""Barselona"nın futbolçusuna Azərbaycan xalçası hədiyyə etdim, o isə cavabında ..." - MÜSAHİBƏ

""Barselona"nın futbolçusuna Azərbaycan xalçası hədiyyə etdim, o isə cavabında ..." - MÜSAHİBƏ
TOP4
13:29 15.08.2019
5539
İspaniyanın "Barselona" klubunun dünyanın bir çox ölkəsində rəsmi fan-klubu fəaliyyət göstərir. Azərbaycanda isə klubun rəsmi fan-klubu "Penya Barcelonista Baku"dur.
 
AZXEBER.COM-un müsahibi fan-klubun rəhbəri Orxan Əliyevdir. 

- "Barselona" klubunun Azərbaycan üzrə rəsmi fan-klubusuz. Bu ideya necə yarandı? Fan-klubunuz haqda məlumat verərdiz...
 
- Bəli, Azərbaycanda "Barselona"nın ilk və tək fan-klubuyuq. İdeya, əslində, feysbukda səhifəmiz yaranan gündən, yəni 2010—cu ildən var idi. 29 noyabr 2010-cu ildə, məhz "Barelona"nın yaranma günündə sosial şəbəkədə "Barsa" azarkeşləri üçün bir platforma yaratdım, lakin o zaman fan-klubun yaradılması uzun bürokratik proses tələb edirdi və öhdəsindən gəlmək mənə çox çətin gəlirdi. Səhifə böyüdükcə, onu tək idarə etmək çətinləşirdi və idarəçiliydə yeni üzvlərə ehtiyac yarandı. O zaman, bəlkə də, fan-klub tarixinin ən uğurlu "transferini" etdim. Səhifədən Vüsal Ağalarovu səhifə adminliyinə dəvət etdim. Onu əvvəl şəxsən tanımırdım, sadəcə, səhifədə olan yazılarını və şərhlərini bəyənib bu addımı atdım. Vüsaldan sonra səhifəmiz böyüməyə davam etdi və elə onunla birgə artıq fan-klub məsələsini daha aktiv müzakirə etməyə başladıq. Daha sonra səhifəmizə müxtəlif zamanlarda Kamal, Zaur, Türkər, Ayxan, Vahid və Əkbər kimi istedadlı uşaqlar qoşuldu. Artıq həm gücləndiyimiz, həm də şəbəkə kimi bir qədər təcrübə yığdığımız və idarəçilik bölgüsü yaratdığımıza görə, fan-klub üçün Vüsalla birlikdə lazım olan rəsmi proseslərən keçməyə vaxt ayıra bildik. Birgə səylərimiz sayəsində bizim azarkeş birliyimiz ilk dəfə 2015-ci ildə Azərbaycan Ədliyyə Nazirliyində "Penya Barcelonista Baku" ictimai birliyi olaraq qeydiyyatdan keçdi. Daha sonra uzun və çətin bir prosesdən sonra "Barselona" klubu tərəfindən də rəsmi statusu 2017-ci ildə ala bildik. Bu, bizim illər ərzində gördüyümüz işin məntiqli sonluğu və artıq yeni çağırışların başlanğıcı idi. Artıq illər öncə xəyal etdiyimiz və məqsəd qoyduğumuz dəyərə çatdıq - ölkədə ilk dəfə "Barsa" fanları üçün həm dövlət, həm də "Barselona" səviyyəsində fan-klubu yaratdıq.
 

 

- Neçə ildir "Barselona" fanatısız? Bu sevgi hardan yarandı?

- Tam olaraq özümü "Barselona" azarkeşi adlandırmağa 1998-ci ildən başlamışam. Əslində, hər şey "Ayaks"dan başlamışdı. O ərəfələrdə gürcü futbolçu Şota Arvaladze "Ayaks"da oynayırdı və məhz buna görə atamla "Ayaks"ın oyunlarını izləyirdik. "Barsa" və "Ayaks"ın münasibətləri tarix boyu yaxşı olub. Həmin dövrlərdə "Ayaks"ın bir çox oyunçusu "Barsa"ya transfer oldu, mən də onlarla birlikdə "Barsa"ya keçdim. 
 
- "Barselona” klubunun rəhbərliyi ilə görüşmüsüz. Onların Azərbaycana münasibəti necədir?

- Bəli, bir sıra "Barsa" rəsmiləri ilə görüşmüşük, bu yaxınlarda "Barsa" fan-klublarının yubiley 40-cı Konqresində və Assambleyasında bizim fan-klub da ilk dəfə iştirak etdi. Həmin tədbirlərə fan-klubdan Vüsal qatılmışdı. O, tədbirlərdə bir çox klub nümayəndələri, əfsanəvi oyunçuları, həmçinin fan-klublar federasiyası və konfederasiyasının idarəçilərindən başqa, "Barselona"nın prezidenti Xosep Mari Martomeu ilə də görüşdü və Azərbaycanda rəsmi və aktiv fan-klubun olduğunu bildirdi. Ümumiyyətlə, "Barselona"nın və kluba aid digər qurumların Azərbaycana münasibətləri çox xoşdur. Onlar inana bilmirdilər ki, Azərbaycanda bu qədər ciddi təşkilatlanmış azarkeş birliyi mövcuddur. Bizi daima dəstəkləyirlər, çox gənc fan-klub olmağımıza baxmayaraq, digər fan-klublara nümunə kimi misal çəkirlər. Bartameuya üzərində fan-klubumuzun simvolları əks etdirilən süvenirlər və fan-klub şərfimizi hədiyyə etmişik, öz növbəsində prezident də bizə fəaliyyətimizdə uğurlar arzulayıb.
 

 

- İvan Rakitiçlə yaxın münasibətiniz var. Ona Azərbaycan xalçası da hədiyyə etmisiz. Bu haqda bir az danışardız...

- Bir sıra azarkeşlər mənimlə razılaşmasa belə, İvan Rakitiç "Barsa"da ən uğurlu çıxış etmiş transferlərdən biridir. Şəxsən onun oyununu çox bəyənirəm və məhz elə bu səbəbdən onunla görüşmək çox istəyirdim. İşimlə bağlı olaraq artıq dörd ildir ki, Monteneqroda yaşayıram və burada elə alındı ki, "Atletiko Madrid"də çıxış edən Saviçin agenti ilə tanış oldum. O isə məni İvanın agenti ilə tanış etdi və görüş təşkil etməyə söz verdi. Əslində, biz İvanla Madriddə "El-klasiko" öncəsi görüşməli idik, lakin həmin ərəfədə iki "el-klasiko" ard-arda olduğundan və birincisindən "Barsa" qalib ayrıldığına görə, 2-ci "klasiko"da təhlükəsizlik tədbirləri iki dəfə artılmışdı və İvandan asılı olmayan səbəblərdən, təhlükəsizlik işçiləri bizim görüşümüzə imkan vermədilər. İvanla telefonla danışa bildim, üzrxahlıq etdi və stadionda oyunu izləmək üçün mənə və mənimlə Madridə gələn dostuma bilet hədiyyə etdiyini bildirdi. Belə də oldu və həmin oyunu biz "Santiyaqo Bernabeu"da canlı izlədik. Bu, fan-klubu təmsil edərək bizim "el-klasiko"da ilk təcrübəmiz oldu. Məhz Raktiçin qolu ilə "Barsa" 0-1 hesabı ilə qalib gəldi! Oyundan sonra növbəti dəfə İvanla telefonla danışa bildim, onu qoluna və qələbəyə görə təbrik etdim, o öz növbəsində məni növbəti oyuna Xorvatiya-Azərbaycan oyununa dəvət etdi. Böyük məmnuniyyətlə bu dəvəti qəbul etdim və Zaqrebə səfər etdim. Oyundan sonra İvanla iki dəfə görüşə bildim. Ona Azərbaycan xalçasını hədiyyə verdim. O isə video vasitəsi ilə ölkəmizdəki "Barsa" fanatlarını salamladı və fanklubumuz üçün "Barsa" formasını imzaladı. Azərbaycandan birinin onun dilində danışdığına görə heyrətləndiyini bildirdi. Ümumiyyətlə, çox xoş bir atmosferdə görüşümüz keçdi. İşim, həyatım və ümümiyyətlə, Azərbaycan haqqında bir çox suallar verdi. İvan çox sadə və alicənab oğlandır. Onunla tezliklə yenidən Monteneqroda və ya Bakıda Azərbaycan-Xorvatiya oyununda görüşmək haqqında razılığa gəlmişik. Ümid edirəm, o daha uzun illərdə "Barsa"da çıxış edər.
 

 

- Hazırda fan-klubunuzun nə qədər üzvü var? Fanatlar fan-kluba üzv olmaqla hansı üstünlüklər qazanır?

- Hazırda fan-klubumuzun 188 rəsmi üzvü var, bu azarkeşlərin "Barselona"dan göndərilən və fan-klubumuza aid olan xüsusi üzvlük kartları var. Bu say get gedə artmaqdadır, artıq 70-dən çox azarkeş fan-klubumuza üzv olmaq üçün müraciət edib. Tezliklə onlar üçün da kartları çatdıracağıq. Fan-kluba üzv olmağın bir sıra üstünlükləri var. Kartların sahibləri həm ölkə daxilində bir çox yerlərə, məsələn, pablara, idman dükanlarına, təhsil kurslarına və s. yerlərə, həm də Barselonaya səfər etdikdə "Barsa" oyunlarına biletlərə, muzeyə, klubun digər idman komplekslərindəki oyunlara, rəsmi dükanda endirimlər və güzəştlər əldə edə bilərlər. Bu məqam üzərində çox çalışırıq ki, fan-klub üzvlərimiz bu üzvlükdən maksimum yararlansınlar. Bu məqsədlə də bir çox tərəflərlə əməkdaşlıq barədə danışıqlar aparırıq və birlikdə fəaliyyət göstəririk. Məqsədimiz azarkeşlərimizi razı salmaq və azarkeşlikdən əlavə fan-klubumuzu digər fan-klublardan fərqləndirmək və inkişaf etdirməkdir.
 

 

- Nə vaxtsa "Barselona"nın ulduzlarından kimisə Bakıya dəvət etmək fikriniz var?

- Bəli, belə bir fikrimiz var. Artıq "Barsa" ulduzlarından bəziləri müxtəlif tədbirlərdə Bakıda olublar. Bizim də bu istiqamətdə fəaliyyətimiz davam edir. Bütün detalları açmaq istəməzdim, amma irəlidə böyük bir layihəmiz var, onun üzərində çalışırıq. Həyata keçirə bilsək, Bakıya "Barsa" rəsmilərindən başqa, klubun ulduzlarını dəvət etmək haqda düşünürük.
 

 

- İspaniya La-liqası və ÇL başlayır. Sizcə "Barsa" bu il hansı nəticəni göstərəcək?

- "Barsa" daima çıxış etdiyi bütün turnirlərdə qalib gəlməyə çalışır. Bu il də istisna olmayacaq. Komandanın güclü heyəti var. Hər şey yolunda getsə, bu il klubumuzdan "triplet" gözleyirik.

OXŞAR XƏBƏRLƏR