Bir zamanlar neft anbarında işləyirdi, indi isə... - Fərid Qayıbovu yaxından tanıyaq!

Bir zamanlar neft anbarında işləyirdi, indi isə... - Fərid Qayıbovu yaxından tanıyaq!
SOSİAL
11:55 26.09.2018
12846
AZXEBER.COM Azər Niftiyevin təqdimatında "Uğur yolu” rubrikasını davam etdirir.

Hər həftənin çərşənbə günü oxucuların görüşünə gələcək rubrikada həyatın müxtəlif çətinliklərindən keçmiş və böyük uğurlar qazanmış məşhurlardan və onların keçdiyi həyat yolundan bəhs olunacaq.

Rubrikanın ilk qonağı nəinki Azərbaycanda, ölkəmizin sərhədlərindən kənarda da məşhurluq qazanan Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbovdur.

Lev Landaunun davamçısı, yoxsa elə sadəcə Fərid Qayıbov?

 

Fərid Fazil oğlu Qayıbov 24 aprel 1979-cu ildə Bakıda anadan olub. Ölkəmizin ən qədim məktəblərindən olan - Bakı şəhəri 1 saylı tam orta məktəbində təhsil alan Fərid 1995-ci ildə buranı bitirir. 1 saylı orta məktəbdən söz düşmüşkən, bu tam orta məktəb vaxtilə gimnaziya kimi fəaliyyət göstərib və əsası 1897-ci ildə qoyulub. Bakının mərkəzində yerləşən bu məktəbin məzunları arasında kifayət qədər yüksək ranqlı məmur və məşhurlar yer alır. Fizika üzrə Nobel mükafatçısı Lev Landau da bu məktəbin fəxri məzunudur.

1999-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bakalavr, 2001-ci ildə isə magistr dərəcələri üzrə başa vuran Fərid Qayıbov 2014-cü ildə P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edir. 

Özünün dediyinə görə, idman təşkilatçılığı sahəsinə gələnə qədər bu sahədən ümumiyyətlə anlayışı olmayıb. Həmyaşıdları kimi sadəcə onun da idmana marağı olub və bu bir gəncin marağından o yana keçməyib. Sonradan idman sahəsində ixtisaslaşması və dissertasiya müdafiə etməsi bu sahənin incəliklərdən xəbərdar olmaq və peşəkar vərdişlərini artırmaq niyyətindən qaynaqlanırdı.

Ona görə cəmi iki vacib xüsusiyyət kifayət edir ki...
 

 

Fərid Qayıbov əmək fəaliyyətinə nə qədər qəribə olsa da, neft idarəsinin anbarında işçi kimi başlayıb. Orta maddi imkanlara malik ailədən çıxan Fərid başa düşürdü ki, zəhmətsiz əldə edilən uğur dayanıqlı ola bilməz. Aşağıdan yuxarıya doğru inkişaf yolunu seçən Fərid bəlkə özü də bilmirdi ki, qarşıda onu hansı uğurlar gözləyir. Sadəcə çalışırdı və üzərinə düşəni edirdi. Mətbuata müsahibəsi zamanı Fərid bildirir ki, həyatda uğur qazanmaq üçün mütləq bu iki amili özündə birləşdirməlisən. Bunlardan biri məsuliyyət, digəri isə çalışqan olmaqdır. Daha bir səbəbin isə xarici dil biliklərinin mənimsənilməsində olduğunu deyən Fəridin sözlərinə görə, hər şeyi vaxtında etmək lazımdır: "Müasir gənclər 2-3 dildə danışmağı bacarırlar. Onlar arasında rəqabət güclənib və bu, əla faktdı. Etiraf edim ki, mən fərqlənən əlaçı olmamışam. Beynəlxalq Olimpiya Komitəsində əsasən fransız dilində danışırlar. Mən isə bu dili 3 ildir öyrənirəm. Vaxt sıxır və mən bunu zamanında etsəydim, daha yaxşı olardı”.

2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında işləyən Fərid Qayıbov daha sonra bu idarənin Planlaşdırma şöbəsində çalışır və burada iqtisadçı postunu tutur. 2003-cü ildə yolunu Azərbaycan Gimnastika Federasiyasından salan F.Qayıbov qurumun İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərir. Menecer vərdişləri burada onun köməyinə çatır. Bu illər ərzində Bakıda bədii gimnastika üzrə keçirilən 3 Dünya Kuboku  və 27-ci Dünya Çempionatının Yerli Təşkilat Komitələrinin işində, o cümlədən Bakıda idman gimnastikası üzrə Beynəlxalq Hakimlik kursunun təşkilində fəal iştirak edir. 2005-2006-ci illərdə AGF-nin Baş meneceri işləyən Fərid son təyinata qədər qurumun Baş katibi olur. 

Bu müddətdə Bakıda keçirilən 3 Avropa Çempionatı  üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini daşıyan F.Qayıbov  Beynəlxalq Gimnastika Federasiyasının 77-ci Konqresində həmin qurumun Şura üzvü seçilir. 2013-cü ildə Avropa Gimnastika İttifaqının 25-ci Konqresində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinə seçilən qəhrəmanımız bununla əlaqədar olaraq FIG-nin Şura üzvlüyündən imtina edir. Milli Olimpiya Komitəsinin (MOK) üzvü olan Fərid Qayıbov ötən ilin sonunda Avropa Gimnastika İttifaqının prezidenti seçilir və bununla uğurlarını beynəlxalq müstəviyə daşıyır. Hazırda bu ittifaq dünyanın 50 idman federasiyası ilə əməkdaşlıq edərək, onların kordinasiyalı fəaliyyətini təmin edir.

Azərbaycan gimnastika hərəkatı: Hər il təkrarlanan uğurlar…
 

 


Fərid Qayıbovun fəaliyyətindən danışarkən mütləq bir məqamı unutmaq lazım deyil ki, onun əldə etdiyi uğurların kökündə ölkəmizdə idmana və peşəkarlara yaradılan qayğı, şərait dayanır. Bu məqamda qeyd edək ki, son illər ölkəmizi beynəlxalq miqyasda təmsil edən gənc kadrların sayı sürətlə artır və heç şübhəsiz bu ölkə rəhbərliyinin gənclərə verdiyi dəstəyin bariz nümunəsi kimi qiymətləndirilə bilər.

Son illər Azərbaycanda idmanın gimnastika növünə olan marağın artması, gənclərin kütləvi şəkildə gimnastika ilə məşğul olması Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən sistemli fəaliyyətin məntiqi nəticəsidir. Məhz elə bu səbəbdəndir ki, dünyanın ən mötəbər gimnastika arenası Bakıda yerləşir. Dünya miqyaslı mühüm yarışlar ölkəmizdə keçirilir. Paytaxtdakı gimnastika kompleksi sırf gimnastika arenasıdır ki, burada gimnastikanın 6 növünün hər biri ilə məşğul olan idmançılar məşq edə  və həm daxili, həm də beynəlxalq turnirlər keçirilə bilirlər.
 

 


2003, 2004 və 2005-ci illərdə ardıcıl olaraq 3 il bədii gimnastika üzrə Dünya  Kubokunun, 2005-ci ildə 27-ci Dünya Çempioanatının, 2007, 2009, 2014-cü illərdə ardıcıl 3 Avropa Çempionatının, 2016-2017-ci illərdə İdman Gimnastikası üzrə FIG Dünya Kubokunun və Batut Gimnastikası üzrə FIG Dünya Kubokunun və digər mötəbər yarışların ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir.

Bu da daha bir soydaşımızın uğuru. Fərid Qayıbova görə, uğur qazanmaq üçün çalışmalı və məsuliyyətli olmalısan. Yerdə qalanı isə zamanın işidir.

// Azər Niftiyev, AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR