ƏLİF CAHANGİRLİ
“HƏR SƏHƏR” verilişinin aparıcısı
Sevdiyimiz insanların hər yalanında bir doğrunu axtararkən, sevmədiyimiz insanların hər doğrusunda bir yalan axtarırıq. Bu artıq bizim xislətimizə həkk olunub. 21 ildir ki həyat yaşayıram amma çox təəsüflər olsun ki bu illər ərzində məni də sevməyən tapıldı. Hər zaman insanlara böyük səmimiyyət və böyük hörmətlə yanaşmışam. Ona görə də “Bir insanı hamı sevə bilməz” fikri ilə yaşamamışam. Mənə elə gəlir ki, hər şey insanın öz əlindədir. Yaxşı deyiblər, “Necə salam verərsən elə də salam alarsan.”
Bu günə qədər necə ki öz doğmalarıma, işlədiyim kollektivdə iş yoldaşlarıma böyük hörmətlə yanaşdığım kimi, artıq bu gün bir aparıcı kimi tamaşaçılara öz peşəkarlığımı göstərməmişdən öncə səmimiyyətimi nümayiş etdirirəm. Və bu günün özündə də məni sevən auditoriya bir çox həmkarlarımdan fərqli olaraq məhz səmimiyyətimə görə sevir. Məncə tamaşaçıyla bacardığın qədər səmimi olmalısan. Cəmi dörd aydır hər gün canlı efirdə iki saat yarım veriliş aparıram. Bu dörd aylıq fəaliyyətimə bir çox peşəkar diktorlar öz münasibətlərini artıq bildiriblər. Neçə illərdir televizya sahəsində çalışan, öz möhürlərini vuran Ofeliya Sənani, Şərqiyə Hüseynova, Sabir Məmmədov, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru, dosent Əliqismət Lalayev aktyor və qiraətçi əməkdar artist Azad Şükürov kimi peşəkarlar dörd aylıq fəaliyyətimi yetərincə qiymətləndiriblər. İrad və məsləhətlərini əsirgəməyiblər.
Bütün bunlara baxmayaraq kiminsə durub gərəksiz yerə məni “Kralların təlxəyi” adlandırması ondan xəbər verir ki, bu “insan” təlxək sözünün etimologiyasından səhər verilişi anlayışından ,ümumiyyətlə Şəxsiyyət olaraq ədəb-ərkan, mədəniyyət və etikadan bixəbərdir. Sənətim, həyatım haqqında danışa bilərsiniz amma fikir irəli sürə bilməzsiz. Siz nə isə zənn edə bilərsiz, amma əmin ola bilməzsiz. Baxdığım yeri də söyləyə bilərsiz, amma nə gördüyümü ƏSLA!
O ki qaldı təlxək sözünün mənasına, təlxək dəyərli insanlara xoş aura, xoş ovqat bəxş edir. Əgər kimsə səhər tezdən saat 08:00-dan insanlara xoş ovqatı bəxş etməyi təlxək kimi qələmə verirsə qoy versin... Üç növ insan var: Çörək kimidir: Hər an axtararsan, “bəzən” taparsan. Dərman kimidir: Ehtiyacın olduğunda axtararsan,“çox az” taparsan. Mikrob kimidir: Sən axtarmasan da olar. Çünki o səni “Həmişə tapar”. Doğrudan da yaxşı insan olduğun üçün insanların sənə yaxşı davranmasını gözləmək, vegeterian olana öküzün hücum etməyəcəyini düşünmək qədər səfeh fikirdir. Bizim məqsədimiz “Hər səhər” verlişi olaraq, sosial problemləri, siyasi məsələləri həll etmək, insanlara səhər tezdən oyanarkən öz problemlərini xatırlatmaq deyil, unutdurmaqdır. Biz bunun üçün çalışırıq.
“SPACE” telekanalının “Hər səhər” verilişi məhz istəklər və arzular verilişidir. Biz tamaşaçıların istəklərini canlı efirdə reallaşdıraraq sevdikləri musiqiləri, istədikləri məlumat və xəbərləri çatdırırıq. Əgər xatırlayırsızsa, Əlifi də bir neçə namizəd arasından aparıcı olaraq tamaşaçılar canlı efirdə öz istəkləri ilə seçdilər. Biz evdə üç qardaşıq.Evin kiçik övladı olduğu kimi, SPACE TV-nin də yenicə doğulan, təzəcə dil açan, ayaq üstə duramağı bacaran, səbrlə peşəkarlığa doğru addımlayan, mükəmməl şəkildə ana və ata kəlməsini ifadə etməyə çalışan körpə övladıyam. Hər bir ailədə bütün qərarları evin böyüyü olan ata verir. Ailədə qərarları, dəyərli məsləhətləri eləcə də vəzifələri ata təyin edir. Mənim fikrimcə SPACE TV də bir ailədir. Bu ailənin bir atası var, o da Vaqif Mustafayev.