Bakının “it bazarı”da - 4000 manatlıq tutuquşu və 1 manatlıq balıq

SOSİAL
15:28 02.05.2016
2308
Bura gərək peşəkar və heyvan bilicisi olan adamla gələsən. Yoxsa adi heyvanları, xüsusən də itləri cins it adı ilə sizə “sırıyacaqlar”.
Bunu bizə reportaj hazırlamaq üçün getdiyimiz və daha çox “it bazarı” adı altında tanınan “Təzə bazar”ın bu hissəsində işləyən satıcılar deyir. Onlar buranın daimi işçiləri olsalar da, heyvanlarını satmaq üçün həftə sonu bazara üz tutan paytaxt sakinləri, heyvan alverçiləri də var. Əslində, həmişə ilin bu vaxtı heyvan bazarında canlanma olsa da, satıcılar bu mövsümdə alverin olmadığını deyirlər. Alıcı olmasa da, bazarda heyvan səsləri, quşların cikkiltisi, küçüklərin hürüşməsindən qulaq tutulurdu.
Bazarda ən çox satılan quşlar və balıqlardır. Alıcılar daha çox ucuz, qiyməti təxminən 10-15 manat olan tutuquşu növlərinə üstünlük verirlər. Satıcı Nazimin sözlərinə görə, itləri satışa yalnız sifariş olduqda gətirir. Ən çox satdığı heyvanlar isə quşlardan sonra kirpi və tısbağalardır. Bağ evində ilanların qarşısını almaq üçün alınan kirpinin biri 15 manat, tısbağa isə 10 manatdır.
Satdığı heyvanlara sağlamlıqla bağlı sənəd vermədiyini deyən Nazimin sözlərinə görə, alıcılara aldıqları heyvanları dərhal həkim müayinəsindən keçirmələri tövsiyə olunur:
“Heyvan satarkən birinci tövsiyə edirik ki, həkimə aparın. Bəzən aparıb yaxşı baxmırlar, bala itin başına min hoqqa açırlar. Soyuq suda çimizdirib tullayırlar bayıra. Sonra gətirirlər ki, xəstə iti satmısınız. Ona görə də, tövsiyə edirik ki, alan kimi aparın həkimə, yoxladın”.
Bazarda itlərin qiyməti 100 manatdan başlayır. Lakin satıcılar müştərinin istəyi ilə 30-50 manata da xüsusi cins sayılmayan itləri gətirə bilərlər.
Bazarda cins heyvan olduğunu göstərən sənədli heyvanlarla yanaşı, sənədsizləri də olur, amma onlar bir qədər ucuz satılır. Burada kiçik ovçarkanın qiyməti 100-150 manatdan başlayır. İtin zəif və ya sağlam olması da qiymətinə təsir edir.
Bazarda əksər satıcıların candərdi alver etdikləri üzlərindən oxunurdu. Əslində, heyvanlar həssas olduqlarından onlar özlərinə qarşı sevgini də, nifrəti də hər şeydən yaxşı hiss edirlər. Amma burada həm öz işini, həm də heyvanları sevən bir neçə satıcı tapdığıma sevindim. Məsələn, Röya kimi. Heyvanlara o qədər qayğı və mehribanlıqla yanaşırdı ki, heyvanlar da onu tanıyır, başqalarından fərqləndirirdilər.
Özünün də it saxladığını deyən satıcının bildirdiyinə görə, bir itin bir aylıq xərci orta hesabla təxminən 100 manatdır.
“Kiçik itlərin saxlanması təxminən 50-80 manata başa gəlir. İldə bir dəfə peyvənd olunmalıdırlar. Amma azı ayda bir dəfə həkimə aparıb müayinə etdirmək lazımdır. Kiçik itə 20-30 manatlıq yemək bir ay bəs edir. Amma böyük itlərin yeməkləri daha bahadır və əlavə olaraq sümük, müxtəlif vitaminlər verilməlidir. Onların şampunu, darağı, dərmanları və digər xərclərini də nəzərə alsaq, bu rəqəm 100 manatı aşır”.
Satıcının sözlərinə görə, mağazaya indiyə qədər gətirilən ən bahalı heyvan Ara tutuquşusu olub. Qiyməti 4000 manat olan bu tutuquşu az öncə satılıb. Ən ucuz quş isə biri 10 manat olan adi tutuquşudur.
“Tutuquşuların qiyməti həm də onun növünün az tapılan və ya yayılmış olması ilə bağlıdır. Danışıq öyrədilə bilən “Korella” tutuquşusunun ən ucuzları 50 manatdır. Qiymət həm də quşun neçə söz öyrənməsindən asılıdır. Nadir növ sayılan və nəsli kəsilmək üzrə olan albinos “Korella”ların biri 100 manatdır. Bunların gözləri qırmızı, özü isə ağ rəngdə olur. Məhəbbət tutuquşusunun biri isə 60 manatdır. Digər tutuquşulardan fərqli olaraq, onları tək saxlamaq olmaz. Quşun başındakı qırmızı naxış digər quşla yanbayan dayandıqda ürək formasını alır. Bu quşu digər quşdan ayırdıqda ölür. Bunlar sevgi quşu da adlanır. Məhəbbət quşlarının həm də çox gözəl səsləri var”.
Bazarda dağ siçanları və dəniz donuzlarının da öz alıcıları var. Dəniz donuzunun qiyməti 30 manat, adi dağ siçanının biri isə 6-10 manatdır. Satıcıların sözlərinə görə, heyvanın növündən başqa, alıcılar rənginə də fikir verirlər. Məsələn, dağ siçanının ağ növü qonura nisbətən daha bahadır.
Burada hər hansı heyvan satılanda, satıcılar onun satıldığına əmin olmurlar. Çünki bir çox hallarda alıcılar aldıqları heyvanları bu və ya digər səbəblərdən geri qaytarırlar. Məsələn, satıcı Röya xanım bizə geri qaytarılmış bir neçə belə heyvanı göstərdi:
“Bu dağsiçanını alıcı qaytarıb. Bizdən iki həftə əvvəl bir qadın almışdı. Alanda dedi ki, 7 yaşlı oğlunun çox istədiyinə görə alır. Amma bir həftədən sonra gətirdi ki, uşaq daha istəmir. Elə-belə, götürün qalsın sizdə. Biz də götürüb saxlayırıq”.
Hazırda bazarda ən bahalı quş 800 manatlıq Jako tutuquşusudur. “Rozella” cinsindən olan tutuquşuların cütü isə 400 manatdır.
Bura üz tutan alıcıların əksəriyyəti it həvəskarlarıdır. 12 ildir satıcı işləyən Əhməd Ələkbərovun virtualaz.org-a bildirdiyinə görə, ən bahalı itin - Şpitsin qiyməti 2000 manatdır.
“Hansı heyvanın sifətinə xoş baxırsan, sənə öyrəşir. Evə girən kimi gəlib səni axtarır. Bu heyvanlarla məşğul olanda hər şeyi unudursan. 12 ildir bu işlə məşğulam, Novxanıda Pikines, Şpits, Taksa, Layka və digər it növləri saxlayıram. Burada alıcıların ən çox tələb etdikləri ovçarka və çoban itidir. Bazarda itlərin orta qiyməti 300 manatdır. Bu qiymətə kiçik Xaski, ovçarka və ya taksa tapa bilərsiniz. Yapon akitası isə bir qədər bahadır - 1000 manat”.
Dovşan balalarının birinin qiyməti 4-10 manat arasında dəyişir. Böyük dovşanlar isə 20 manatadır. İngilis pişiklərinin biri 300 manatdır. Bundan başqa, bazarda dələ, göyərçin və digər dekorativ heyvan növlərinə də rast gəldik. Satıcılar alıcıların olmamasından, alıcılar isə qiymətin baha olmasından şikayətlənirlər. Alıcıların şikayətləndiyi bir məqam da heyvanların sağlamlıqları ilə bağlı hər hansı sənədin olmamasıdır. İt almaq üçün gələn Roza Məmmədovanın sözlərinə görə, bazara etibar etmədiyindən, aldığı heyvanları özü həkimə yoxladır:
“Sağlamlıqları ilə bağlı kağız yoxdur, bu çox pisdir. Düzdür, deyirlər sağlamdır, amma mən bura etibar etmirəm, özüm həkimə göstərirəm. Evdə iki tutuquşu, dağ siçanı var. İndi də it almaq istəyirəm. Hər dəfə həkimə göstərmək baha başa gəlir. Bir dəfə dağsiçanının qolu yaralanmışdı, onu özüm internetdən topladığım məlumatlar əsasında müalicə etdim. Nəticəsi də oldu”, - R. Məmmədova belə dedi.
Bazarda heyvanları yaxşı şəraitdə saxlayanlarla yanaşı, 5-6-sı bir darısqal qəfəsə qoyulub üz-gözündən yalvarış tökülən heyvanlar da var idi. Hətta bəzilərinin soyuqdan titrədikləri də hiss olunurdu. Bu heyvanların satıcıları işlərini bildiklərindən, müsahibə verməkdən imtina etdilər. Bəziləri isə ümumiyyətlə, heyvanları çəkməyimizə imkan vermədilər. Görünür, it günündə yaşamaq da elə bu imiş... Əslində, heyvan da canlıdır, onun da yaşamağa haqqı var. Bütün satıcılara bazar arzuladıq, xüsusən də heyvanları it günündə saxlayıb bizə müsahibə verməkdən imtina edən satıcılara. Bəlkə, onda bu heyvanlar bir gün görə bilərlər.
Virtualaz.org

OXŞAR XƏBƏRLƏR