Bayağı müğənnilər və şəxsi həyatı gündəm edən aparıcılar efirlərdən uzaqlaşdırılır - TV məkanında yeni dövr başladı

Bayağı müğənnilər və şəxsi həyatı gündəm edən aparıcılar efirlərdən uzaqlaşdırılır - TV məkanında yeni dövr başladı
MANŞET
14:33 25.02.2026
763
Son günlər bəzi verilişlər barədə yaranan söz-söhbətlər, xüsusilə televiziya məkanında yayımlanan şou xarakterli verilişlərin bir qisminin bağlanması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu verilişlər arasında "Tarixin bir günü", "Elgizlə izlə"nin adı hallanır. Bu proses təkcə televiziya siyasətində deyil, ümumilikdə media mühitində yeni mərhələnin başlandığını göstərir.

Heç kəsə sirr deyil ki, bu tipli şou verilişlər uzun illər tamaşaçı auditoriyasını əyləndirməyə, gündəlik sosial mövzuları, şəxsi həyatları müzakirəyə çıxarmağa və reytinq toplamağa xidmət edib. Lakin zaman keçdikcə bu proqramların məzmunu ilə bağlı tənqidlər artmağa başlayıb və bir çox hallarda etik normaların pozulması, ailə-məişət problemlərinin şou elementinə çevrilməsi və sensasiya naminə süni mübahisələrin yaradılması ictimai narazılıq doğurub.

Mütəxəssislər müsahibələrində bildirirlər ki, şou verilişlərin bağlanması yox, orada daha keyfiyyətli və maarifləndirici kontentin hazırlanması üçün imkan yaradıla bilər. Digər tərəfdən, bu dəyişiklik televiziya bazarında yeni formatların yaranmasına da təkan verə bilər. 

Nəticə olaraq, Azərbaycanda şou verilişlərin bağlanması təkcə bir neçə proqramın efirdən getməsi deyil, daha geniş media transformasiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Əsas məsələ yaranmış boşluğu daha faydalı, peşəkar və cəmiyyətə dəyər qatan məzmunla doldurmaqdır.
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, artıq Azərbaycan televiziyalarındakı neqativ hallarla bağlı həyacan təbili çalınıb və Azərbaycan tamaşaçısı yaxın günlərdə bu dəyişikliklərin şahidi olacaq. Telekanallarda tamaşaçıları ən çox qıcıqlandıran və bayağı verilişlərin yayımı dayandırılacaq. Eyni zamanda bayağı ifaçılar və müğənnilər efirə buraxılmayacaq. Telekanal rəhbərləri bununla bağlı aparıcılara şərt qoyub.
 
Yaxın günlərdə kanallarda bayağılığı təbliğ edən, şəxsi həyatı gündəmə gətirən şou tipli veriilişər tamamilə bağlanacaq, bəzilərində isə format dəyişikliyi ediləcək. 

Onu da qeyd edək ki, 24 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasında ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının (redaksiyalarının) məsul şəxsləri ilə görüş keçirilib. 

Görüşdə Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Xoşqədəm Zeynalova "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli Qərarına dair təqdimatla çıxış edib. Televiziyaların məsul əməkdaşlarına insanların şəxsi həyatlarını efirə müzakirə etməyin doğru olmadığı bildirilib. 

Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR