Bir aya 10 kilo arıqlamaq mümkündür? – Dietoloq açıqladı

Bir aya 10 kilo arıqlamaq mümkündür? – Dietoloq açıqladı
SAĞLAMLIQ
17:09 29.07.2026
99
Son illər sosial şəbəkələrdə sürətli arıqlama vədləri ilə bağlı paylaşımların sayı nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə "bir aya 10 kilo”, "bir aya 6 kilo arıqlayın” kimi iddialar, arıqlama iynələri, müxtəlif qida əlavələri, çaylar, tozlar və digər məhsullarla bağlı reklamlar geniş yayılıb. Bir çox paylaşımda qısa müddətdə böyük nəticələr vəd olunur, bəzi hallarda isə "əziyyətsiz”, "idmansız” və "pəhrizsiz” arıqlama mümkün olduğu iddia edilir. Bu cür məzmunlar sosial şəbəkələrdə milyonlarla baxış toplasa da, onların nə dərəcədə real və hər kəs üçün keçərli olduğu tez-tez müzakirə mövzusuna çevrilir.

Tanınmış həkim dietoloq, diet kitablar müəllifi, uzun ömürlük üzrə exspert Leyla Zülfüqarlı bildirib ki, arıqlamaq mövzusu hər zaman ən çox müzakirə olunan mövzulardan biridir: 

"Arıqlamaq mövzusu hər zaman ən çox müzakirə olunan və ən populyar mövzulardan biridir. Təəssüf ki, bəzi insanlar bu mövzudan sui-istifadə edərək müxtəlif saxta məhsullar satmağa, yaxud şəxsi biznes maraqlarını təmin etməyə çalışırlar. Bu isə cəmiyyətə yanlış təsir göstərir. Sağlam arıqlama üçün ilk növbədə insanın kökəlmə səbəbi müəyyən edilməlidir. Bu isə həkim-dietoloqun əsas vəzifəsidir. Arıqlama zamanı rəqəmlər hər kəs üçün fərqlidir. "Bir aya 10 kilo” və ya "bir aya 3 kilo” kimi ifadələri hər kəsə şamil etmək düzgün deyil. Bu, tamamilə insanın bədən quruluşundan, çəkisindən, piy faizindən və ümumi sağlamlıq vəziyyətindən asılıdır. Məsələn, əgər insanın çəkisi 55 kiloqram, boyu isə 1,60 metrdirsə və bədən kütlə indeksi normaldırsa, onun 5-10 kiloqram arıqlaması məqsədəuyğun deyil. Hətta 5 kiloqram arıqlaması lazım olsa belə, bunu qısa müddətdə etmək düzgün deyil. Çünki az çəkili insanlarda sürətli arıqlama əzələ itkisinə səbəb ola bilər. Bizim əsas məqsədimiz isə yağ toxumasını azaltmaqdır, əzələni yox”.


O qeyd edib ki, insanlar normal arıqlamaq metodunu bilməlidir:

"Amma artıq çəkisi çox olan insanlarda vəziyyət fərqlidir. Məsələn, əgər bir şəxsin 30 kiloqram artıq çəkisi varsa, həmin şəxsin ilk ayda 10 kiloqram arıqlaması mümkündür. Bu o demək deyil ki, hər kəs 3 ayda 30 kiloqram arıqlayacaq. Sadəcə, artıq piy ehtiyatı çox olduğu üçün ilkin mərhələdə çəki itkisi daha sürətli baş verə bilir. Məsələn, çəkisi 70 kiloqram olan və 12-18 kiloqram arıqlamalı bir insanda nəticə də fərqli ola bilər. Biz əvvəlcə bədən analizatoru vasitəsilə onun yağ, əzələ və su faizini qiymətləndiririk. Əgər yağ faizi yüksək, əzələ kütləsi isə normaldırsa, həmin şəxs ilk ayda 6-9 kiloqram arıqlaya bilər. Burada əsas məqsəd əzələni qoruyaraq yağ itirməkdir.
Ona görə də "bir aya 10 kilo arıqlayın” və ya "bir aya 6 kilo arıqlayın” kimi şüarlar hər kəs üçün doğru deyil. Məsələn, 60 kiloqram çəkisi olan bir insanın bir ay ərzində 10 kiloqram arıqlaması sağlam hesab edilə bilməz. O, bəlkə də bu çəkini itirər, amma bu, əsasən əzələ və su itkisi hesabına baş verər. Nəticədə insan sağlam deyil, xəstə görünüşlü şəkildə arıqlamış olar”.

"Bəli, bir ayda 10 kiloqram və ya 6 kiloqram arıqlamaq mümkündür. Amma əsas məsələ bunun necə həyata keçirilməsidir. Arıqlama proqramı insanın bədən quruluşuna, yağ faizinə və sağlamlıq göstəricilərinə uyğun planlaşdırılmalıdır. Təəssüf ki, bu gün arıqlama mövzusu həddindən artıq kommersiyalaşıb və bəzən çox səthi şəkildə təqdim olunur. Halbuki sağlam arıqlama fərdi yanaşma tələb edir”,-deyə dietoloq deyib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR