“BeUstad” Təhsil Mərkəzi Azərbaycanda oyunlaşdırma metodunu tədrisdə tətbiq edən ilk təhsil mərkəzlərindəndir

“BeUstad” Təhsil Mərkəzi Azərbaycanda oyunlaşdırma metodunu tədrisdə tətbiq edən ilk təhsil mərkəzlərindəndir
SOSİAL
15:41 10.12.2021
409
""XXI əsrin təhsil təcrübəsi” şüarı ilə fəaliyyət göstərən "BeUstad” Təhsil Mərkəzinin əsasını 18-26 yaş arası gənclər qrupu təşkil etsə də, burada heç bir yaş məhdudiyyəti yoxdur. İxtisası üzrə bilik və bacarıqlarını artırmaq, hərtərəfli inkişaf etmək və ya yeni peşəyə yiyələnmək istəyənlər öz işinin ustadı olmaq üçün tərəddüd etmədən "BeUstad”a müraciət edə bilərlər”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri təhsil mərkəzi, burada həyata keçirilən layihələr, tədris olunan proqramlar və s. ilə yaxından tanış olmaq istəyərkən bizə Mərkəzin direktoru Yeganə Vəliyeva verdiyi müsahibədə söyləyib. Müsahibəni olduğu kimi təqdim ediriik:

- Yeganə xanım, öncə "BeUstad” Təhsil mərkəzinin fəaliyyəti, məqsədi və təcrübəsi barədə məlumat verməyinizi istərdik. "BeUstad”ın missiyası nədir?
- "BeUstad” müasir təhsil mərkəzi məhz innovativ üsullara əsaslanmaqla, müvafiq sahələr üzrə peşəkar kadrlar hazırlayaraq yüksək səviyyədə xidmət göstərməkdədir. Burada əsas məqsəd tələbələrin bilik və bacarıqlarını kəşf edə biləcəyi, tənqidi şəkildə araşdıracağı sağlam təhsil mühiti yaratmaq, onların hərtərəfli inkişafını təmin etmək, o cümlədən Azərbaycan təhsili və elminə töhfə verə biləcək yerli mütəxəssislər yetişdirməkdir.

Təhsil mərkəzində tədris prosesində əldə olunan bilik və bacarıqların təcrübədə tətbiqi əsas meyar hesab edildiyindən burada təşkil olunan peşəyönümlü və ixtisasartırma kurslarını müvəffəqiyyətlə bitirən şəxslər artıq müvafiq sahələr üzrə uğurlu karyera qura, iş dünyasına daxil ola bilirlər.
2019-cu ildən fəaliyyət göstərən təhsil mərkəzi dinamik kurrikulum, mütəxəssis dəstəyi, karyerayönümlü proqramlar, iş imkanları, müxtəlif növ resurslardan istifadə və sosiallaşma imkanı təqdim edir. "BeUstad”da dinamik, dəstəkləyici öyrənmə mühiti yaradıldığı üçün müntəzəm olaraq, fəaliyyət planı yenilənir. Tədris proqramları tələbələrin dəyişən və ya müxtəlif ehtiyaclarına uyğunlaşdırılır. Orta məktəbdən və ya universitetdən sonra həm akademik mühitdə, həm də əmək bazarında rəqabətədavamlı olmaq üçün geniş fəaliyyət növləri təklif edilir.
Təlim prosesində ixtisasyönümlü biliklərdən əlavə, biznes bacarıqlarının inkişaf etdirilməsi həyata keçirilir ki, bu zaman bəzi avadanlıqların olması təlim prosesini daha maraqlı edir. Tələbələr müasir və dinamik bir mühitdə bilik və bacarıqlarını artırmaq üçün yeni texnoloji avadanlıqlardan istifadə edərək öyrənirlər.

- Təhsil mərkəzində hansı sahələr üzrə təlim və kurslar təşkil edilir? 
- Hazırda "BeUstad”da jurnalistika və aparıcılıq, tur bələdçiliyinə giriş, professional tur bələdçiliyi, ACCA DipIFR, ACCA F3 (Financial Accounting), ACCA F7 (Financial Reporting), ACCA F9 (Financial Management) və "Corporate Finance” maliyyə kursları, SMM, təqdimat bacarıqları, vaxtın idarə edilməsi, idman jurnalistikası, layihələrin müəyyən edilməsi, dizaynı və idarə olunması, təlimçilər üçün təlim, yazılı və şifahi ünsiyyət bacarıqları üzrə təlim və kurslar keçirilir. Həmçinin biznesyönümlü, korporativ təlimlərin də təşkili mümkündür. Buraya işgüzar etika, biznes təlimləri, satış texnikaları, müştəri məmnuniyyətinin təmin edilməsi şərtləri, eləcə də hər hansı bir peşə sahəsi üçün xarici dil kursları daxildir. 

Tədris bir neçə aylıq proqram çərçivəsində və yaxud qısamüddətli tədbirlər (master-klass, vörkşop, təlim, seminar) şəklində aparılır. Təhsil mərkəzinin müvafiq tədris proqramlarını müvəffəqiyyətlə bitirən tələbələrə xüsusi sertifikatlar təqdim olunur.  

Qeyd edim ki, mərkəzimizdə yaxın zamanda bağbanlar üçün kurslara da start verilib. Bu kurslar peşəkar bağbanlığa marağı olan, müvafiq sahədə öz işini qurmaq istəyənlərin mütəxəssis kimi yetişdirilməsini hədəfləyir. "BeUstad”da tezliklə ebru sənətinin öyrədilməsi üzrə kurslar da təşkil olunacaq. 

- Peşə təhsili almaq istəyənlər niyə məhz sizi seçməlidirlər? Fərqiniz nədədir? 
- İnnovativ tədris metodları "BeUstad”ı digər təhsil mərkəzlərindən fərqləndirən əsas cəhətlərdəndir. Tədris prosesində interaktivliyin təmin olunması öyrənənlərin daha sərbəst olmasına imkan yaradır. Dərslər o qədər maraqlı keçir ki, tələbələr işinin peşəkarı olmaq üçün qabaqcıl bilik və bacarıqlar əldə etməyə can atırlar. Aktiv fəaliyyət planı əsasında texnoloji yeniliklərdən və öyrənmə vasitələrindən istifadə edilməklə, tələbələrə hərtərəfli dəstək göstərilir. Mərkəzimizdə dərslər yüksək peşəkarlığa malik, öz sahəsində tanınan şəxslər tərəfindən tədris olunur. Müəllimlər müvafiq sahə üzrə bütün zəruri bilik və bacarıqları öyrədərək, tələbələrin peşəkar kadr kimi formalaşmasında mühüm rol oynamaqla yanaşı, həm də onların cəmiyyətə faydalı vətəndaş olaraq yetişməsinə xüsusi diqqət göstərirlər.
Daha öncə də bildirdiyim kimi, "BeUstad”da kursları bitirənlərə xüsusi sertifikatlar təqdim edilir, onlara daim dəstək göstərilir. Məsələn, bağbanlıq kursunun sonunda imtahan təşkil edilir və müvəffəqiyyətlə keçən tələbələr işlə təmin edilir. Lakin digər öyrənənlərdən öz bilik səviyyəsi ilə fərqlənən uğurlu tələbələr öz sahəsində tanınan peşəkar müəlliminin imzası və "BeUstad”ın möhürü olan tövsiyə məktubu ilə təmin olunur ki, bu da onlara işə qəbulolunma mərhələsində kömək edir.

- "BeUstad”ın hansı üstünlükləri vardır? Bura gəlməyənlər nə itirir? 
- Üstünlüklərindən danışarkən, ilk növbədə, "BeUstad”ın Azərbaycanda oyunlaşdırma (geymifikasiya) metodlarını tədrisdə tətbiq edən ilk təhsil mərkəzlərindən olduğunu qeyd etmək lazımdır. Təhsildə oyunlaşdırma fərdlərin tədris prosesində könüllü iştirakına imkan yaradır, onların problem həll etmək bacarıqlarını mərhələli şəkildə inkişaf etdirir, yaradıcı düşünməyə təşviq edir, çətin mövzularda da öyrənmə prosesini asanlaşdırır, əzbərçilikdən uzaqlaşdırır və hər bir şəxsə xüsusi öyrənmək qaydası tətbiq edir. İştirakçılar arasında yaradılan güclü rəqabət mühiti beyinin daha aktiv olmasına səbəb olur. Bu üsul əsasən, tələbələrin diqqət probleminin həllinə kömək edir, iştirakçı tərəflərdə motivasiyanı yüksəltməyə və öyrənmə prosesini daha əyləncəli hala çevirməyə xidmət edir. Araşdırmalar göstərir ki, bu metod ənənəvi öyrətmə metodlarından dəfələrlə effektivdir.
"BeUstad”ın bütün təlim və kurslarında oyunlaşdırma metodunu tətbiq etməsi ilə iştirakçıların kurslarda öyrəndikləri bacarıqların gələcəkdə daha effektiv istifadəsinə imkan yaranır. 

Mərkəzdə təcrübi biliklərin öyrədilməsinə üstünlük verilir ki, bu da tələbələrin gələcəkdə rəqabətədavamlı, peşəkar kadr kimi formalaşmasına birbaşa təsir edir. Dərslər yalnız sinif otaqlarında keçirilmir. Məsələn, jurnalistika və aparıcılıq kursunda dərslər müxtəlif məkanlarda (radio, televiziya kanalları, çəkiliş meydançaları və s.) keçirilir. Tur bələdçiliyi kursunda tələbələr turistik yerlərdə gəzdirilir, onlar üçün müxtəlif rayonlara səfərlər təşkil edilir. Tur bələdçisinin işi, turistlərlə düzgün ünsiyyət qurmağın sirləri və s. kimi bütün zəruri məlumatlar verilir. Bağbanlıq kursunda dərslər həm ofisdə, həm də müxtəlif parklarda keçirilir, tələbələrə bitkilərə isti və soyuq havalarda qulluq edilməsi qaydaları və s. öyrədilir. Bütün bunlar tələbələrin yerində, əyani olaraq iş prosesi ilə yaxından tanış olmalarını təmin edir ki, bu da tədris olunan biliklərin daha yaxşı qavranılması və yaddaşda saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır.

- Müəllimlərinizi hansı kriteriyalara əsasən seçirsiniz? Bildiyim qədərilə, tanınmış idman jurnalistləri, məşhur simalar da sizin təhsil mərkəzinin müəllimləri siyahısındadır. 
Mərkəzimizdə fəaliyyət göstərən hər bir müəllim öz sahəsində tanınan, yüksək peşəkarlığa malik olan mütəxəssislərdir. Belə ki, təhsil mərkəzində çalışacaq müəllimlərin seçimi zamanı müvafiq sahədə ən azı 5 il təcrübəsi olan namizədlərə üstünlük verilir. Eyni zamanda, özünü müəllim kimi sınamaq istəyən şəxslər üçün də "BeUstad” tərəfindən hər cür şərait yaradılır.
Seçim prosesi bir neçə mərhələdə həyata keçirilir. İlk olaraq, mərkəzə müraciət etmiş namizədlərlə tanışlıq məqsədi daşıyan ümumi müsahibə aparılır, test mərhələsi ilə müəllimlərin bilik səviyyəsi yoxlanılır. Növbəti mərhələdə "BeUstad” namizədlər üçün sınaq dərsi təşkil edir. Rəhbər və məsul şəxslər dərs prosesində iştirak edərək, müəllimin peşə hazırlığı, təcrübi bacarıqları, işə yaradıcı yanaşması, dərsi səmərəli keçib-keçməməsi, tələbələrə qarşı münasibətini və s. qiymətləndirirlər. Bunun əsasında namizədin mərkəzdə müəllim kimi fəaliyyət göstərib-göstərməyəcəyinə dair qərar verilir.

Bəs Təhsil Mərkəzində tədris prosesinə xarici mütəxəssislər cəlb edilirmi?
Mərkəzdə tətbiq olunan, qabaqcıl beynəlxalq təcrübəyə söykənən tədris metodları sayəsində dünya arenasında müvafiq sahələr üzrə yüksək peşəkarlığa malik, rəqabətədavamlı mütəxəssislər hazırlanır. "BeUstad” komandası gənclərin ixtisaslaşdığı sahələrə dərindən bələd olmaları üçün yerli mütəxəssislərlə yanaşı, bir sıra xarici peşəkarlarla əməkdaşlıq edir, tələbələrin dünya təcrübəsindən yararlanmalarını təmin edir.
Burada xarici mütəxəssislər tərəfindən həm onlayn, həm də əyani dərslər tədris olunur. Məsələn, hazırda bağbanlıq kursunda Türkiyədən gələn mütəxəssis əyani şəkildə dərs keçir.

- Son olaraq, yüksək səviyyəli təhsil mərkəzi axtarışında olanlara nə kimi tövsiyələr verərdiniz?
- Hər şeydən öncə, müəllimin yüksək dərəcəli biliklərə malik olmasının önəmini qeyd etmək lazımdır. Təbii ki, tələbənin öyrənməsi və hərtərəfli inkişafında mühitin də əvəzolunmaz rolu vardır. Belə ki, "BeUstad” Təhsil Mərkəzində bütün tələbələr fərdi olaraq qiymətləndirilir, koordinasiyalı şəxslər onlara uyğun kursları seçməyə kömək edir. Seçim imkanları tələbələrin gələcək təhsil və karyera planlarına, qabiliyyətlərinə, maraqlarına, vərdişlərinə və təcrübəsinə görə dəyişə bilir. Onlara gələcəkdə uğurlu karyera qurmaları üçün peşəkarlar tərəfindən maliyyə məsləhətləri, lazımi tövsiyələr verilir, daimi dəstək göstərilir.
"BeUstad” düzgün karyera planlama, lazımi bacarıq və qabiliyyətləri inkişaf etdirmək və məqsədyönlü sosiallaşmaq üçün hər cür şərait yaradılmış ideal mərkəzdir. Odur ki, hər kəs tərəddüd etmədən mərkəzimizə müraciət edə bilər.
 


OXŞAR XƏBƏRLƏR