1992-ci ildə Qarabağ döyüşlərində şəhid olmuş Quba rayon sakini Laçın Novruzovun ailəsi təzyiqlərə məruz qalıb.AZXEBER.COM xəbər verir ki, şəhidin qardaşı Elçin Novruzov interpress.az-a bildirib ki, rayonun ikinci Nügədi bələdiyyəsi onun kafesinin yerləşdiyi ərazini hərraca çıxarıb: “Bələdiyyə sədri Qələmiyev Mübariz Ələmşah oğlu məni çox narahat edir. Tək məni yox, pulunun çoxluğundan isitifadə edib bir neçə insanın meyvə bağını əlindən alıb. Mən özüm Quba rayonunda suvarma sistemində çalışıram. Nəzarət etdiyim ərazidə kiçik sahibkarlıqla məşğul oluram. Bura əvvəllər zibillik idi. İndi çayxana kimi düzəltmişəm. Elə olur ki, xeyriyyə məqsədi ilə də adamlara yemək, çay veririk. Əsasən çayxana kimi fəaliyyət göstərir. Buranı anamla ikimiz işlədirik. Ailəmizin tək qazanc yeri buradır. Bələdiyyə bu ərazini hərraca çıxarıb. Bir dəfə məhkəməyə vermişik. Amma məhkəmə bələdiyyə sədrinin xeyrinə qərar çıxarıb.
Növbəti dəfə Apellyasiya Məhkəməsinə müraciət edəcəyik. Bələdiyyə sədri hər gün bizi hədələyir, adamlarını göndərib işıqlarımızı kəsdirir”.