Bundan sonra Rəşid çoxdandır Eminin arvadından xoşu gəldiyini bildirib və ondan Aytacın mobil nömrəsini istəyib. Rəşidin sözləri pis təsir etdiyindən, ona danışığına fikir verməsini, qadının onun nəvəsi yaşında olduğunu deyib:
"Mətbəx bıçağını götürən Qasımov üzərimə gələndə, cəld, sol əlimlə sağ biləyindən tutub, sağ əlimlə ondan kəsici aləti aldım. Qarnına vurduğum xəsarətlərin təsirindən Rəşid arxası üstə yerə yıxıldı. Bundan sonra neçə bıçaq vurmağımdan xəbəri olmadı. Əlimdə bıçaqla Eminin yaşadığı evə getdim, qapını döyəndə qapını Aytac açdı. Üst-başımın və əlimdəki bıçağın qanlı olduğunu görən qadına ev sahibini öldürdüyümü dedim. Emini yuxudan oyatdım. Dedim ki, arvadının telefon nömrəsini istədiyinə görə Rəşidi qətlə yetirdim. Qapıdan çıxanda qohumuna gedib Qasımova baxmasını söylədim. Yolla piyada gedərkən, çörək sexinin yanında bıçağı atdım. Sabunçu qəsəbəsindən taksi ilə "Koroğlu" metrostansiyasına, metro ilə avtovağzala, ordan da digər taksi ilə Bərdə rayonuna, babamın evinə getdim. İyunun 6-ı saat 13 radələrində atam orada gəlib, polis əməkdaşlarının məni axtardıqlarını dedi".
Şahid Emin Babaşlı ifadəsində göstərib ki, dayısı oğlu Coşqun gecə saat 1 radələrində onu yuxudan oyatdıqda əlində qanlı bıçaq görüb, mətbəxdə arvadının yüksək səslə ağlamasını eşidib:
"Nə baş verdiyini soruşanda, qohumum dedi ki, mətbəxdə oturub yeyib-içərkən, Rəşid Aytacdan xoşu gəldiyini söyləyərək, onun mobil nömrəsini istəyib. Həmin sözlərindən sonra Coşqun əsəbi halda evin həyətində bıçaqla xəsarətlər yetirərək, Rəşidi öldürdüyünü bildirib. Coşqun gedəndən sonra, küçəyə çıxıb Rəşidin evinin qapısını açdım ki, onun sözlərinin doğru olub-olmadığını öyrənim. Artıq qonşular səsə oyanmışdı, təcili tibbi yardıma və polisə məlumat verilmişdi. Baş verənlərdən qorxduğum üçün kirayə qaldığım evdən getmək qərarına gəldim. Ailəsi ilə birlikdə evdən çıxıb gedədə, mənə yaxınlaşan polis əməkdaşlarına hadisə barədə bildiklərimi danışdım".
Emin Babaşlı qeyd edib ki, Aytaca qarşı Rəşidin hər hansı əxlaqsız hərəkətini görməyib.
Şahid Suğra Qasımova ifadəsində göstərib ki, həyat yoldaşı Rəşid Qasımov təxminən 25 ildən artıq müddət ərzində Rusiya Müdafiə Nazirliyinin hərbi hissəsində xidmət edib. Bir neçə il əvvəl ordudan tərxis olunub. Təqaüdçü olub:
"2019-cu il iyunun 6-da ərimin qətlə yetirilməsindən xəbərim olmayıb. Həmin gün mənə baldızım zəng edərək Rəşidin öldürülməsi barədə məlumat verdi. Hadisə yerinə gələndə yoldaşımın meyiti həyətdə idi. Rəşidin pula görə öldürüldüyünü ehtimal edirəm. Amma əlimdə konkret fakt və sübut yoxdur".
Şahid Rəşad Hüseynov bildirib ki, Rəşid Qasımov onun kirayədə yaşadığı evin mülkiyyətçisi olub. Ondan başqa qonşuluqda daha 2 kirayənişini yaşayıb:
"İyunun 5-i saat 20 radələrində işdən evə gələndə qonşum Emin Babaşlının həyətindən uca səslər eşitdim. Səsdən Rəşidgilin yeyib-içdiyini hiss etdim. Ev sahibinə salam verdikdə, Rəşid məni yanlarına çağırdı, mən isə hasarın bu tərəfindən işdən gəldiyimi və dincəlmək istədiyimi dedim. Saat 1 radələrində qonşumun evindən gələn səsə oyandım. Küçəyə çıxanda, Rəşidin həyət qapısının açıq olduğunu görüb, ora yaxınlaşdım. Görüb ki, qonşum üzü üstə yerdə uzanıb və ətrafı qandır. Dərhal mobil telefonumdan Təcili Tibbi Yardıma zəng edərək, məlumat verdim".
Polis əməkdaşları gələnədək, Rəşidin evindən mələfə gətirib, onu yerə sərib, meyiti arxası üstə çeviriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1996-cı il təvəllüdlü Coşqun Babaşov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.