"Lakin təəssüf ki, qiymətlər məsələsində bu marşrut üzrə də xoşagələn vəziyyət müşahidə olunmur".
AZXEBER.COM xəbər verir ki, Azərbaycan İnternet Fondunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında Bakı–Qazax marşrutu üzrə sərnişin qatarı biletlərinin qiymətləri ilə bağlı paylaşım edib.
Ekspert bildirib ki, bu marşrut üzrə biletlərin qiymətləri 19 manatdan 125 manata qədər dəyişir:
"Bakı–Qazax marşrutu üzrə sərnişin qatarına biletlər
19 manatdan 125 manata qədər dəyişir.
ADY iyunun 15-dən etibarən Bakı–Qazax–Bakı istiqamətində sərnişindaşımanı bərpa
edib.
Bu, mövcud Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların
marşrutunun Qazax stansiyasına qədər uzadılması ilə reallaşdırılıb.
Xatırladım ki, pandemiya dövründə dayandırılan bu marşrut təxminən 6 ildir işləmirdi.
Osman Gündüz
Əvvəllər 8 saata qət edilən bu məsafəni hazırda Stadler qatarı 5 saat 36 dəqiqəyə
gedir.
Uzun müddət fəaliyyətsiz qalan marşrutun yenidən işə salınması, Ağstafa–Qazax yolunun və dəmir yolu infrastrukturunun bərpası, eləcə də Qazax Dəmir Yol Stansiyasının binasının yenidən qurulması istiqamətində ADY-nin atdığı addımlar təqdirəlayiqdir.
Lakin təəssüf ki, qiymətlər məsələsində bu marşrut üzrə də xoşagələn vəziyyət müşahidə olunmur. Bakı–Balakən marşrutunda olduğu kimi, burada da qiymətlər kifayət qədər yüksəkdir.”
Rəsmi məlumata əsasən, Bakı–Qazax–Bakı marşrutu üzrə bir istiqamətdə bilet qiymətləri aşağıdakı kimidir:
- Standart: 19.9 AZN
- Standart Plus: 26.1 AZN
- Biznes: 43.9 AZN
- Birinci klass: 124.4 AZN
Ekspertin toxunduğu bu məsələ fonunda maraqlıdır: Bəs, Avropada şəhərlərarası qatar biletlərinin qiymətləri necə tənzimlənir?
Məsələn, hazırda Macarıstanın paytaxtı Budapeştdən Avstriyanın paytaxtı Vyana şəhərinə qatarla səyahət etmək istəyən sərnişinlər üçün biletlər aşağıdakı qiymətlərdə təklif olunur:
- 2-ci sinif: təxminən 13 €‑dən (25.55 AZN) başlayır
- 1-ci sinif: 29 €‑dən (57 AZN) başlayır
Bu qiymətlər erkən (təxminən 90 gün əvvəl) alındıqda keçərlidir və məhdud saydadır. Biletlər satış mərhələlərinə əsasən ümumilikdə 19–39 € (təxminən 38–78 AZN) aralığında dəyişə bilər.
Alternativ olaraq, RegioJet şirkəti ilə səyahət edən sərnişinlər üçün isə qiymətlər daha əlverişlidir:
- Low cost: 9 € (18 AZN)
- Standard: 11.90 € (23.39 AZN)
- Relax: 13.90 € (27.32 AZN)
- Business: 15.90 € (31.25 AZN)
Əlavə olaraq qeyd edək ki, bu qiymətlər iki fərqli ölkə (Macarıstan və Avstriya) arasında tətbiq olunur və əksər hallarda səyahət gününə yaxın da ciddi dəyişmir.