"Bəzi şəxslər "tiktok"da, "instagram"da "like" toplamaq üçün yalan məlumatlar yayır"
SOSİAL
15:21 15.08.2023
460
"Dünən baş verən dəhşətli qəzadan sonra bloger Nicat Şakirli haqda sosial şəbəkələrdə bəzi neqativ şərhlərə rast gəldim. Onu deyə bilərəm ki, Nicat Azərbaycanın ən məşhur blogerlərindən biridir, o yumoristik videoları ilə paylaşıb, hazırladığı videolarda heç bir zaman qeyri-etik davranışlara yol verməyib. Dünənki qəzada rəhmətə gedən şəxsə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli deyib.
O bildirib ki, dünən Heydər Əliyev prospektində baş verən qəzadan sonra hadisə ilə bağlı sosial şəbəkələrdə dezinformasiyalar və feyk nyuslar yayılıb:
"Nicatın sosial şəbəkələrdə milyonlarla izləyicisi var və onu sevənlər bu qəzadan sonra çox narahat idilər. Çox təəssüflər olsun ki, dünən sosial şəbəkələrdə qəza ilə bağlı xeyli yalan məlumatlar yayıldı. Blogerin və qardaşının vəfat etdiyi deyildi. Bütün bunlar cəmiyyəti narahat edən məsələlərdir və jurnalistikaya, mediaya aidiyyatı olmayan şəxslər tərəfindən yayılır. Bəzi şəxslər "tiktok"da, "instagram"da "like" toplamaq üçün belə ucuz yollara əl atırlar. Bu isə nəticədə cəmiyyətdə çaşqınlıq yaradır, həmin şəxslərə müraciət edirəm ki, bu kimi hadisələrdə yalnız rəsmi mənbələrə istinad etsinlər".