Balaca Ayanın atasına yeni il məktubu - HEKAYƏ

Balaca Ayanın atasına yeni il məktubu - HEKAYƏ
KÖŞƏ
02:13 01.01.2012
2794

Sənan ƏLLƏZ

Balaca Ayanın atasına yeni il məktubu.

Salam Ata.Necəsən? Bax sənə özüm yazıram e məktubu. Xəttim pisdi hə? Amma axı mən hələ birinci sinifəm. Bu gün dekabrın 31-di. Ata tətildi məktəb yoxdu. Ona görə də səhər bir az gec durdum. Bu gün hamı evdə idi. Baba, nənə, anam və mən. Bircə sən yox idin. Deyəsən, bu ili də sənsiz qarşılayacam. Deyəsən yox e ata bilirəm ki, sən bu yeni il axşamı da evdə olmayacaqsan. Ata səndən ötrü çox darıxmışam. Bütün günü hamıdan səni soruşuram. Ana deyir ki, o vaxt gələcək ata bizimlə bir yerdə olacaq. Nənə isə deyir ki, atan bizimlə olmasa da bizi çox istəyir. Baba da deyir ki, bu atanın günahı deyil ki, bizimlə bir yerdə olmur. Bir də ki, bu atanın borcudu. Atacan mən bütün bunları indi çox yaxşı başa düşürəm. Amma yenə də sənin mənim yanımda olmağını istəyirəm. Bu gün qonşumuzda uşaqların hamısı ataları ilə bayram gəzintisə çıxdılar. Ataları onlara yeni il hədiyyəsi almışdı. Mən nə gəzinti, nə də hədiyyə istəyirəm. Mən sənin bizim yanımızda olmağını istəyirəm. Sənin özün mənim üçün hədiyyəsən atacan. Hər il şaxta babaya məktub yazırdım ki, səni mənə hədiyyə etsin. Hər il gözləyirdim etmirdi. Artıq ona inanmıram. Hamının arzusunu yerinə yetirir bircə mənim arzumdan başqa. Artıq məktubu sənə yazacam. Ata sən mənə Qarabağı hədiyyə et. Əgər Qarabağ qayıtsa, sən də hər yeni ildə mənim yanımda olacaqsan. Axı sən hərbiçisən. Nə qədər ki, torpağımız işğal altındadır sən bir zabit kimi yeni ildə əsgərlərin yanında olmalısan çünki hər an atəşkəs pozula bilər. Ata yanındakı əsgərlər yeni il bayramını şəhərdəki insanlar kimi qeyd etmirlər. Onlar səninlə bərabər əllərində silah vətəni qoruyurlar. Onlarında bayramını təbrik et. Özünü qoru ata, özünü qoru ki, Qarabağı da, özünü də mənə hədiyyə edə bilərsən. Səni öpürəm. Qızın Ayan.
OXŞAR XƏBƏRLƏR