Bakıda qəzaya düşən helikopterdəki hərbiçilərin adları bəlli oldu – SİYAHI - FOTOLAR

Bakıda qəzaya düşən helikopterdəki hərbiçilərin adları bəlli oldu –  SİYAHI - FOTOLAR
14:16 11.02.2013
3615

Bakıda hərbi helikopter dənizə düşüb. Bu barədə Trend-ə hərbi mənbələrdən məlumat verilib.

Məlumata görə, helikopter "Şıxov" çimərliyi istiqamətində dənizə düşüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerindədir.

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Qaradağ rayon Polis İdarəsindən Trend-ə hərbi helikopterin qəzaya uğraması faktını təsdiqləyiblər.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım maşını gedib. Onlara saat 10:43-də çağırış daxil olub.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə yerində xilasetmə işlərinə bir hərbi və FHN-ə məxsus 2 helikopter, o cümlədən xilasedici qayıqlar cəlb olunub.

Helikopter sahildən 250-300 metr aralıda dənizə düşüb. Hələlik helikopterin dumana düşərək qəzaya uğradığı ehtimal olunur. Əraziyə yaxın şahidlərin Trend-in hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, helikopter dənizə düşərkən partlayış baş verib. Hazırda xilasetmə işlərinə 2 gəmi və 2 qayıq cəlb olunub.

Təsdiqini tapmamış məlumata görə, qəzaya uğramış helikopterdə 3 nəfər olub.

Müdafiə Nazirliyindən Trend-ə daxil olan məlumata görə, bu gün saat 10:30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb. Hazırda xilasetmə tədbirləri həyata keçirilir. Qəza ilə əlaqədar əlavə məlumat veriləcək.

Hərbi mənbədən Trend-ə bildiriblər ki, Müdafiə Nazirliyinə məxsus "Mİ-17" markalı helikopterdə 3 nəfər olub. Artıq bir meyit tapılıb, ikisinin isə axtarışı davam etdirilib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bir nəfərin öldüyü barədə məlumatı təsdiqləyiblər.

Hərbi mənbədən Trend-ə bildiriblər ki, Xəzər dənizinə düşən "Mİ-17" markalı helikopterdə 3 nəfər olub. Bunlar Yaşar Əhmədov, Bəhruz Zeynalov və Rüstəm Rüstəmovdur.

OXŞAR XƏBƏRLƏR