Bəzi məktəblərdə müəllim çatışmazlığı yaşanır - VİDEO

Bəzi məktəblərdə müəllim çatışmazlığı yaşanır - VİDEO
SOSİAL
09:42 30.09.2026
104
Məktəbdə müəllim çatışmazlığı yaşanır, 2 həftədir şagirdlərə bəzi fənlər tədris edilmir.

Bu şikayətlə paytaxtın Xəzər rayonunda yerləşən 292 nömrəli tam orta məktəbinin valideynləri "Xəzər Xəbər”ə müraciət ediblər.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, valideynlər bildirirlər ki, yeni tədris ili başlayandan 5-ci sinifdə təhsil alan övladlarına Azərbaycan dili, Ədəbiyyat, İngilis dili və Təbiət fənləri tədris edilmir. Valideynlərin sözlərinə görə, əsas fənləri qeyri-ixtisas müəllimlərinin  əvəzləməsi övladlarının tədris prosesinə ciddi təsir göstərir.

Valideynlər onu da bildirirlər ki, bəzən də əvəzedici müəllimlər olmadığı üçün şagirdlər bu dərsləri boş keçirlər. Xüsusilə uzaq məsafədən övladlarını gətirənlər buna görə problem yaşayırlar. Onların sözlərinə görə, məktəbli avtobusları ilə təhsil müəssisəsinə gələn şagirdlər müəllim çatışmazlığı səbəbindən dərsdən tez çıxmağa məcbur olurlar.  

İddia olunur ki, problem təkcə bu məktəbdə yaşanmır. Binə qəsəbəsində yerləşən Rasim Sadıqov adına 136 nömrəli məktəbin şagirdləri də oxşar məsələdən əziyyət çəkirlər.

"Xəzər Xəbər”ə müraciət edən 6B sinif şagirdlərinin valideynləri bildirirlər ki, məktəbdə Rus dili, İngilis dili və Təbiət fənləri müəllim çatışmazlığı səbəbindən keçirilmir.

Hər iki məktəbdə yaşanan problemlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq.

İdarədən "Xəzər Xəbər”ə bildirildi ki, 136 və 292 nömrəli tam orta ümumtəhsil məktəblərində tədris prosesində fasiləsizliyin təmin edilməsi, müvəqqəti kadr çatışmazlığı səbəbindən dərs prosesinin pozulmaması və məsələnin ən qısa müddətdə həllini tapması istiqamətində zəruri tədbirlər görülür. Məktəblər üzrə vakansiya təminatı davam etdirilir. 292 nömrəli tam orta məktəbə Azərbaycan dili və Ədəbiyyat müəllimi göndərilib.

OXŞAR XƏBƏRLƏR