"Bəzən gecələr səssizcə onun şəkilinə baxıram" - Şəhid atası

"Bəzən gecələr səssizcə onun şəkilinə baxıram" - Şəhid atası
SOSİAL
11:36 20.04.2025
479
Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olan Ülvi Mikayılovun doğmaları bu gün həm hüzn, həm də qürur içindədir. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunan şəhidin atası Bəhruz Mikayılov övladının vəsiyyətlərini göz yaşları və fəxrlə xatırlayır.

AZXEBER.COM-a açıqlama verən şəhid atası oğlunun vəsiyyətini yerinə yetirdiyini deyir:
 
"Oğlum hərbi xidmətə yollanandan bir ay sonra onun görüşünə getmişdim. Orada əsgər yoldaşları ilə birlikdə çay süfrəsində əyləşəndə dostları gülə-gülə dedilər ki, Ülvi gələndən şəhid olacağını deyir. Şəhid olmamışdan bir ay öncə yenə də əsgər yoldaşlarına şəhid olacağını söyləyib. Nənəsinə də deyib ki, əgər şəhid olarsa, onu Füzulidə, babasının yanında dəfn edək. Bizə ikinci vəsiyyəti isə belə olmuşdu ki, şəhid olarsa, doğma Füzulimizdə yaşayaq. Oğlumun hər iki vəsiyyətini yerinə yetirdim."

"Ülvi təkcə mənim oğlum deyildi, o bu Vətənin oğlu idi. Oğlum şəhid oldu, amma adı əbədi yaşadı. Bu torpaq – Füzuli, indi mənim üçün müqəddəsdir. Burda hər daşda onun nəfəsini hiss edirəm."

"Bəzən gecələr səssizcə onun şəkilinə baxıram, sanki deyir: 'Ata, mən rahatam, sən də rahat ol. Torpağımız azaddır, vəsiyyətim yerinə yetdi'."

"Oğlum canını Vətənə verdi, mən də ömrümü onun əmanət qoyduğu bu torpaqlarda yaşamağa həsr edəcəyəm."

Füzuli şəhərində yaşayan Bəhruz Mikayılov, şəhid atasının ləyaqəti və qüruru ilə bu torpaqlarda yeni bir həyat qurur. Onun və oğlu Ülvinin hekayəsi təkcə bir ailənin yox, bütün Azərbaycanın hekayəsidir – vətən, vəfa və şəhidlik zirvəsində birləşən müqəddəs bir hekayə..
OXŞAR XƏBƏRLƏR