“Bank Respublika” və EIB Global kredit sazişi imzaladı

“Bank Respublika” və EIB Global kredit sazişi imzaladı
İQTİSADİYYAT
13:28 19.03.2026
240

"Bank Respublika” və Avropa İnvestisiya Bankının (EIB) Avropa İttifaqından kənar layihələri maliyyələşdirən bölməsi olan EIB Global Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsinə yönəlmiş növbəti kredit müqaviləsini imzalayıblar.

"Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsaitlər ölkənin bütün regionlarında fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirəcək.

Qeyd edək ki, bu əməliyyat üzrə valyuta riski Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilən hedc mexanizmi vasitəsilə idarə olunacaq.

Avropa İnvestisiya Bankının Şərq tərəfdaşlığı regionu üzrə əməliyyatlara rəhbərlik edən vitse-prezidenti Karl Nehammer bildirib: "Kiçik və orta sahibkarlıq Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edir. "Bank Respublika” ilə uğurlu tərəfdaşlığımız sayəsində EIB yerli biznesin inkişafı, yeni iş yerlərinin yaradılması və innovasiyaların tətbiqi üçün zəruri maliyyəyə çıxışını təmin edir. Xüsusilə milli valyutada maliyyələşmə biznesin dayanıqlığını artırır və ölkənin özəl sektorunun güclənməsinə töhfə verir”.

Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kujundžić qeyd edib: "Daha dərin və dayanıqlı maliyyə bazarlarının inkişafı Azərbaycanın iqtisadi transformasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Bank tərəfindən tətbiq edilən milli valyutada valyuta riskinin hedc mexanizmi banklara riskləri daha effektiv idarə etməyə və manatla kreditləşməni genişləndirməyə imkan verən mühüm yenilikdir. Bu kimi təşəbbüslər və EIB kimi institutlarla tərəfdaşlıq özəl sektorun inkişafı üçün daha əlverişli mühit yaradır”.

"Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib: "EIB Global-ın "Bank Respublika”nı Azərbaycanda əsas tərəfdaşlardan biri kimi qiymətləndirərək bizə göstərdiyi etimadı yüksək dəyərləndiririk. Xüsusi olaraq, Mərkəzi Bankın bazar ehtiyaclarına müasir, çevik və proaktiv yanaşmasını qeyd etmək istərdim. Valyuta riskinin hedc mexanizminin tətbiqi beynəlxalq maliyyələşmə imkanlarını genişləndirəcək və biznesin milli valyutada kreditləşdirilməsinə əlavə təkan verəcək.”

Daha ətraflı məlumat üçün: 

Veb sayt: www.bankrespublika.az

Sosial şəbəkələr:  "Facebook”, "Instagram”, "LinkedIn”, "Telegram” 

Çağrı Mərkəzi: 144

OXŞAR XƏBƏRLƏR