Teleməkanda fərqli layihələrə imza atan Kamran Həsənli son vaxtlar efirdə çox az görünür. Tanınmış şoumen efirdə az görünməsini telekanalların nüfuzdan düşməsi ilə əlaqələndirir.
- Efirə tez-tez çıxmağın mənası yoxdur. Azərbaycan telekanalları son 4-5 ildə nəzərəçarpacaq dərəcədə zəifləyib. Bu gün telekanallar ancaq yemək bişirmək, zəngülə vurmaq və adam evləndirməklə məşğuldurlar. Bu cür davam etsə, tamaşaçılar telekanallardan tamamilə üz döndərəcəklər. Belə verilişlər insanları bezdirib. Hətta iş o həddə çatıb ki, mətbəxt verilişlərinin səviyyəsi dövlət başçısını da narahat etməyə başlayıb. Kənardan baxanda adama elə gəlir ki, bizim millətin üç arzusu var: çalıb-oynamaq, xörək bişirib yemək və ailə həyatı qurmaq. Televiziyalara baxanda adam dəhşətə gəlir. Ќə bir sanballı şou var, nə də tok-şou. Olan verilişlərin də səviyyəsi çox aşağıdır. - Telekanallarda ciddi tok-şouların olmamasının təqsiri kimdədir? Hakimiyyət buna imkan vermir, yoxsa telekanal rəhbərləri ciddi tok-şouların hazırlanmasına maraq göstərmirlər? - 2000-ci ildən bəri mən bir dəfə də təzyiqlə üzləşməmişəm. - Belə çıxır ki, bizə məlum olmayan səbəblər var... - Təbii. "Sizin saat" tok-şou idi. Orada müxtəlif mövzular müzakirə olunurdu. Son 3-5 ildə televiziya məkanında bir boşluq yaranıb. Çalışırlar ki, istedadlı adamları sıxışdırıb aradan çıxarsınlar. Amma istedadlı kadr yüz ildən bir yetişir. Aparıcı kimdir? Milləti yönəldən adam. Bəla burasındadır ki, millət oxumur. Sovet dövründə bir şair kəskin şeir yazanda, bütün sistem ayağa qalxırdı. Niyə? Çünki çamaat şeir oxuyurdu. Şairdən deyil, camaatdan qorxurdular. Televiziya isə bütün dünyada təbliğat maşını sayılır. Rusiyada onlarla telekanal var. Amma ORT və RTV ciddi kanaldır. Normal adamlar bu kanallara baxırlar. Rusiyada insanların cəmi bir faizini qeybət və ərə getmək maraqlandırır. Onlar üçün də ayrıca telekanal var. Bizim telekanallar isə ancaq ərə getməyi təbliğ edirlər. - Teleaparıcıların səviyyəsi Sizi qane edirmi? - Televiziyalarda üç qrup özünə yer edib. Birincilər işgüzar yaltaqlardır. Bu, çox böyük komandadır. Bütün günü ora-bura girir, koridorlarda gəzir, intriqa yaradırlar. Onlarla mübarizə aparmaq mənasızdır. İkinci qrupda texniki işçilər təmsil olunur. Onlar heç kimə baş qoşmurlar. Başlarını aşağı salıb öz işləri ilə məşğul olurlar. Cüzi maaş alsalar da, onu itirmək istəmirlər. Üçüncü qrupda isə istedadlı adamlar toplanıb. Onların sayı çox deyil. Yaltaqlar bu adamları sıradan çıxarmaq üçün əllərindən gələni edirlər. Çünki onlardan qorxurlar. Bizim kimi adamlar yaltaqlara sərf etmir. Onlar yavaş-yavaş bütün telekanalları ələ keçirirlər. Televiziyalarda real vəziyyət belədir. Televiziya millətin güzgüsüdür. Ona baxanda bilirsən ki, millət nəyə qadirdir. Əgər bizim sifətimiz budursa, onda vay halımıza... - İradə İsaqın ANS-dəki verilişində Mehriban Ələkbərzadəni təqlid etdiyini deyənlər var... - Aparıcıların çoxu belədir. Eləsi var məni, eləsi də var ki, Mehribanı təkrarlayır. - Emin Musəvi ortaya problem qoyur, amma sifəti gülür. Problemlərin məngənəsində boğulan və bu barədə ürək yanğısı ilə danışan adam necə gülə bilər? - Gəlin, ad çəkməyək. Telekanalların hamısı bu gündədir. Elə ki, ad çəkirsən, həmin o yaltaqlar komandası işə düşür. Başlayırlar sənə qarşı təxribat eləməyə. Bütün danışdıqlarımız qalır bir yanda, deyirlər ki, Kamran Həsənli Emin Musəvi haqqında filan sözləri danışdı. Onu əllərində bayraq tuturlar. Elə peşəkar telejurnalistlər var ki, bu gün evdə oturublar. Məsələn, Nərgiz Cəlilova kimi peşəkar, işini yaxşı bilən bir telejurnalist indi heç bir telekanalda işləmir. Bu, faciə deyilmi? Nərgiz Cəlilova Azərbaycan televiziyasının tarixidir, canlı əfsanədir. İntellektual səviyyəsi, söz ehtiyatı, diksiyası, xarici görünüşü onu əvəzedilməz edib. Necə olur ki, belə bir xanım işsiz qalır? Onun əvəzinə efirə küçə qadınına oxşayanın biri çıxır. Ona baxanda görürsən ki, əməlli-başlı küçə qadınıdır. Manerası, xarici görünüşü küçə qadınını xatırladan aparıcılar sabahdan axşama kimi efirdən düşmürlər. Bunu Kamran Həsənli deməsə, kim deyəcək? Gənclik efirdən nə görürsə, onu mənimsəyir. Bu, gəncliyin qüsuru deyil, xüsusiyyətidir. Küçə qadınına bənzəyənlər bütün günü efirdədirsə, gənc qızlar da onlara bənzəmək istəyəcəklər. - Küçə qadını saydığınız bu adamları efirə kim buraxır? - Telekanal rəhbərləri. İki cür idarəetmə üsulu var. Bir var çavuş üsulu. Məsələn, çavuş 30 dəfə turnikdə dartınandan sonra əsgərə deyir ki, sən də belə etməlisən. Eləməsən, başına oyun açacam. İkinci üsul isə general üsuludur. O, istedadlıları bir yerə yığır, idarə edir. Rəhbərlik ya televiziyaçı olmalıdır, ya da istedadlı adamları bir yerə yığıb, işi onlara tapşırmalıdır. Bizdə telekanallara yaltaqlar yığışıb. Rəhbərliyin günahı ondadır ki, öz ətrafına bu cür adamları yığıb. Həmin adamlar elə bir mənzərə yaradıblar ki, rəhbərlik onları əvəzedilməz sayır. Amma hər şeyi sponsora bağlamaq olmaz. Televiziya özü sponsor gətirməlidir. Bir əxlaqsız aparıcı televiziyaya nə gətirə bilər? O, cəmiyyəti əxlaqsızlığa sürükləyəcək. Bizdə bu proses gedir. Əxlaqsız aparıcılar efirə həm də sponsorlar sayəsində yol tapırlar. İndi hər şey pul və maddiyyatla ölçülür. Belə getsə, gələcəyimiz çox pis olacaq. Vaxt vardı meydana Murad Dadaşov, Kamran Həsənli, Nərgiz Cəlilova çıxmışdı. Əməlli-başlı rəqabət yaranmışdı. Rəqabət isə inkişafın rəmzidir. Bütün dünya rəqabət sayəsində inkişaf edir. Amma elə bir dövr gəldi ki, Kamrana ehtiyac qalmadı. Dedilər ki, sənə bir qız verim, televiziyan pul gölündə üzsün. Vəssalam! Beləcə, peşəkarlıq maddiyyata qurban verildi. Sistem dəyişdi. Hamı pul dalınca qaçdı. Televiziyaya adam çağırırlar ki, pul alsınlar. Deyirlər ki, 500 manat ver, səni çəkim. Əslində, televiziya dəvət etdiyi adama pul verməlidir. Mənim maraqlı layihələrim var. Amma heç bir telekanal həmin layihələri qəbul etmir. - Səbəb nədir? - Bilmirəm. Bu günə kimi hansı telelayihəm olubsa, tamaşaçılar tərəfindən maraqla qarşılanıb. İstər şou olsun, istərsə də tok-şou. Hamısı göz önündədir. - Deyirlər ki, aparıcı kanalı tərk edəndə, rəhbərlik başqa telekanallara müraciət edir ki, onu işə götürməsin... - Heç kim mənə qarşı bu cür hərəkət etməyib. ANS-dən çıxdım, məndən sonra oxuyanlar da getdi. Amma Vaqif Mustafayev məni "Space" televiziyasına dəvət etdi. Mən ona minnətdaram. - "Kinokampaniya" layihənizi Vaqif Mustafayev dayandırdı. Xalq artisti Nuriyyə Əhmədovanın topladığı imzalarla verilişin "fatihə"si verildi... - Əgər belə bir şey olubsa da mən xəbərsizəm. "Kinokampaniya" Azərbaycan teleməkanının son 10 ildə ən uğurlu lahiyəsi idi. Sırf Azərbaycana məxsus idi. Bizim televiziyaların təqdim etdiyi verilişlər onun-bunun pis nümunəsidir. Bu layihə Azərbaycanın gələcəyi üçün önəm daşıyırdı. Bizim aktyor oyunu, rejissor işi, sənət dəyərləri ilə işimiz yox idi. Filmlər yüksək səviyyədə çəkilib. İndi elə filmlər çəkə bilmirik. Biz deyirik ki, sovet imperiyası bizim mənəviyyatımızı pozub. Necə pozub? Kino, teatr və müxtəlif sənət növləri ilə pozub. Biz filmlərə baxmışıq, amma düşünməmişik. Filmlərdə kişilərimizin qorxaq obrazı yaradılıb. Filmlərdə səslənən sözlər xalq arasında aforizmə çevrilib. Məsələn, "Əhməd haradadır" filmini götürək. Film nəyi təbliğ edir? Əgər ev-eşik istəyirsinizsə, Şirin kişi olun. Rus imperiyasına bu lazım idi. Deyirsiniz ki, Nuriyyə bu layihəni dayandırdı. Yəqin ki, sevinir. Evlilik verilişlərinə baxmaqdansa, filmləri müzakirə etmək daha maraqlı idi. Kino bir millət yaradır. Bu qədər film çəkmişik, saysız-hesabsız qəhrəmanlarımız olub. Amma anlaya bilmirik ki, Azərbaycan filmələrinin hansı qəhrəmanına oxşamaq istəmişik. Bizim layihəni dayandırmağa cəhd edən Nuriyyə xanım bu sualın cavabını verə bilərmi? Bu sualı mən efirdən də verdim. Heç kəs çavab verə bilmədi. - Gəldiyiniz nəticə necə oldu? - Deməli, bizi qəhrəmansızlaşıdırıblar. Kinoda ömrünü fəda edən insanların bunu anlaması belə çətindir? Baş qəhrəman yoxdur. Sonda qəhrəman Məşədi İbad oldu. Bunlar Sabiri başa düşməyiblər, o ki qala Kamran Həsənlini. Kamran kimdir ki? Mirzə Ələkbəri çərlədib öldürüblər. Dərd bundadır. "Ölülər"i yazan adam hamamda çek satırmış. Faciəyə bax! Bu, millətin sifətinə tüpürməkdir. Kimlər qabağa gedir? Ancaq güldən-çiçəkdən danışanlar. Əgər belə danışsan, səni irəli çəkəcəklər. Bir də ki, "Kinokampaniya" mənim deyil, Vaqif Mustafayevin özünün idi. Nuriyyənin təlaşa düşməsinin səbəbini isə anlamadım. - "Bu ən reytinqli verilişdir",-deyən aparıcıların bu fikri nə dərəcədə obyektivdir? - Heç aparıcı da o sözü deyər? Həyasızlıqdır. Veriliş milləti harasa yönəldir. Reytinq ölçən şirkət var. Bir balaca kağız gəlir. Deyir ki, filan veriliş bu qədər reytinq yığıb. - Verilişlərinizdə özünüzü çox sərbəst aparırdınız. Bəlkə bu gün işsiz qalmağınızın başlıca səbəbi azadlığa meyl etməyinizdir... - Kamera qarşısına çıxanda heç kim mənə qadağa tətbiq etməyib. Mən azad insanam. Həmişə telekanallara reytinq gətirmişəm. Bir kanal rəhbəri deyə bilməz ki, Kamran bizə reytinq gətirmədi. Onda mən Kamran olmazdım. İndi də Vaqif Mustafayev, Mirşahin, Etibar Babayev, Həsənlə dostam. Aramızda heç bir narazılıq olmayıb. - Amma dost dediyiniz bu insanlar Sizi efirə buraxmırlar... - Mən də bunu anlamıram. Layihələrimin bəzisi bağlanıb, bəziləri də əlimdən alınıb. Məsələn, "Kontrakt" əlimdən alınıb. - Deyilənə görə, Sizi ATV-dən Aygün Kazımovanın istəyi ilə uzaqlaşdırıblar. Doğrudurmu? - Yalan sözdür. "Kontrakt" reytinq gətirən bir veriliş idi. Elşad Xosenin saqqalı qırxıldı. Veriliş bununla yadda qalıb. Verilişin bağlanmasında sponsor rol oynadı. O istədi ki, növbəti dəfə Rəqsanəni çəkək. Özü də metroda, küçədə. Dedim, bu olmayacaq, sən sponsorsan, vəssalam. O da dedi ki, pulu mən verirəm, nə istəyirəm o da olacaq. Bizim sponsorlar həm "rejissor", həm "aparıcı", həm də "ssenarist"dir. Rəqsanə bəyəm kraliça-zaddır? Hara baxırsansa Rəqsanədir də. Dedim ki, yox. Ertəsi gün Həsən çağırdı ki, Kamran, sən bu verilişi təhvil ver. Mən də verdim. "Toylar kralı" isə əsl fantastika idi. Rəhbərləri yaltaqlara inandığı üçün qınayıram. “Reytinq” qəzeti