Bakının Xəzər rayonunda baş vermiş yol qəzasının yeni təfərrüatları məlum olub.
Ötən gecə Bakı şəhər sakini Kamal Nəzərov Xəzər rayonu ərazisində, Qala yolunda idarə etdiyi “Renault” markalı maşınla yolu keçən piyada, 1958-ci il təvəllüdlü Mübadə Məmmədovanı vurub. Piyada hadisə yerindəcə keçinib.
K. Nəzərov daha sonra idarəetməni itirərək avtomobili qarşıdan gələn “İveco” markalı avtobusa çırpıb. Nəticədə “Renault”da olan sərnişin, 1971-ci il təvəllüdlü Şəfayət Cəfərov aldığı xəsarətdən dünyasını dəyişib.
K. Nəzərov özü xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
APA.az