Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş "Qlobal Stone” MMC-nin pbaş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, Binəqədi rayon icra hakiminin sabiq müavini Qəzənfər Novruzov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
Prosesdə cinayət işinin 10-cu cildində olan sənədlər elan ediləndən sonra Miryusif Mahmudovun vəkili çıxış edib. O bildirib ki, ekspertlərə meyitlərdən götürülmüş bio materialları təqdim olunmayıb: "Bu qan qruplarına da aiddir. Amma belə material ekspertə təqdim edilmədiyi üçün kimyəvi təhqiqatla bağlı verilən rəy düzgün deyil. Hadisə yerindən götürülən qan nümunələri da ekspertlərə təqdim edilməyib. Bunun nəzərə alınmasını xahiş edirik".
Təqsirləndirilən Miryusif Mahmudov istintaqa verdiyi ifadəsi ilə məhkəməyə verdiyi ifadənin elan olunmasını istəyib. Hakim isə bildirib ki, hər iki ifadə eynidir: "İfadələr arasında ziddiyyətlər yoxdursa, dindirilmələrin elan olunması qanunvericiliyə görə uyğun deyil".
Buna Miryusif Mahmudov və onun vəkili etiraz edib. Miryusif Mahmudov bildirib ki, ittiham həddindən artıq şişirdilib: "Ittihamda sexi ediblər zavod, şirkətin təsisçisi olduğum halda məni faktiki direktor kimi göstəriblər. 25 cildlik cinayət işində bir dənə də olsun sübut yoxdur ki, mənim günahım var. Bu qədər böhtan olmaz".
Daha sonra Miryusif Mahmudovun 2016-cı ilin fevralında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət etdiyi elan olunub. O, müraciətində bildirib ki, binanın yandırılması təxribatdır.
Vəkil deyib ki, həmin sənəddə şahid Pərvin Kazımovun səs yazısı var. Vəkil həmin səs yazısının elan edilməsini istəyib. Dövlət ittihamçısı buna etiraz edib. Hakim isə deyib ki, həmin şahidin səs yazısı işdə yoxdur. Vəkilin sözlərinə görə, vacib olan sənədlər cinayət işindən çıxarılıb.
Ədalət Rəcəbovun bildirdiyinə görə, Miryusif Mahmudovu Heydər məscidinin tikintisi zamanı tanıyıb. Onun sözlərinə görə, 2013-cü ildə binada tikinti işləri başa çatanda görüşüblər: "Mənim Miryusif Mahmudovla telefon danışıqlarım olmayıb".
Hakim işdə olan Ədalət Rəcəbovun Miryusif Mahmudova göndərdiyi SMS və telefon danışıqlarını elan edib.
Miryusif Mahmudov deyib ki, Ədalət Rəcəbovla 2014-cü ildə tanışlığı olub: "Binəqədi rayonun ərazisində oğluma ev tikirdim. Kanalizasiya ilə bağlı problem yaranıb. Buna görə də Ədalət Rəcəbovla əlaqə saxlamışam. Telefon danışıqlarında səs yazısını ortaya qoyun və sonra deyin ki, biz əlbir olmuşuq. Öz işçilərimlə belə telefonda işlə bağlı danışmamışam".
Proses dekabrın 1-də davam edəcək.
Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədaləto Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, "poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən "Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, "poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutalan cianyət işi başlanılıb.
///Lent.az