Bakının mərkəzində evakuator sürücüsündən özbaşınalıq –VİDEO

SOSİAL
13:25 03.06.2016
2566
İstər Bakıda, istərsə də ölkənin ayrı-ayrı bölgələrində Dövlət Yol Polisinə məxsus avtomobillərin kobud qayda pozuntusuna yol verdiyinin şahidi olmuşuq. Əsasən də əks istiqamətdə hərəkət etməklə qarşıdan gələn avtomobillər üçün ciddi təhlükə törədirlər. Xüsusilə də evakuatorlar. Durma-dayanma qaydasını pozan avtomobilləri sahibi gəlmədən ərazidən uzaqlaşdırmaq üçün maksimum çeviklik göstərən evakuatorlar hər cür qayda pozuntusuna yol verirlər. Əks istiqamətdə hərəkət etmək isə çox adi hala çevrilib.
AZXEBER.COM baku.ws-ə istinadən bildirir ki, bu gün səhər saatlarında Bakının Nizami küçəsində Dövlət Yol Polisinə məxsus evakuator durma-dayanma qaydasını pozmuş 90 PC 761 dövlət nömrə nişanlı Changan markalı avtomobili ərazidən götürərkən kobud qayda pozuntusuna yol verib. Respublika Baş Prokurorluğunun yanında əks istiqamətdə hərəkət etməklə qarşıdan gələn avtomobillər üçün təhlükə törədib.
Eyni zamanda hərəkət zamanı sayrışan işıqlardan istifadə etməyən evakuatorun dövlət nömrə nişanı da yararsız vəziyyətdə olub.
Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sayta bildirib ki, DYP-yə məxsus avtomobil lüsumsuz olaraq qayda pozuntusuna yol verə bilməz. Belə vəziyyət vətəndaşlar arasında toxunulmazlıq anlayışı yarada bilər ki, buna yol vermək olmaz. Amma DYP-yə məxsus evaukator iş başındadırsa, həmin avtomobilin əks istiqamətdə hərəkət etməsinə görə, sürücünü inzibati məsuliyyətə cəlb etmək olmur. Amma sayrışan işıqları yandırmamaqla təhlükəsizlik qaydaları pozulub. O cümlədən, avtomobilin dövlət nömrə nişanının yararsız vəziyyətdə olmasına görə də ölçü götürüləcək.

OXŞAR XƏBƏRLƏR