Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərarı bu gündən qüvvəyə minib. Nazirlər Kabinetinin iyunun 25-də təsdiq etdiyi "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq.
Bakıda insanların ən çox əziyyət çəkdiyi problemlərdən biri də qanunsuz parklanmadır. Belə ki, avtomobillərin qanunsuz parklanması davam edir. Parklanma yerlərində kimliyi bəlli olmayan şəxslər vətəndaşlardan pul tələb edirlər.
Bəs yığılan bu pullar hara gedir?
Milli Məclisin deputatı Fəzail Ağamalı AZXEBER.COM-a açıqlamasında bildirib ki, yığılan pullar dövlətin büdcəsinə deyil, kimlərinsə cibinə gedir:
"Parklanma yerlərinin tənzimlənməsi ilə bağlı son vaxtlar qanunvericilik səviyyəsində ciddi addımlar atılıb. Ancaq xüsusi olaraq marketlərin, böyük ticarət mərkəzlərinin qarşısında qanunsuz parklanma həyata keçirilir. Sarı jilet geyinib, əllərinə aldıqları tənzimləyici çubuqdan istifadə etməklə maşınların yerini, harda dayanmalı olduqlarını göstərirlər. Pul alırlar, ancaq heç çek də vermirlər. Böyük ticarət mərkəzlərində bu problem ciddi olaraq önə çıxır. Bununla bağlı ciddi addımlar atmaq, tənzimləmək lazımdır. Yığılan pullar dövlətin büdcəsinə getməlidir, kimlərinsə cibinə yox”.
Mövzu ilə bağlı nəqliyyat eksperti Fərhad Eyyubov AZXEBER.COM-a açıqlamasında Bakıda parklanma probleminin gərgin məsələ olaraq qaldığı söyləyib:
"Bakıda nəqliyyat vasitələri o qədər çoxdur ki, bunların hamısı hərəkət etsə, daimi tıxac olar. Nəqliyyat vasitələrinin müəyyən müddətlərdə parklanma yerlərində dayanması yollarda nisbətən tıxacı azaldır. Ancaq xüsusən ikizolaqlı bir istiqamətli yerlərdə hərəkətə çox maneəçilik törədir.
Şəhərin mərkəzində, Nərimanov və Nəsimi rayonunda iki tərəfli yolların bir istiqamətinə parkinq yeri ayrılır.
Bakıda yollar elə dardır ki, onları yanlız hərəkət istiqaməti üçün istifadə etmək mümkündür. Parklanma üçün əlavə yerlər, xüsusi zirzəmilər, qarajlar bir neçə meydanlar olmalıdır.
Heç bir pasportlaşdırma, ümümi araşdırma aparılmadan parklanma yerlərini hərəkət yerlərinə nizamlayıblar. Bununla da hesab edirlər ki, nəqliyyat yerlərində parkinq üçün şərait yaratmış olurlar. Əksinə bu hərəkətə maneə törədir”.
Fərhad Eyyubov qeyd edib ki, parklanma qeyri-qanuni hesab olunmasın deyə yollarda müəyyən sxemlər qoyublar ki, bura parklanma yeridir:
"Hərəkət hissəsində parklanmanı üçzolaqlı yollarda hərəkətə maneə törətmirsə, təmin etmək olar. Nizamlamaqdan ötür isə göstəriciləri dəqiqləşdirmək lazımdır.
Yoxsa hərəkət istiqamətində parklanmanı müəyyən insanların orda dayanıb, pul qazanması xatirinə etmək olmaz.
Parklanma məsələsinə düzgün yanaşmağı məsləhət görərdim. Bakı şəhərində parkinq xatirinə hərəkət hissələrini daraltmaq yollarda tıxacın yaranmasına səbəb olur”.
Şəbnəm Zahir