“Bəzi valideynlər müəllimi xidmətçi kimi görür” - Təhsil eksperti

“Bəzi valideynlər müəllimi xidmətçi kimi görür” - Təhsil eksperti
SOSİAL
14:46 14.05.2026
476
Qazaxıstanda təhsil sahəsində intizam qaydaları sərtləşdirilir. Qazaxıstanda valideynlər şagirdin müəllimə qarşı hörmətsiz davranışına görə 86.500 təngə (təxminən 320 AZN) məbləğində cərimə edilə bilərlər. Əgər analoji hal inzibati cəzadan sonrakı bir il ərzində yenidən təkrarlanarsa, cərimənin məbləği artırılaraq 130.000 təngəyə (təxminən 480 AZN) çatdırılacaq.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli AZXEBER.COM-a açıqlamasında deyib ki, Qazaxıstanın tətbiq etdiyi qayda əslində çox ciddi bir mesajdır:

"Bu gün məktəbdə müəllimin ən böyük problemi artıq dərs keçmək deyil, özünü qorumaqdır. Çünki bir çox hallarda müəllim sinifdə tək buraxılır. Bir çox müəllimə qarşı qeyri-etik davranılır, valideyn gəlib müəllimi ittiham edir, sosial şəbəkələrdə isə müəllim linç edilir. Amma heç kim soruşmur ki, bu müəllim hansı şəraitdə işləyir. Qazaxıstanın tətbiq etdiyi qayda əslində çox ciddi bir mesajdır. Müəllim toxunulmaz fiqur olmasa da, hörmət edilən bir şəxs olmalıdır.

Müəllimə qarşı təhqir, kobudluq və psixoloji təzyiq artıq adi hal kimi qəbul edilməməlidir. Çünki son illər bəzi valideynlər müəllimi xidmətçi kimi görməyə başlayıb. Uşaq evdə düzgün tərbiyə almayıb məktəbə gəlir və müəllimə qarşı hörmətsizlik edir”.

O qeyd edib ki, məktəbdə müəllimin sözü keçməyəndə nə intizam, nə də təhsil olur:

"Ən təhlükəli məqam isə budur ki, müəllim artıq uşağa irad bildirməyə qorxur. Çünki bilir ki, sabah bu vəziyyət videoya çəkilib sosial şəbəkələrdə paylaşılacaq və onun üzərinə çoxsaylı ittihamlar gələcək. Bu vəziyyət istər-istəməz təhsilə mənfi təsir göstərir. Məktəbdə müəllimin sözü keçməyəndə nə intizam olur, nə də təhsil. Düşünürəm ki, Azərbaycanda da müəllimi qoruyan daha sərt hüquqi mexanizmlər olmalıdır. Çünki biz illərlə yalnız şagird və valideyn hüquqlarından danışmışıq, amma müəllim tam müdafiəsiz qalıb. Müəllim də insandır, onun da psixologiyası, əsəbləri və ailəsi var. Hər gün təzyiq və təhqir görən insan necə keyfiyyətli dərs keçə bilər?”.
 
Təhsil eksperti vurğulayıb ki, bu qaydanın Azərbaycanda da tətbiqi zəruridir:

"Bu gün bəzi valideynlər elə düşünür ki, uşağı məktəbə qoymaqla bütün məsuliyyəti müəllimin üzərinə ata bilərlər. Halbuki tərbiyə evdə formalaşmadıqda məktəb təkbaşına möcüzə yarada bilməz. Ən acınacaqlısı isə odur ki, əvvəllər valideyn uşağının dərsi ilə maraqlanırdı, müəllimlə əlaqə saxlayırdı. İndi isə bəzi hallarda valideynlər müəllimlə mübahisə edirlər. Sonra da cəmiyyət soruşur ki, niyə məktəblərdə intizam zəifləyir?

Müəllimin nüfuzu qorunmadan məktəbdə qayda-qanun yaratmaq mümkün deyil. Qazaxıstanın atdığı addım da məhz buna yönəlib. Düşünürəm ki, bu, dövrün reallığıdır və bizim ölkəmizdə də bunun tətbiqi mütləq şəkildə zəruridir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR