İtaliyada baş nazir Silvio Berluskoninin istefa verib-verməyəcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Berluskoniyə məxsus nəhəng qızıl tapir heykəli onun Romadakı iqamətgahına gətirilib. Bu heykəl baş nazirə satirik televiziya proqramından mükafat verilib. Qızıl tapir mükafatı peşə fəaliyyətində uğursuzluğa düçar olan italyanlara verilir. Dünən Silvio Berluskoni Romadakı iqamətgahında nazirlər kabineti ilə bir neçə görüş keçirib. Bəzi nazirlər və Berluskoninin yaxın tərəfdaşları istefaya gedəcəyinə söz vermiş baş nazirlə növbəti siyasi addımları müzakirə ediblər. Bu arada, İtaliya mətbuatı növbəti günün İtaliyaya nə gətirəcəyini qabaqcadan görməyə çalışır. İtaliyanın «La Repubblica» qəzetinin siyasi müxbiri Alessandra Lonqo hazırki siyasi böhrandan 2 çıxış yolunun olduğunu bildirir. «Bunlardan biri başqa baş nazir və başqa hökumət, vəziyyətdən çıxış yolu tapa biləcək milli koalisiya hökuməti, ikinci yol isə seçkilərdir.» - Alessandra Lonqo belə hesab edir. Berluskoni parlament islahatlar proqramını qəbul edən kimi istefaya gedəcəyini bəyan etmişdi. Bu proses isə 2 həftəyədək davam edə bilər. Lakin italyan parlamenti bu prosesi tezləşdirmək üçün tədbirlər görür. İtaliya prezidenti Corcio Napolitano bildirib ki, parlamentin islahatlar proqramına səs verməsinin bir neçə gün ərzində reallaşacaq, bunun nəticəsində də yeni hökumətin formalaşdırılacağına yoxsa seçkilərin keçiriləcəyinə dair qərar veriləcək. İtaliya prezidenti yeni hökumətin başçısı olmağa real namizəd kimi senator Mario Montini göstərib.