Bərpa olunan və alternativ enerji ilə məşğul olan sahibkarlara subsidiyalar veriləcək

Bərpa olunan və alternativ enerji ilə məşğul olan sahibkarlara subsidiyalar veriləcək
İQTİSADİYYAT
20:05 05.11.2013
2039

Azərbaycanda bərpa olunan və alternativ enerji ilə məşğul olan sahibkarlara subsidiyalar veriləcək.

Bu barədə Bakıda keçirilən “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” beynəlxalq konfransında Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov məlumat verib. Onun sözlərinə görə, bu subsidiya təchiz müqaviləsi əsasında tarif adlanır. C.Məlikov qeyd edib ki, bu subsidiyalar dövlətin ümumi tarif siyasəti çərçivəsində veriləcək: “Bizim nəzərdə tutduğumuz subsidiyanın gözəl mənbəyi var. Bilirsiniz ki, Azərbaycanda 90% elektrik enerjisi istilik elektrik stansiyalarının hesabına istehsal olunur. 90%-in içərisində 98% qazın hesabınadır. Qazın hesabına istehsal olunan elektrik enerjisi daxili bazarda istifadə olunan qazın artmasına səbəb olur. Əgər biz bərpa olunan enerji mənbələri hesabına enerji istehsal ediriksə, qazın istifadəsinə daha səmərəli yanaşırıq. Bu qazın hesabına elektrik enerjisinin alınmasına ehtiyac azalır”, - deyə o bildirib. Agentlik rəsmisi Azərbaycanın qaz potensialının ixraca yönəldilməsi və yaxud da istehsalın azaldılaraq qənaət edilməsinin səmərəli olacağını qeyd edib. Onun sözlərinə görə, qənaət hesabına əldə olunan əlavə gəlirlərin bir hissəsi sahibkarlara subsidiya formasında verilə bilər.

OXŞAR XƏBƏRLƏR