Bıçaqladı, öldüyünü zənn edib hadisə yerindən qaçdı - Ağcabədidə baş verən HADİSƏNİN TƏFƏRRÜATI

Bıçaqladı, öldüyünü zənn edib hadisə yerindən qaçdı - Ağcabədidə baş verən HADİSƏNİN TƏFƏRRÜATI
SOSİAL
21:12 24.09.2026
152
Ağcabədi rayonunda baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 12 radələrində rayonun Qaradolaq kəndində qeydə alınıb.

Kənd sakini Məhəmmədəli Cəfərov yaşadığı evdə həyat yoldaşı Səbinə Cəfərovanı bıçaqlamaqda şübhəli bilinir.

Məlumata görə, ailənin üç azyaşlı övladı var. Məhəmmədəli Cəfərov sürücüdür, özünə məxsus "QAZel" markalı avtomobillə kənd və rayona yükdaşıma ilə məşğuldur. Onun həyat yoldaşı S.Cəfərova isə evdar qadındır, heç bir yerdə işləmir.

M.Cəfərov səhər saatlarında rayon ərazisinə yük aparıb, günorta saatlarında isə evinə qayıdıb. M.Cəfərov evinə qayıdaraq həyat yoldaşı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və dava zamanı o, həyat yoldaşına bir neçə bıçaq zərbəsi endirib. O, həyat yoldaşının öldüyünü zənn edərək idarə etdiyi "QAZel" markalı avtomobillə rayon istiqamətinə gedib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən M.Cəfərov saxlanılıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Xəsarət alan qadının vəziyyəti ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, sentyabrın 24-də saat 12 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qarın boşluğunun daxilə keçən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR