Bakıda sakinlərini aldadan yalançı endirim dükanları

MARAQLI
14:12 29.08.2011
3357
Paytaxtda havalar soyuyan kimi, geyim dükanları endirimlər etməyə başlayıb. Dükanlarda endirimlərin 30-50, hətta 70 faiz civarında olduğu bildirilir. Satıcılar bildirirlər ki, endirimlərdə məqsəd satılmayan yay geyimlərini əhaliyə nisbətən ucuz qiymətə təklif etməkdir: “İstəyirik ki, bu mallar gələn ilə qalmasın”.Dükanlar yay kolleksiyalarına endirim etməklə bərabər, yeni kolleksiyalarını da satışa çıxarıblar. Dükanlarda qiymətlərlə maraqlandıqda isə maraqlı məqamlarla rastlaşdıq. Məlum oldu ki, əksər dükanlar 70 faizə qədər endirim təklif etsələr də, əslində endirimlər 20 faizi aşmır. Əksər malların qiymətlərində isə cəmi 10 faizlik ucuzlaşma var. Bunlar isə yay donları, əsasən yay üçün nəzərdə tutulan köynək və şalvarlardır. Dükanlardakı satıcılar qiymət ucuzlaşmasının böyük olduğunu desələr də, paltarların üstündəki qiymətlər bu fərqin yüksək olmadığını göstərir. Məsələn, 24 manatlıq qısaqol könyəklər 16 manatadır. 15 manatlıq yubkalar 12 manata, 54 manatlıq şalvarlar isə 44 manata satılır. Bəzi dükanlarda 3-7 manata qısaqol futbolkalar satılır. Əksər alıcılar isə uzuclaşmadan razı qalmadıqlarını bildirirlər: “Yazıblar ki, 50 faiz endirim etmişik. Ancaq qiymətlərdə cəmi 15 faiz fərq var. O da indi lazım olmayan geyimlərdə. Əksər köynək və şalvarlar cəmi 5 faiz ucuzlaşıb. Soruşanda deyirlər ki, maldan asılı olaraq qiymət endirimi edilib”. Alıcıların sözlərinə görə, endirimli malların arasında normal geyim tapmaq mümkün deyil: “Səhərdən üç dükan gəzmişəm. Cəmi iki köynək tapıb almışam. Satılmayıb qalan mallar olduqca keyfiyyətsizdir, istədiyin ölçünü tapmaq da problemdir”.Yeni kolleksiyalara gəldikdə isə, payız gəlmədən, kolleksiyalar dükanları bəzəməkdədir. Havaların bir qədər qoyuması da dükanlara üz tutanların sayını artırıb. Satıcılar da deyirlər ki, dükana gələnlər əsasən payız geyimləri almaq istəyənlərdir: “Bu geyimlərə isə endirim tətbiq olunmur”. Satıcıların sözlərinə görə, mövsüm vaxtı malların satış qiyməti ilə mövsüm bitdikdən sonra olan qiymət arasında o qədər də böyük fərq olmur: “Mallara bir neçə dəfə endirim edirik. Ya yeni mal gələndə, ya da malın geyinilməsi vaxtı keçəndə. Amma bütün hallarda endirimlər yüksək olmur”.Qiymətlə maraqlandığımız dükanlarda köynəklər 20 manatdan başlayır. Məktəblə bağlı dükanlarda satılan ağ köynəklər isə 19 manata satılır. Yubkaların da ən ucuzu 20-25 manatdır. Dükanlarda 35-45 manata da yubkalar satılır. Mövsümü ötmüş yubkalar 10-15 manatadır. Köynəklər əsasən 25-35 manata təklif edilir. Şalvarlar isə 35 manatdan başlayıb 44 manata qədər bahalaşır. Dükanlarda 54-60 manatlıq şalvarlar da var. Pencəklərin ən ucuzu 55 manatdır. Payız üçün nəzərdə tutulan koftalar isə 16-17 manatdan başlayan qiymətlərlə təklif edilir. dükanlarda 22-34 manata da koftalar satılır. Jaketlər 19-27 manata qısaqol jaketlər isə 21 manatadır. Yeni kolleksiyada təqdim olunan nazik kurtkaların qiyməti 29 manatdan başlayır. Dükanlarda 29-39, 55-64 manata da kurtkalar satılmaqdadır. Satıcılar tezliklə kolleksiyanın yenilənəcəyini və çeşidlərin artacağını da bildirirlər: “Bu il soyuqlar qəflətən düşdü. O səbəbdən kolleksiyanı tez satışa çıxarmalı olduq. Bu səbəbdən çeşid azdır. Tezliklə yeni çeşidlər gələcək”. Ancaq satıcılar qiymətlərin yaxın vaxtlarda ucuzlaşmayacağını, əksinə bir qədər də bahalaşma olacağını bildirdilər. Onların sözlərinə görə, yay geyimlərinə o qədər də böyük endirim edilməməsi də yenidən istilərin düşəcəyinə olan ümidlə bağlıdır. Yəni havalar yenidən istiləşsə, dükanlar olan-qalan mallarını da indiki qiymətə sata biləcəklər. Əksinə olsa isə, tezliklə yay mallarına daha böyük endirimlər edilməsi gözlənilir.

OXŞAR XƏBƏRLƏR