Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZXEBER.COM-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsindəki mənzildə baş verdiyi və sakinlərdən bir neçəsinin binanı tərk edə bilməməsi səbəbindən təhlükəli vəziyyətlə üz-üzə qaldığı müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Həmçinin, xüsusi təyinatlı texnikanın - avtokranın tətbiqi ilə yuxarı mərtəbələrdə təhlükədə qalmış sakinlər xilas ediliblər.
Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb, yüksək temperaturdan ümumi dəhlizin divarları 20kv.m. sahədə deformasiya edib.
Digər mənzillər yanğından mühafizə olunub.