Küləksiz günlərdə Beşbarmaq dağının yamacında uçan insanlara rast gələ bilərsiniz. Təbii ki, paraşütlə. İctimai TV əməkdaşları bu anı çəkmək üçün Siyəzən rayonunda olub. Dağın ətəyində yol kənarında bu zövqü yaşamaq istəyənlər üçün toplanış məntəqəsi qurulub. Hər kəs toplandıqdan sonra avtomobillərlə dağın zirvəsinə qalxırlar.
Zirvəyə çatdıqdan sonra paraşüt və digər lazımi avadanlıqların hazırlanmasına başlanılır. İdmanın bir növü olan yamac paraşütü son vaxtlar ölkəmizdə daha da məşhurlaşıb. Amma riskləri da az deyil.
Paraşüt təlimçisi Fərhad Davidov İTV-yə deyib ki, burada ilk təhlükə qalxışda başlayır: "Əgər qalxış zamanı pilotun önündə olan sərnişin qaçmasa, onda yıxılma ola bilər. Yıxılma zamanı da əzilmə və burxulma baş verə bilər. Növbəti etap havaya qalxmaqdır. Biz elə bir ərazi seçmişik ki, burada təhlükə demək olar ki, minumumdur. Dağlıq ərazi deyil, meşəlik yoxdur. Hansısa təhlükə olrsa, biz o təhlükənin qarşısını almaq üçün Türkiyədə kurslar keçmişik. Ona görə də qarşısını ala bilirik. Nəsə olsa və biz heç nə edə bilməsək, onda bizim ehtiyat paraşütümüz var. Onu açaraq yerə rahat şəkildə enə bilirik”.
Bütün fəsillər uçuş üçün əlverişlidir. Amma küləyin sürəti saatda 20 km-dan çoxdursa, duman və ya yağış varsa, uçuşlar təhlükəsizlik səbəbindən təxirə salınır.
Tandem pilotu, yəni sərnişinlə uçmaq üçün nə az, nə çox, düz 3 il kurslarda iştirak etmək lazımdır. Solo pilotlar isə təxminən 2 aya yetişir.
Həmin videonu təqdim edirik:
.