Xalası oğlunu öldürən, arvadına isə ağır xəsarət yetirən Müşfiq hakim qarşısına çıxarılıb. Gənc ailədə sosial şəbəkəyə görə başlayan mübahisə ölümlə nəticələnib.
AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini qətlə yetirib, onun bacısına isə ağır xəsarət yetirməkdə təqsirləndirilən Müşfiq Ələsovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Müşfiq Ələsov xanımı Zülfiyyə Ələsova ilə mübahisə edib. Mübahisəyə səbəb Müşfiqin xanımına sosial şəbəkədə yazılan şərh olub. Müşfiq buna görə yoldaşına qəzəblənib. Mübahisədən sonra Zülfiyyə övladlarını da götürərək anasının yanına gedib. Müşfiq ailəsini geri qaytarmaq üçün onların arxasınca yollanıb. Orada da mübahisə etməyə başlayan cütlük arasına Zülfiyyənin qardaşı İbrahim keçib. Müşfiq əvvəlcə Zülfiyyəyə iki bıçaq zərbəsi endirib. Daha sonra isə İbrahimə zərbələr vurub.
İbrahim aldığı xəsarətlərdən dünyasını dəyişib. Zülfiyyə isə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Məhkəmədə mərhumla təqsirləndirilən şəxsin xalaoğlu olduğu məlum olub. Törətdiyi əmələ görə peşman olduğunu deyən Müşfiq bildirib ki, İbrahimi vurmaq istəməyib. İfadə vermək istəmədiyini deyən Müşfiq qeyd edib ki, hadisə izahatında neçə yazılıbsa, elə də baş verib.
O, əlavə heç nə danışmaq istəmədiyini deyib. O, İbrahimi vurmasını özünü müdafiə kimi qiymətləndirib.
Məhkəmədə mərhumun anası hüquqi varis kimi ifadə verib. Mərhumun anası göz yaşlarını saxlaya bilməyib və ifadə vermək istəməyib: "Polisdə nə demişəmsə elədir. Əlavə nəsə danışmaq istəmirəm. Mənim üçün çox çətindir. Bu da bacımın balasıdır. Mən ana kimi övlad dərdi çəkirəm. Bacımın balası olduğu üçün mən onu bağışladım. Məhkəmənin ədalətli qərar çıxaracağına inanıram. Hadisə vaxtı çölə çıxanda artıq uşaqlarımın ikisi də yerdə idi. Bir az kənarda olan Müşfiq məni görüb qaçdı. Yəqin ki, utandığından qaçdı".
Zərərçəkmiş Zülfiyyə Ələsova da məhkəmədə ifadə verib. O, da geniş ifadə vermək istəmədiyini deyib və qısa olaraq əlavə edib ki, Müşfiqi qardaşını vurduğu üçün heç vaxt bağışlamayacaq: "Məni vurduğu üçün onu bağışlayıram, amma qardaşıma görə heç vaxt. Şikayətim də yoxdur".
Mərhumun atası da məhkəmədən söz istəyib. O, təqsirləndirilən şəxsə üzünü tutaraq danışıb və göz yaşlarını saxlaya bilməyib: "Hörmətli hakim, mən bunları demək istəyirəm ki, Müşfiq eşitsin. Mən onu bağışlayıram, amma ömür boyu bu vicdan əzabı onunla birlikdə olacaq. O, bu əzabla necə yaşayacaq? Mən onun balalarını saxlayırdı, onlara baxırdım. Amma o mənim balamı məndən aldı".
Prosesin davamında məhkəmə istinyaqının başa çatdıöı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Hadisə bu il paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində baş verib. Belə ki, 23 yaşlı İsmayılov İbrahim Etibar oğlu qaynı M.Ələsov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törədən şəxs daha sonra bacısı, 1991-ci il təvəllüdlü Ələsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qadının həyatını xilas etmək mümkün olub. M.Ələsov polis tərəfindən saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb