AZXEBER.COM bəstəkarın 80 illik yubileyində verdiyi müsahibəni təqdim edir. Allah rəhmət eləsin
"Mən çox xoşbəxt bəstəkaram. Hansı bağçaya, məktəbə gedirəmsə, görürəm mahnılarım oxunur. Bəzən heç bilmirlər bunların müəllifi Oqtay Zülfüqarovdur. Artıq onların çoxu xalq mahnılarına çevrilib. Tanıyan tanıyır. Eləsi var bir əsər yazır, hər yerdə onu təbliğ edir. Mən o bəstəkarlardan deyiləm..."Ağlım kəsəndən özümü nurani bir ağbirçəyin yanında görmüşəm. O mənim Həvva nənəm idi. Çox maraqlı insan idi Həvva nənə. Savadlı deyildi. Ancaq Azərbaycan nağıllarının hamısını mənə danışan o oldu. Həvva nənəmin öz həyatı da nağıla bənzəyirdi. O, İranın Xoy şəhərində böyük hörmət, dövlət sahibi Müslüm bəyin qızıydı. Nağıllarda olduğu kimi, qulluğunda xidmətçilər dayanan gözəllər-gözəli Həvva xanım atasının bağbanı Tağıya vurulub. Bağban da ağasının qızına bir könüldən min könülə aşiq olub. Sevdalı gəncləri İranda əbədi ayrılıq gözləyirdi. Çünki Müslüm bəy onların evlənməsinə razı olmazdı. Bir-birlərinə qoşulub gizlincə Arazı keçir, Temirxan-Şuraya gəliblər. Orada yaşayıblar. İllər ötüb. Nənəmgilin yeddi oğulları, üç qızları olub. Mən onların kiçik qızı Leylanın övladıyam.- Bəs ananızgil Bakı şəhərinə nə vaxt gəlib?- Bu çox ağrılı xatirələrdir. Dəhşətli vaxtlar imiş. 1918-ci il… Ermənilərin törətdikləri qanlı cinayətlərin ardı-arası kəsilmirmiş. Onda neçə-neçə türk övladı erməni düşmənçiliyinə qurban gedib. Nənəmgil o zamanlar Bakıya gəlib. Nənəm danışırdı: “Toplar atılırdı. Türklər bizə nicat gətirmişdilər. Əgər onlar gəlməsəydi, ermənilər bizi qıracaqdı”.Nənəmgil Bakıda qalıb. Anam təhsilini burada davam etdirib. Müəllimi iyirmi üç yaşlı Qədir Zülfüqarov ona vurulub. Evləniblər. Anam lap gənc imiş. Heç yaşı nikah kəsdirməyə düşməyib. 1929-cu ilin 31 mayında mən dünyaya gəlmişəm. Anam məndən düz on beş yaş böyük idi.- Ana tərəfinizdən danışdıq. Bir az da ata qohumlarınızı yada salaq…- Ata babam Əli kişi arabaçıydı. O, çəmbərəkəndli sayılırdı. Amma eşitdiyimə görə, bizim nəslin seyid qarışığı var. Ata nənəm şamaxılıydı. Mən nə onları, nə də ana babam Tağını görmüşəm. Atamgil üç qardaş idi. Onlardan biri - Cabir müharibədə həlak olub. Heç övlad yadigarı da qalmayıb. Əlihüseyn əmim qatarda bələdçi işləyirdi. Çoxlu uşağı var idi. Əmimgilə tez-tez gedirdim. Onlar məni gəzməyə aparırdılar.Atam savadlı adam idi. Tibb İnstitutunu bitirmişdi. Neçə illər komsomol işində çalışdı. Həkimlik fəaliyyətini də davam etdirdi. Ömrünün son illərində isə “Semaşko” xəstəxanasında işləyirdi. O həm də pedaqoq idi. Tibb İnstitutunda dərs deyirdi.- Valideynlərinizin sevgi ilə qurulan ailəsi tez dağılıb. Ayrılığa səbəb qısqanclıq olub…- Bir qadın evimizə tez-tez zəng vurub anama deyirmiş: “Qədiri olar?”. Bu telefon zəngləri anamın qısqanclıq hisslərini alovlandırıb. Həyat yoldaşından ayrılmaq onun üçün ölümdən betər olub. Yaşamaq istəməyib. Evdən çıxanda atamın tapançasını götürüb. Yaşyarımlıq uşağını - məni qucağına alıb. Qəbiristanlığa gedib. İstəyib əvvəl məni öldürsün, sonra özünü. Məni bir qəbrin üstünə qoyub və tapançanı tuşlayıb. Tətiyi basanda əlləri titrəyib. İki-üç dəfə cəhd göstərib. Məni öldürməyə ürəyi gəlməyib. Bu zaman qəbirqazanlar özlərini yetiriblər. Tapançanı da, məni də anamın əlindən alıblar. Dayımgilə xəbər çatıb. Gəlib bizi aparıblar. Anamla məni ölümün pəncəsindən alıblar.Demə, anam şübhələnməkdə haqlı imiş. Onun getməsiylə atamın o qadını evinə gətirməsi bir olub. Anam isə uzun müddət özünə gələ bilmədi. Atamı çox sevirdi. Anamın belə ağır günlərində mən möhkəm xəstələndim. Bir yandan da qızılcaya tutuldum. Vəziyyətim ağırlaşıb. Əllərini məndən üzüblər. Nənəm məni xalq təbabəti ilə sağaldıb. Yavaş-yavaş dirçəlmişəm. Elə o vaxtdan da məni Həvva nənəm saxladı.Ata qohumlarım anamla atamın ayrılmasına razı deyildilər. Onlar anamın xətrini çox istəyirdilər, həmişə də ona böyük hörmət bəsləyərdilər.Mən balaca olanda anam Şuşaya getdi. Üç il orada xəstəxanada işlədi. Ən çox yay fəslində onun yanına gedirdim. Anam mamaça kimi evlərə gedəndə məni də aparırdı. Ona maneçilik edirdim. Ancaq əlacı olmurdu, bilmirdi məni kimə tapşırsın, ona görə özüylə aparmalı olurdu.- Atanızın evinə gedib-gəlirdiniz?- Atamın evləndiyi qadın da həkim idi. Onların bir oğlu oldu. Qardaşım Xəyyam Zülfüqarov uzun illər xaricdə yaşadı. Yaxşı voleybolçuydu. Aramızda yaxın münasibət olmadı. Analığıma gəlincə... Analıq məlum mövzudur. Amma sonralar o, söz yaymışdı ki, Oqtay mənim oğlumdur.- Siz bəstəkar kimi tanınandan sonra?- Bəli. O zamanlar məni doğma oğlu kimi qələmə verirdi. Hamı ona inanırdı. Mənə deyirdilər, ananı gördük. Halbuki onunla qətiyyən əlaqəmiz yox idi.- Bəs atanızla münasibətiniz necə idi?- Arabir görüşürdük. Hərdən çıxardıb mənə üç manat pul verirdi.- Ananız da yenidən ailə qurdu…- Mənim on bir yaşım var idi. Bir gün anam məni böyük adamlar kimi qarşısında oturdub dedi: “Oqtay, mən istəyirəm ailə qurum”. Ona yaşlı adam kimi cavab verdim: “Ana, sən cavansan. Əlbəttə, ailə qurmalısan. Atam evlənib. Sən niyə tək qalmalısan?”. Belə uşaq idim. Həyat məni erkən böyütmüşdü.
- Ananıza verdiyiniz məsləhətə görə sonradan heç peşman olmadınız?- Atalığım yaxşı insan idi. Mənim həyatımda, tərbiyəmdə onun böyük rolu oldu. Uşaq həkimi idi. Anamla həm ixtisasca yaxın, həm də həmyerli idilər. 1938-ci ildə İran pasportu olanlar Sovet ərazilərindən çıxarılanda anamgilə toxunmadılar. Çünki onların Sovet pasportu var idi. Mənim gələcək atalı-ğım isə İran pasportu daşıyırdı. Onda anam onu Mərdəkanda yaşayan qohumlarının evində gizlətdi. Təhlükə sovuşandan sonra gələcək atalığım üzə çıxdı. İran pasportu olanları sonra müharibəyə aparmadılar. Onlara Bakıda yaşamağa da icazə vermədilər. Xalamın əri Qubada milis rəisiydi. O, anamla atalığımı yanına çağırdı. Elə o vaxtdan da Qubada yaşadılar. Atalığım yaxşı həkim kimi o zonada tanındı.Atam isə müharibədə həkim kimi iştiak etdi. Apardığı operativ cərrahiyyə əməliyyatları ilə neçə döyüşçünün həyatını xilas etdi.Dayılarımın birini 1937-ci ildə həbs edib güllələmişdilər. Sonralar bildik ki, o, İranla əlaqə saxlamaqda təqsirləndirilib. O biri dayılarıma toxunmadılar. Onlar müharibədən də salamat qayıtdılar. Hərəsi bir işin qulpundan yapışdı.- Müharibə illərini necə xatırlayırsınız?- Müharibə başlayanda on iki yaşım var idi. 176 saylı orta məktəbə gedirdim. Müharibə vaxtı məktəblərin çoxunu hospitala çevirirdilər. Ona görə məktəbdən-məktəbə keçirdik. 14 saylı, bir müddət sonra 18 saylı, daha sonra 171 saylı məktəbdə oxumalı oldum. Anam adımı orta məktəbə özünün soyadı ilə yazdırmışdı. Doğum şəhadətnaməmə baxan olmamışdı. Elə ki pasport almağa getdim, dedilər, əzizim, sən Zülfüqarovsan. Belə də yazdılar. Orta məktəb sənədlərimdə isə soyadım Əliyev qaldı.Orta məktəbdə babat oxuyurdum. Dərs cədvəlimdə hansı qiymət desən, var idi, 2, 3, 5… Amma ictimai işlərdə fəal idim. Rəssamlıq qabiliyyətim olduğundan, məktəbin divar qəzetini mən bəzəyirdim. 18 saylı orta məktəbdə oxuduğum vaxtlar idi. Direktorun tapşırığı ilə məktəb qəzetinə şəkil çəkirdim. İçəri səliqəli geyimli, ciddi görkəmli qadın girdi. Mən işimdən ayrılmadım. Soruşdu:- Oğlum, şəkil çəkirsən?- Bəli. İndi qonaqlar gəlməlidir. Ona görə direktor məni tələsdirir.- Neçənci növbə oxuyursan?- Birinci növbə.- Dostların sinif otağında dərs keçirlər. Amma sən burada şəkil çəkirsən?- Mənə direktor deyib. Ona görə edirəm də.Demə, bu qadın elə gözlədiyimiz qonaq - SSRİ Ali Sovetinin deputatı Çimnaz Aslanova imiş. Haradan biləydim? Direktorumuza töhmət gəldi. Dedilər ki, şagirdi dərsdən ayırıb istismar edirsiniz.- Tay-tuşlarınız ata-ana yanında böyüyürdülər. Sizə isə nənəniz baxırdı. Buna görə xiffət çəkirdiniz?- Özümü yetim saymırdım. Bilirdim ki, mənim iki anam, iki atam var. Nənəm də məni əziz saxlayırdı. Dayılarımın, xalalarımın da uşaqları var idi. Amma nənəm deyirdi, Oqtaydan başqası yoxdur.- Nənənizi dəcəlliyinizlə çox incitmirdiniz?- Bizim həyətdə Sosialist Əməyi Qəhrəmanı yaşayırdı. Onun üç uşağı var idi. Həbsxanadan bu gün çıxırdılar, sabahı yenə bir xəta törədir, oğurluq edir ora qayıdırdılar. Yuxarı tərəfdə yaşayan qonşumuzun uşaqları da beləydi. Mən onlarla bir yerdə böyüdüm. Onların qollarına döymə vururdum.- Ən çox kimlərin şəklini döymə edirdiniz?- Leninin, Stalinin, Engelsin, Marksın. Bir də yazırdım: “Anamı yaddan çıxarmaram”. İki iynə ilə əvvəl şəkilləri, ya da sözləri döyür, sonra üzərinə mürəkkəb tökürdüm. Döymə hazır olurdu. Buna görə onlardan pul almırdım. Mənə hörmət edirdilər, hərdənbir kinoya aparırdılar. Oğruların arasında “bez-vredno” (zərərsiz) deyirlər ha, mən belə idim. Heç kimi satmırdım. Ancaq onlara qoşulmurdum da.- Belələri ilə oturub-durmağınız, yəqin, nənənizi çox narahat edirdi?- Nənəm həmişə mənə deyirdi, Oqtay, onlara qoşulma. Onu arxayın edirdim: “Mən onların işlərinə qarışmıram”.Bizim yaşadığımız məhəllələrdə şuluq uşaqlar həmişə olub. Müharibə illəri vəziyyət lap ağırlaşdı. Elə həyət yox idi, uşaqlar oğurluq eləməsin. “Kubinka” bizə yaxın idi. On üç-on dörd yaşlarındaydım. Bir gün “Kubinka"daydıq. Uşaqlardan biri mənə dedi:- O qızı görürsən?- Neyləyirsən?- Bir dəqiqə...Oğlan qıza yaxınlaşıb onun cibindən pulunu ehmalca çıxartdı, mənə gətirdi. Dedim:- Qızın pulunu apar qaytar.- Sənin başın xarab olub? Nə danışırsan. Götürmüşəm ki qaytarım?Məni yaxşıca söyüb, qovdu.- Qız olduğuna görə deyirdiniz pulu qaytarsın?- Yox, ümumiyyətlə. Mən əvvəl bilmirdim axı bunlar belə oğurluq edirlər. Elə bilirdim satdıqları əşyaları öz evlərindən götürürlər. Bunu hamımız edirdik. Dolanışıq ağırıydı. Ev əşyalarımızı bazara çıxarıb dəyər-dəyməzinə satırdıq. İndi də yadımdadır. Evimizdə otuz kasa var idi. Farfordan idi. İndi onların qiyməti çox baha olar. Nənəm onlardan birini mənə verirdi. Kasanı bazara aparırdım. Giriş qapısında dayanan alverçilər yaxınlaşıb soruşurdular: “Nə gətirmisən?”. Kasanın birini 30 manata satırdım. Çörəyin kilosu isə 100 manata idi. Acından ölməmək üçün elələri var idi əyinlərinin paltarını satırdı. Yaxşı ki nənəmin uşaqlarının bir əlləri üstümüzdə idi. Xalalarım, anam bacardıqları qədər bizə kömək edirdilər. Dayılarım da müharibədən qayıdandan sonra nənəmə çox əl yetirirdilər. Ancaq çətin vaxtlar idi.- Qohum-əqrəbada musiqiçi yox idi. Bəs necə oldu ki, bu arzuya düşdünüz?- On altı yaşım var idi. Anam təəssüflə dedi:- Oqtay, sən mənim arzumu yerinə yetirmədin.- Hansı arzunu?- İstəyirdim sən musiqiçi olasan.Düzü, uşaqlıqdan mənim meylim həkimliyə idi. Anam, atam, atalığım hamısı tibb sahəsindəydi. Deyim ki, indiyədək bu həvəsim qalır. Nəvələrimi çox vaxt elə özüm sağaldıram. Bilirəm hansı dərman lazımdır. Həkimlik arzusunda olsam da, o zaman anamı nagüman eləmədim: “Hə, nə olar, ana, musiqiçi olaram”, - dedim. Bizim nəsildə musiqini çox sevirdilər. Dayılarımın ikisi yaxşı gitara, nənəm qarmon, atalığım mandalin çaırdı. Anam hərdənbir gitarada çalıb-oxuyurdu. Vaqif Mustafazadənin anasıyla rəfiqəlik etdiyi vaxtlarda onunla fleytaya da getmişdi. Ancaq qohumlarımdan heç kim musiqi ilə sənət kimi məşğul olmamışdı. Mən birinci olacaqdım.- Violonçeldə çalmağınızı da ananız istədi?- Anama söz verəndə 1945-ci ilin apreli idi. Heç kimə, hətta anama da heç nə demədən 1 saylı musiqi məktəbinə getdim. Oranın direktoru Fatma Zeynalova gəlişimin səbəbini soruşdu. “Bu məktəbdə oxumaq istəyirəm”, - dedim. Deyəsən, Fatma xanımı təəccübləndirdim. On altı yaşım var. Bığ yerim tərləmişdi. Həmin məktəbə isə altı-yeddi yaşlı uşaqları qəbul edirdilər. Fatma xanım handan-hana dilləndi: “Çox gecdir. Sən böyüksən”. Bir az düşünüb dedi: “Yaxşı imtahanda iştirak edərsən”.İmtahan vaxtı musiqi məktəbinə yollandım. Müəllimlər musiqi qabiliyyətimi yoxladılar. Fatma xanım soruşdu: “Hə, yoldaşlar, necədir? Bunu məktəbə qəbul edək, ya yox?”. Heç kimdən səs çıxmadı. Mən gözləyirdim. Birdən Müller məni yanına çağırdı. O, şikəst idi, bir gözü görmürdü, bir ayağı yox idi. Barmaqlarımı yoxladı. Əlini üzümə qoyub: “Mən bunu birinci sinfə qəbul edirəm”, - dedi. On altı yaşında oğlanı o öz sinfinə götürdü. Fatma xanım buna sevindi. 1945-ci ilin yayı idi. Müharibə təzə qurtarmışdı. Aclıq idi. Fatma xanım hörmət etdi, öz yemək kartoçkasını mənə verdi. İndiki Milli Parkla üzbəüzdə “İnturist” var idi. Orada gündə bir dəfə nahar edə bilərdim.Müller şikəst olduğundan, şagirdləri ilə evində məşğul olurdu. Mən də onun yanına gedib-gəlirdim. İki aydan sonra artıq Müllerin köməkçisi idim. Çox fəalıydım. Müəllimim mənə bir dərs verəndə onunu, onunu tapşıranda iyirmisini hazırlayırdım. Sonra bunları bir yerdə musiqi məktəbinə qəbul olunduğum uşaqlara öyrədir, hətta buna görə pul qazanırdım.- Violonçeli iki aya öyrəndiniz?- O elə sənətdir ki, ömrünboyu öyrənirsən. Mən gündə on dörd saat məşğul olurdum. Nənəmin Poluxin küçəsinin tinində, “İkinci paralelni” adlanan yerdəki (indiki Balababa Məcidov küçəsi - red.) o 8 kvadratmetrlik balaca evindən ətrafa saatlarla veolonçeldən qopan musiqi sədaları yayılırdı. Qonşular mənim əlimdən zinhara gəlirdilər.- Kiçik məktəb yoldaşlarınızla aranız necə idi?- Onlardan on yaş böyük idim. Valideynləri məni görəndə hörmətlə salamlaşırdılar. Elə bilirdilər gənc müəlliməm. Balaca yoldaşlarım isə mənə ad qoymuşdular - “Paltaraşalban”.Məhəlləmiz də necə deyərlər, qədeşlər məhəlləsiydi. Hər gün evimizə violonçellə gedib-gələndə nələr çəkirdim. Məhəllə uşaqları çığırışırdılar: “Hambal Dadaş gəlir, Hambal Dadaş gəlir”. Bəziləri zarafat edir, bəziləri məni yamsılayırdı.“Paltaraşalban"la “Hambal Dadaş” çağırıla-çağırıla yeddiillik musiqi məktəbini iki il yarıma bitirdim. Asəf Zeynallı adına Musiqi Məktəbinə qəbul edildim. 1951-ci ildə həmin məktəbi bitirdikdən sonra isə konservatoriyaya daxil oldum. Qara Qarayev oranın rektoru idi. Konservatoriyada da violonçel üzrə təhsilimi davam etdirirdim.- Violonçelin simlərini özünüz bilə-bilə o zamanlar qırırdınız?- Hə... Violonçeldə oxusam da, gizli-gizli musiqi əsərləri yazırdım. Bəstəkarlığa marağım böyük idi. Evdə violonçelin simlərini kəsirdim ki, kökləyəndə qırılsın. Özü də elə yerdən kəsirdim, bağlamaq da olmurdu. Bir gün tələbə dostum müəllimə “sirrimi” açdı: “Oqtay violonçeldə çalmaq istəmir, o, əsər yazır”. Müəllim məni Qarayevin yanına apardı. Məsələni ona danışdı. Qarayev musiqilərimi dinlədikdən sonra dedi: “Mənə elə gəlir ki, səni bəstəkarlıq şöbəsinə götürmək olar”.- İlk musiqilərinizi nə vaxt bəstələməyə başlamışdınız?- 1949-cu ildə. Bir müddət heç kimə göstərmədim. Üç il violonçel şöbəsində oxuduqdan sonra məni bəstəkarlıq şöbəsinin ikinci kursuna keçirtdilər. Mənə xoşbəxtlik üz verdi, Qara Qarayev kimi dahi bəstəkarın tələbəsi oldum.Bəstəkarlıq şöbəsinin üçüncü kursunda oxuyanda tədbirdə mənim triom səsləndi. Şostakoviç o zaman mənim barəmdə gözəl fikirlər söylədi. O dedi: “Dörd saat gənclərin konsertini dinlədim. Axırıncı Oqtay Zülfüqarovun əsəri oldu. Yorulmuşdum. Ancaq onun musiqisi mənə rahatlıq gətirdi”. Elə o vaxtdan bəstəkar kimi sayılmağa başladım. Onda artıq ailəliydim. İki uşağım da var idi.- Həyat yoldaşınızla necə tanış oldunuz?- Bəstəkarlıq şöbəsinə təzə keçmişdim. İyirmi dörd yaşım var idi. Bir gün dostum Fərhənggildə mənə dedilər ki, bir qız var, pianoda məşğul olmaq istəyir. Çox tərifli olmasa da, pianoda çala bilirdim. Ayı on beş manata qıza piano dərsləri keçməyə razılaşdım. Onunla - İnarə ilə belə tanış oldum. Piano dərslərini qızgilin evində keçirdim. Çox gözəl ailəsi var idi. İmkanlı adamlar idi. İnarənin atası böyük vəzifələrdə olub. Özü isə Bakı Dövlət Universitetinin kimya fakültəsinin beşinci kursunda oxuyurdu.Ay tamam oldu. On beş manatı aldım. Bir gün dostumgildə məndən soruşdular: “Necə qızdır, xoşuna gəlir?” Nə deyə bilərdim? Doğrudan da həm yaraşıqlı, həm də ağıllı-kamallı, əsilli-nəcabətli qız idi…Onda atamın işlədiyi xəstəxanaya getdim. Onunla görüşdüm. “Evlənmək istəyirəm”, - dedim. Çox sevindi. Mənə kömək etdi. Bəxt üzüyümü də o aldı. Analığımı, başqa kimlərisə götürüb İnarəgilə elçiliyə getdi. İnarəylə çox nişanlı qalmadıq. ZAQS-a getdik. Kasıb oğlan idim. Geyinməyə düz-əməlli paltarım yox idi. Qızın atasının plaşını geyindim. O da kök kişi idi. Plaşın içərisində itib-batmışdım. Elə İnarə ilə ikimiz getmişdik. Heç şahidimiz də yox idi. 1954-cü ilin 31 dekabrında toyumuz oldu.
- Toyda kimlər iştirak edirdi?- Məclis qızgilin evində quruldu. Atam, analığım, bir də qızın qohum-əqrəbası iştirak edirdi. Ana tərəfimdən heç kim yox idi.- Ananız buna görə sizdən çox incidi?- Anam ağlayırdı ki, mən böyütmüşəm oğlumu, evləndirirlər… Dedim, ay ana, səni xərcə salmaq istəmirəm. Atamgil mənim üçün heç nə eləməyiblər. Heç olmasa, bunu eləsinlər. Belə danışıb anamın könlünü aldım.Evlənəndən sonra bir müddət Dağlı məhəlləsində, İnarənin atasıgildə qaldıq. Sonra nənəmin evinə köçdük. Nənəmin darısqal evində iki uşaqla yaşamaq çətin idi. O vaxtlar Azərbaycan Bəstəkarlar İttifaqının üzvüydüm. Moskvaya tez-tez gedirdim. Xrennikov Vəli Yusifoviçə (Azərbaycanın o vaxtkı birinci katibi - red.) zəng vurdu ki, sizin istedadlı bəstəkarınızdır, iki uşağı var, neyçün ona ev vermirsiniz? Mənə ev verdilər.- İnarə xanım universiteti bitirəndən sonra işlədi?- İki-üç il işlədi. Sonra dedim: “Ya iş, ya mən!”. Valideynləri narazılıq etdilər ki, qızımız beş il oxuyub ali təhsil alıb, niyə işləməsin? Onda da məsələni qəti qoydum: “Ya sənin valideynlərin, ya mən”. Dedi ki, yox, Oqtay, sən!- Əgər inada düşüb “işləyirəm” desəydi, buna görə ailənizi dağıdacaqdınız?- Boşanacaqdım. Xasiyyətim çox yumşaqdır. Mən ilanla da yola getmişəm, quzuyla da. Ancaq necə dedimsə, elə də olmalıdır. Uşaqlıqdan beləyəm. Ərköyün böyüdüblər məni. Evdə həmişə böyüklük eləmişəm. Sanki nənəm mənim qızım idi.Bizim evdə hər şey zarafatladır. Bununla belə, həyat yoldaşım həmişə bilib nəyi xoşlamıram. Mən içəri girəndə əhval-ruhiyyəmi üzümdən anlayır.- ...Və ona uyğun hərəkət etməlidir?- Hə, ay sağ ol. Artıq-əskik söz danışılmasını xoşlamıram. Mən çox qısqancıydım. Həyatda bir-iki dəfə inamını itirirsən, görürsən, yox yaxşı azdır, pis çoxdur.- Nə zaman bu qənaətə gəldiniz?- Həyat məni çox tez imtahana çəkib. Atam anamdan ayrılıb. Oradan gəlir hamısı. Evimə telefon çəkdirmirdim. Çünki mənim atamı anamdan telefon ayırdı. O qadın bilərəkdən zəng edib anamı qısqandırdı, ailəmizi dağıtdı. Ona görə telefon xoşlamırdım. Bir də gördüm oğlum dostları ilə danışmaq üçün o budkaya-bu budkaya qaçır. Qızlar da böyüyüblər. Emin Sabitoğlu ilə qonşuyduq. Onlar köçürdülər. Emin dedi ki, telefonu verim sənə...Mən qadına hər şeyi keçərəm. Bircə xəyanətdən başqa. O an həmin adam mənim üçün ölər. Belə böyümüşəm. Mən o köhnə kişilərdənəm. Amma qadınlar məndən heç vaxt çəkinməyiblər. Çoxlu qadın dostum olub. Təmiz dostluqdan danışıram ha. İnanıblar mənə. Arada əyrilik olmayıb.- Heç olmayıb?- Olub. Neyçün olmayıb? Cavanlıqda hər şey olur. Onların hərəsi həyatın bir səhifəsidir. Amma əsas roman, kitab həyat yoldaşıdır.- O səhifələr necə, zəngindir?- Çox zəngindir.- Bəs həyat yoldaşınız sizi qısqanmırdı?- Qısqanırdı, amma bildirmirdi. Mənim qayınatam əsl kişiydi. Dağlı məhəlləsində hamı onun başına and içirdi. O cür kişi belə də qız böyütmüşdü. Alicənab, gözütox… Xoşbəxtəm ki, mənə belə həyat yoldaşı qismət olub. Bu bəxtəbəxtdir. Ancaq adamın özündən də çox şey asılıdır. Tamahkarlıq adamın evini yıxır. Həmişə həyat yoldaşıma deyirdim, təki sağlıq olsun, sənə hər şey alacağam. Aldım da.- Konservatoriyanı bitirəndən sonra müxtəlif yerlərdə işlədiniz. Bəs uşaq teatrı yaratmaq fikri necə yarandı?- AzTV-də bir müddət ştatdankənar işlədim. 1960-cı illərdə ştata keçdim. Musiqi redaktoru, sonra səs redaktoru oldum. Qızım Leyla ilə verilişə çıxdıq. Çıxışlarımız böyük maraqla qarşılanırdı. Sonra İşçilərin Mədəniyyət Evində “Tumurcuq” teatrını yaratdım. Çıxışlarımız AzTV-də göstərilirdi. Ssenarini, musiqiləri də özüm yazdım.- O vaxtadək uşaqlar üçün əsər yazmışdınız…- Qarayevin sinfində oxuyanda o mənə dedi ki, Oqtay, özünü sına, musiqilərin oynaqdır. Uşaq musiqi əsərləri səndə yaxşı alınar.- Bəs “Tumurcuq” teatrından getməyinizə səbəbkar kimlər oldu?- AzTV-də əyrilik oldu. Mən də inciyib işdən getdim. Yeni teatr yaratdım. Ona üçyaşlı nəvəm Ayselin adını qoydum. Fioletov klubunda fəaliyyət göstərirdik. Sonra AzTV-yə dəvət edildim.- Narazılığı unudub getdiniz?- O adamlar işdən çıxmışdılar. Heç oradan gedəndə də bunu özümə dərd etməmişdim. İşlərimlə məşğul oldum.- Bu gün uşaqlar üçün yazılan musiqilərin səviyyəsindən razısınız?- Uşağı aldatmaq olmaz. Onlar üçün böyüklərdən ikiqat artıq səviyyəli əsərlər yazmaq lazımdır. Bizim bəzi bəstəkarlar isə görürlər yazdıqları mahnı zəifdir, böyüklər deyəcək, bu nədır? Uşaq şeirini mətn verib edirlər uşaq mahnıları. Uşaq onu oxumayacaq. Gərək onlara zəngin mahnı verəsən. Uşaqlarla işləmək çox əziyyətlidir.- Altı yüzədək uşaq mahnısı yazmısınız. Onlar oxunurmu?- Mən çox xoşbəxt bəstəkaram. Hansı bağçaya, məktəbə gedirəmsə, görürəm mahnılarım oxunur. Bəzən heç bilmirlər bunların müəllifi Oqtay Zülfüqarovdur. Onların çoxu xalq mahnısına çevrilib.- Müəllif kimi adınızın təqdim olunmaması sizi incitmir?- Yox. Çünki tanıyan tanıyır. Eləsi var bir əsər yazır, hər yerdə onu təbliğ edir. Mən o bəstəkarlardan, şairlərdən deyiləm. Əsərlərimin taleyinə inanıram. Onlar axar su kimidir. Burdan yolunu bağlasalar, başqa yerdən özlərinə yer tapacaqlar. Musiqinin, sözün dəyərini bilənlər həmişə olacaq. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev mənim yaradıcılığımla maraqlananda buna əmin oldum. O mənim yaradıcılığıma qayğı göstərdi.- Yubiley ovqatınız necədir?- Elə ki ürəyim ağrımadı, hər gün yubileyimdir. Bir də mən xalqa deyim 80 yaşım olacaq? Əgər olsaydı on altı yaşım, bunu car çəkərdim. 80 yaşa nə yubiley? Tədbirlər keçirəcəklər, əsərlərim çalınacaq. Mənim üçün bu böyük işdir.- Yəni 80 yaş sizi kədərləndirir?- Kədərləndirmir ey. Amma baxırsan dünyaya, sevgidən danışmaq əvəzinə, deyirsən canım çıxdı. Mən həyatdan həmişə zövq almışam. Adam var gözəllikləri görmür, deyir depressiyadayam stresdəyəm… Mənim canım ağrımırsa, musiqi bəstələyirəm, yaxud şeir yazıram, şəkil çəkirəm, bağımda əkirəm-becərirəm, ağacları peyvənd edirəm. Əlimdən hər iş gəlir. Bağımda ikimərtəbəli evim var. Onun bənnası, qaynaqçısı, elektriki, çilingəri özüm olmuşam. Yayda hamımız - üç uşağım, səkkiz nəvəm, iki nəticəm yığışıb o evdə dincəlirik.- İndi nə yazırsınız?- Yeni əsərlər üzərində işləyirəm. Naşükür deyiləm. Səksənillik ömrün qazancı böyükdür. Gözəl ailəm var. Oğlum Cahangir konservatoriyanın bəstəkarlıq şöbəsini bitirib. Yaxşı bəstəkardır. Qızlarım Züleyxa Moskvada Kinematoqrafiya İnstitutunu, Leyla İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Nəvəm Əminə ulu nənəsinin yolunu peşəkar səviyyədə davam etdirir. Fleyta, həm də piano ifaçısıdır. Simfonik orkestrdə işləyir.Musiqi dərsi dediyim uşaqlar çoxdur. O vaxt “Tumurcuq"dakı uşaqların indi çoxu nənə-babadır.- Sizinlə əlaqə saxlayırlar?- Çoxu saxlayır.- Bəs nəvələrini yanınıza gətirənlər var?- Bəziləri gətirir.Mən librettosunu da özüm yazdığım “Əlibaba və qırx quldur” baleti, solist, xor və xalq çalğı alətləri üçün “Azərbaycan gəncləri” odası, piano üçün “Beşik mahnısı” pyesi, fleyta və violonçel üçün pyesin və başqa irihəcmli əsərlərin müəllifiyəm. “Cırtdan”, “Dovşanın məhkəməsi”, “Göyçək Fatma”, “Repka” kukla teatr tamaşaları üçün musiqilər yazmışam. Uşaqların sevə-sevə oxuduğu, dinlədiyi onlarca mahnının həm musiqisi, həm də sözləri mənə məxsusdur. Bir neçə uşaq mahnı məcmuəsinin müəllifi, orta ümumtəhsil məktəbinin II sinfi üçün “Musiqi” dərsliyinin həmmüəllifiyəm. 1972-ci ildə əməkdar incəsənət xadimi, 2000-ci ildə xalq artisti adına layiq görülmüşəm. Çox işlər görmüşəm. Həyatla döyüşə-döyüşə bu günlərə gəlmişəm. Ürəyimi qocaltmışam. Əvəzində həmişə cavan qalacaq əsərlər yazmışam.Mənbə"El" jurnalı, Müəllif Zöhrə Fərəcova