Yay mövsümünün gəlişi və havaların isinməsi çimərliklərə üz tutanların sayını artırıb. Bu da öz növbəsində, özəl çimərliklərdə qiymətlərin qalxmasına təkan verib. Əvvəlki illərlə müqayisədə qiymət artımı nəzərəçarpan şəkildə hiss edilir. Ancaq qiymət artımı Bakıdakı özəl çimərliklərdə insan qatlığına səbəb olmur, əksinə ildən ilə çimərliklərə üz tutan insanların sayı daha da artır.
Məsələn, ötən ilə qədər Nardaranda yerləşən "Sea Breeze"də qiymətlər həftə içi 20, həftəsonu isə 30 manata bərabər idi. Bu il isə həmin çimərliyə girişin qiyməti 50 manata bərabər olduğu deyilir. Həmçinin, əlavə 20 manat da depozit verilməlidir.
Bilgəh qəsəbəsində yerləşən "Amburan" çimərlik mərkəzində də analoji hal müşahidə edilir. Belə ki, çimərliyə giriş 5 il əvvəl həftəiçi 16-20 manat aralığında dəyişirdi. Həftəsonu isə 25 manat müəyyənləşdirilmişdi. İndi müştərilərdən həftəiçi 25, həftəsonu 35 manat ödəniş tələb olunur. "Amburan"da bu il qiymət artımı müşahidə olunmayıb.
Ancaq iyunun 15-dən digər özəl çimərliklərdə də qiymətlərin 5,10,15 manat artacağı istisna edilmir.
Bəs qiymətlərin ilbəil yüksəlməsi nə ilə əlaqədardır?
Turizm eksperti Rəhman Quliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, qiymət artımı tələbat və xərclərin artması ilə bağlıdır:
"Qiymət artımının səbəblərindən biri kimi, həmin müəssisələrdə personal sayının çoxluğunu qeyd etmək olar. Qeyri-sezon vaxtlarında bir iaşə müəssisəsinin ştat cədvəli 10 nəfərdirsə, yay mövsümündə bu 20-ə qalxır. Müəssisə müştəri bazasına daha yaxşı xidmət göstərmək üçün işçi sayını, servis xidmətini artırır. Həmçinin, işıqlandırma, qaz, su - bir sözlə, bütün kommunallar daha çox xərc aparır. Təbii ki, bunlar hər biri ödənişlərin artmasına şərait yaradır. Bunun yeganə çıxış yolu odur ki, şimaldan cənuba qədər uzanan böyük çimərlik zolağı sahibkarlara uzunmüddətli perspektivdə icarəyə verilsin. Eyni zamanda, investora dəstək olunmalıdır ki, həmin sahibkar da bu bölgələri, çimərlik zonasını abadlaşdırsın. Beləliklə, həm yerli, həm də əcnəbi turistlər bundan faydalana bilsin. Bu da Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək”.
İqtisadçı Xalid Kərimli isə AZXEBER.COM-a açıqlamasında sahibkarların başqa bir hədəfinin olduğuna diqqət çəkib:
"Özəl çimərliklərdə sahibkarlar öz hovuzlarına qiymət biçirlər. Bu səbəbdən, yüksək ödəniş tələb etməklə, daha məhdud sayda müştərini cəlb etməyi qarşıya məqsəd qoya bilərlər. Yəni, fikirləşə bilərlər ki, hamı girsin deyə qiyməti ucuz təyin etməkdənsə, az adam üçün yüksək məbləğ təklif edim. Bu yolla sahibkarlar hədəflədiyi qazancı, hətta bir az da artığını əldə edə bilirlər. Bununla yanaşı, "Sea Breeze”də rezidentlər də var və onların sıxlıqdan narazı qalmaması üçün bu addım məqsədəuyğun sayıla bilər. Ümumilikdə, özəl çimərliklər markalarını tanıdıblar, indi də premium məhsula çevrilmək arzusundadırlar. Yəni, sahibkarlar girişi məhdudlaşdıraraq, çimərliklərini bahalı obyektə çevirmək istəyirlər”.
Qeyd edək ki, bir neçə gün öncə Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərdə monitorinqlər keçirilib. Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb. Eyni zamanda Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.
Xəzər dənizində çimmək insanların səhhəti üçün təhlükəsizdirmi?
Bu suala ekoloq Rövşən Abbasov AZXEBER.COM-a açıqlamasında belə cavab verib:
"Xəzər sahilləri dünyanın ən qədim neft mərkəzidir. Burada 200 il ərzində heç bir ekoloji normaya əməl etmədən neft çıxarılmış və ona görə də, Xəzər dənizi çirklənmişdir. Bu gün Abşeron yarımadasında yerləşən evlərin 60 faizə qədərinin çirkab suları birbaşa Xəzər dənizinə axır. Ona görə də, hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən belə bir elan verilir ki, harada çimmək olar, harada olmaz. Vətəndaşlar bu xəbərdarlıqlara mütləq bir şəkildə əməl etməlidirlər. Çünki Xəzərdə elə çimərliklər var ki, orada çimmək məqbul deyil. Xüsusilə, Novxanı, Şıxov çimərlikləri bura nümunədir. Mən vətəndaşlarımıza məsləhət görərdim ki, daha çox ictimai çimərliklərdən istifadə etsinlər. Çünki ictimai çimərliklər elə yerlərdə salınıb ki, orda suyun birbaşa çirklənməsi baş vermir. Belə ərazilərdə su nisbətən təmizdir”.
Məryəm İbrahimova
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.