İntensiv yağıntılar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
AZXEBER.COM xəbər verir ki, xüsusilə, rayonlar üzrə sukanal idarələrinin işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm işlər icra edir.
Paytaxtın bəzi ərazilərində Xidmətin tullantı su şəbəkəsi, yağış və qrunt sularını daşımaq üçün drenaj sistemi mövcud deyil. Belə ərazilərdə intensiv yağıntılar zamanı küçə və həyətlərə suların yığılması halları qaçılmazdır.
"Bakı şəhərinin baş planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.
Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahə adlanan ərazidə yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən layihə hazırlanıb. Layihə çərçivəsində drenaj sistemi qurulur. Xəzər rayon Sukanal İdarəsi tərəfindən layihə üzrə diametri 160 millimetrlik 700 paqonometr təzyiqli xəttin inşası tamamlanıb. Uzunluğu 785 paqonometr olan özüaxımlı kanalizsiya xətti çəkilib. Xəttin 400 paqonometri diametri 400 mm, 385 paqonometri isə diametri 300 mm-lik boru ilə inşa olunub. Bundan başqa 20 ədəd baxış quyusu quraşdırılıb. Hazırda ərazidə tikinti quraşdırıma işləri davam etdirilir.
Yağıntılardan sonra Binə qəsəbəsi, "Bakavtomat” zavodu ətrafında yerləşən yaşayış massivində də subasma halları müşahidə edilib. Ərazinin yaxınlığında yağış suyu və kanalizasiya şəbəkəsi olmadığından vətəndaşların həyətyanı sahələri və küçələri su altında qalıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları operativ olaraq vəziyyəti qiymətləndirərək dərhal xüsusi texnikalarla suyun çəkilməsi işlərinə başlayıblar. Yaxınlıqda şəbəkə olmadığından toplanan yağış sularının kənarlaşdırılması üçün əraziyə 2 ədəd lilsovuran avtomaşın cəlb edilib. Suların maşınlar vasitəsilə yığılaraq ərazidən kənarlaşdırılması həyata keçirilir.
Xəzər rayon Sukanal İdarəsinin baş mühəndisi Emil Abbasov bildirib ki, yağıntılardan sonra Xəzər rayon Sukanal İdarəsinin xidməti ərazilərində Şağan qəsəbəsi Yeni sahədə həyət evlərində subasma halları müşahidə edilirdi və bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən həmin ərazi üzrə mühəndis axtarış işləri aparılıb, ərazilərə yığılan suyun kənarlaşdırılması üçün dalğıc tipli nasos quraşdırılıb və suyun kənarlaşdırılması təmin edilib. "Digər ərazi, Binə qəsəbəsi "Bakavtomat” yolunun kənarında yaşayış massivində suyun kənarlaşdırılması üçün isə lilsovuran maşınlar cəlb edilib. Hazırda da gündəlik olaraq maşınlar ayrılıb suyun kənarlaşdırılması işi aparılmaqdadır”.
Qeyd edək ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.