Bəzi ərazilərdə sürüşmə prosesi aktivləşib - Vətəndaşlar narahatdırlar - VİDEO

Bəzi ərazilərdə sürüşmə prosesi aktivləşib - Vətəndaşlar narahatdırlar - VİDEO
SOSİAL
22:05 31.03.2026
138
Xətai rayonu, Nəsirəddin Tusi küçəsi ilə Gəncə prospektinin kəsişməsindəki torpaq sürüşməsi sakinləri narahat edir.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl eyni ərazidə yolun çökməsi ilə bağlı xəbər hazırlamışdıq, hazırda aidiyyəti qurumlar həmin ərazidəki problemi aradan qaldırılmağa çalışır. Bununla belə, yolun digər tərəfində sürüşmə davam edir.

Normadan artıq yağan yağışlar sürüşmənin miqyasını genişləndirib.

Sakinlərin bəziləri deyirlər ki, sürüşmə zonasında yeni binaların tikilmə ehtimalı da var. Burada tikinti aparılsa, digər binalar da sürüşmənin hədəfinə çevriləcək.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyindən bildirildi ki, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır. Artıq Fövqəladə Hallar Nazirliyi ilə birlikdə görülməsi vacib olan qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb. Monitorinqlər zamanı Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb. Monitorinqlər davam etdirilir və ilkin məlumatlar əsasında icrası zəruri olan qabaqlayıcı tədbirlərin əsas istiqamətləri müəyyənləşdirilərək müvafiq qurumlara təqdim olunur.

Sürüşmə zonasında tikinti işlərinin həyata keçirilməsi ilə bağlı isə Dövlət Arxitektura və Şəhərsalma komitəsindən  bildirildi ki, Bakı şəhərinin təsdiq olunmuş Baş planına əsasən, sözügedən ərazi yaşayış zonası statusuna malikdir. Bununla belə, həmin ünvan üzrə hər hansı tikinti işlərinin həyata keçirilməsi üçün heç bir icazə sənədi verilməyib. Tikintiyə icazə üçün müraciət edilən zaman bir qayda olaraq mövcud qanunvericiliyin tələblərinə əsasən bütün aidiyyəti qurumların rəsmi rəyləri, o cümlədən ərazinin geoloji vəziyyəti kimi amillər nəzərə alınaraq qərar qəbul edilir.

OXŞAR XƏBƏRLƏR