Cəlilov səfərin birinici yarısının başa çatdığını, ikinci və əsas hissənin isə gələcəyə planlaşdırıldığını dedi: “Bu ideya məndə çoxdan var idi. İstəyirdim Türkiyə, yaxud Rusiyada idman jurnalistikasına aid praktik toplantılara, seminarlara qatılım. Ən azından bizdəki industriyadan xeyli irəlidə olan bu ölkələrdəki həmkarlarla və KİV təşkilatlarıyla əməkdaşlıq qurum. Elə oldu ki, “Türkiye Spor Yazarları Derneği” (TSYD) ilə söhbətlərimiz nəticəsində mənə dəvət gəldi. Avqustun 2 həftəsini İstanbulda məhz görüşmələrdə keçirdik. Ora iki keçmiş həmkarımla – Nail Nurəddinoğlu və Rəsul Şükürsoyla birlikdə getmişdik. Onlar biznes danışıqları üçün, mən sırf mediayönümlü görüşləri üçün getmişdim. Hər halda İstanbulda nə lazımdısa görüşmələr oldu, işin inkişaf eləməsinin növbəti mərhələsi Azərbaycandan asılıdı, ancaq yenə hiss edirəm ki, ləngimə var. TSYD-nin katiblik şurası və idarə heyətiylə görüşlərim və iki günlük seminara qatılmağım əslində mənim üçün sevindirici olmadı. Nəticədə öz ölkəndəki vəziyyətlə gördüyün durumu müqayisə edirsən və bütün olan-qalan ümidin və həvəsin də ölür. TSYD-də bildirdilər ki, Azərbaycanda analoji qurumu yaratmağa cəhd etsək, hərtərəfli yardım etməyə hazırdılar. Bu hüququ yalnız bizə verdilər və bu haqda TSYD-də mənim qeydim yazılıb. Onlara hardan müraciət gəlsə, məhz məni axtaracaqlar qurumun Bakıda analoji formasını yaratmağa”.
Cəlilov daha sonra bildirdi ki, işlərin başlamağı üçün gələn il, ya da bu ilin sonlarında yenidən səfərə çıxacaq: “Danışığımız belə oldu ki, əgər mən Azərbaycanda hər hansı cüzi nəticə əldə etsəm yenidən İstanbula qayıdıb bu haqda məlumat verirəm və konkret planımı təqdim edirəm. Ancaq mən hələ heç bir qurumdan razılıq əldə edə bilməmişəm. Gənclər və İdman Nazirliyinə ümumiyyətlə, müraciət eləməyim gəlmir, çünki inanmıram belə bir quruluşu formalaşdırmağı mənə həvalə etsinlər. İdman yazarlarını bir qurumda birləşdirmək və idman mediasının peşəkar idarəçilik prosedurasını qurmağı tənqidi yazara həvalə etmək ağıla batan şey deyil bizim ölkədə. Hələ adicə qurumun mətbuat xidmətinin rəhbəri yazılarıma görə məni didib-parçalamağa hazır olduğu göstərmişdi bir dəfə, qalmışdı iş görməkdə dəstək versin. Bundan başqa, mən Türkiyədə “TV ve gazetecilik” bölümü üzrə ixtisasartırma kurslarına qəbul olunmuşam, ancaq kursa qatıla bilmirəm. Ən azı bir neçə ay orda qalmaq üçün xərcləri qarşılamaq lazımdı və buna imkanım çatmır, hamı bilir ki, məsələn Türkiyədə idman yazarı ayına ən azı 15-20 min avro qazanır, Azərbaycanda isə 500-700 qazansa şükürlüdü. Bax belə mənasız problemlər var ki, biz inkişaf etmək istəsək də qarşımızı alır. Hər halda mən mütləq cəhd edəcəm və alınacaq. Azərbaycanda idman mediasının inkişafı xüsusən gənc nəsli düşündürməlidi, əgər bu peşəyə ciddi yanaşıb qalıb burada işləmək istəyiriksə onda nəsə dəyişməyə çalışmalıyıq. Bizdən əvvəlki nəsil yerində saymaqla məşğul olub, ya dəyişiklik etməyə meyli olmayıb, baş nəyə qarışıb, bilmirəm, hər halda çalışmaq lazımdı, birlikdə nəsə edək. Biabırçı gündəyik, hansısa klubun reklam pulu ilə dolanır idman mediasının 95 faizi. Onun da artıq şitini-şorunu çıxardıblar. O qədər dəxli olmayan şəxslər axışıb, idman yazarı adı ilə 5-6 manat “reklam pulu” alıb oturur yerində, peşəkarların da adı batır”.