"Bu gündən Təhsil Nazirliyi ilə əməkdaşlığımıza xitam veririk!”
AZXEBER.COM xəbər verir ki, bu sözləri Sonxeber.az saytının baş redaktoru Mirvari Nəcəf bəyan edib.
Xanım baş redaktor Təhsil Nazirliyinin media nümayəndələri ilə rəftarda ayrı-seçkilik etdiyi üçün belə bir mövqedən çıxış edib: "Naziri olmayan Təhsil Nazirliyi media nümayəndələri ilə rəftarda ayrı-seçkilik edir. Daha dəqiq vurğulasaq, misri qılıncını boynunun ardında hiss edən media orqanlarının nazı ilə daha çox oynayır, nəinki ona hörmətlə yanaşıb, daimi müsbət məqamlarını dərc edən media orqanları ilə. Nə edək işimizi gücümüzü ataq müdaxilə etmək səlahiyyətləriniz qırtlağınızda qalan ali təhsil müəssisələrində rüşvət olayınımı araşdıraq, məktəblərə imtahan yolu ilə təyin etdiyiniz "direktor”lardanmı yazaq, sizi saya salmayıb təyin etdiyiniz direktorları gözləmə zalında gözlədən icra hakimiyyətlərinin nazirliklə pul bölgüsündənmi yazaq, yoxsa nə edək? Sorğumuzun cavabını başqa saytlara göndərən məsuliyyətsiz Təhsil Nazirliyinin yaxşı ki, heç naziri də yoxdur. Olsaydı, bu quruma nazir təyin olunduğu üçün yəqin ki xəcalət çəkərdi. Hələ bir də mətbuatla işləyən "əməkdaşlarının” media nümayəndəsini "blok”a atması da var. Sanki təzə gəlindilər, yad nömrədən bunların "Whatsapp”ına mesaj gəlib. Bir sözlə, baş redaktoru olduğum Sonxeber.az saytının adından çıxış edərək bəyan edirəm ki, bu gündən #TəhsilNazirliyi ilə əməkdaşlığımıza xitam veririk!”