

"Pandemiyadan öncə tələbələrin qaldığı evlərin əksəriyyəti demək olar ki, şəhərin mərkəzi küçələrində, mikrorayonlarda idi. Pandemiya başlayandan sonra dərslər dayandırıldığı üçün isə tələbələr evləri qoyub rayonlara gedəsi oldular. Onların çıxdığı evlərə isə ailələr yerləşdirildi. Ötən il dərs ili başlayanda həmin o tələbələr təkrar Bakıya qayıtmalı oldu, amma qayıtdıqda evsiz qaldılar. Əksəriyyəti hostellərdə, hotellərdə, gündəlik evlərdə və s. qaldılar. Buna görə də, son bir ildə kirayə böhranı yaranıb. Əsas səbəb isə pandemiyadır”.

Əmlakçı qeyd edib ki, şəhərin hər yerində qiymət artımları müşahidə olunur:

"Qiymət artımı hazırda şəhərin hər bir yerində - mərkəzdən tutmuş, mikrorayonlara qədər, Xətai rayonundan tutmuş, Binəqədi, Yasamal, Səbail rayonlarına qədər kirayə mənzil qiymətlərində artım var. Təxmini, 15-20 faiz artımlar müşahidə olunur. Məsələn, 350 manata verdiyimiz iki otaq artıq 400-450 manat civarındadır. Bu gedişat onu göstərir ki, yaxın iki il də bu cür davam edəcək. Günü bu gün də kirayə mənzillərə kifayət qədər tələbat var. Bizdə bir həftəyə 30-32 nəfər yazıldı, əksəriyyəti də tələbədir. Yəni, hazırda kirayəyə tələbat həddən artıqdır. Mənzil tapıb verə də bilmirik. Nəzərə alsaq ki, gələn ay dərs ili də başlayır, sentyabr ayında bu sahədə vəziyyət daha çətin olacaq”.

M.Rüstəmov həmçinin bildirib ki, hazırki vaxtda kirayədən çox mənzil almağa daha çox üstünlük verilir:

"İndi belə bir hal müşahidə edirik, artıq bir çoxları kirayə mənzildə qalmaq yerinə ev almağa daha çox üstünlük verirlər. Məsələn, rayondan gəlib 3-4 il qalacaq tələbəyə kiçik də olsa, bir ev almağa çalışırlar ki, kirayədə qalmaqdan daha rahat olsun”.
 
Aydın Nuri
 


 


OXŞAR XƏBƏRLƏR