Oktyabrın 13-də Berlində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçiriləcək.
Təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin indiyə qədər gördüyü hazırlıq işləri, ölkəmizin idman sahəsindəki uğurları haqqında məlumat veriləcək, hazırlıq prosesini əks etdirən film nümayiş olunacaq.
Tədbirdə Əməkdar Artist Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” ansamblı konsert proqramı ilə çıxış edəcək.
Heydər Əliyev Fondu tərəfindən bu günədək Kannda, Afinada “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Bu təqdimatların daha bir neçə ölkədə keçirilməsi nəzərdə tutulub.
Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək baş tutacaq. Altı mindən çox idmançı 17 gün ərzində idmanın 20 növü üzrə medallar uğrunda mübarizə aparacaq.