Nərmin ACİL adlanan şöbədə yarım saat ərzində müayinə olundu və qərar verildi ki, onu reanimasiyaya yerləşdirsinlər. Həkimlər gözlərinə inana bilmirdi, çünki bu cür aşağı qan dəyərlərinə sahib qızcığaz yaşayırdı və hətta gülürdü. Əslində çoxumuz fərqində deyildik ki, Nərminin vəziyyəti ağırdır və biz sadəcə onun gülüşünə aldanmışdıq. Amma o gülüş bizim ilham mənbəyimiz idi və biz məğlub olmağı çoxdan unutmuşduq.
13 gün ərzində biz nə etdik? Nə etmədik ki? Bakıda bütün dostlar, Nərmini tanıyanlar və tanımayanlar ayağa qalxdı. Günlərlə Nərmin üçün yardım kampaniyası çərçivəsində qəpik-qəpik pul yığdılar. Onların hamısı qəhrəmandır. Nərmin üçün İstanbulda konsert təşkil olundu. Manafzadələr ailəsi, Əlixan Səmədov, Kamil Hacıyev və onun “No Land“ adlı qrupu, həmçinin Qara Dərviş (Hikmət Poladzadə) o konsertə öz tövhələrini verdilər. Konserdən görüntülərə baxa bilərsiniz. Mən bu konsertin təşkil olunmasında zəhməti keçən hər kəsə və bu fikri verən Abuzər Manafzadəyə öz təşəkkürümü bildirirəm.Nərmin Sumqayıtda ikən Qara Dərvişin konsertinə getmişdi. Mən onları Memorial xəstəxanasında görüşdürdüm və Nərmin buna hədsiz sevindi. Bu da onların xatirə fotosu:
Hər şey yaxşı gedirdi və 8 mart gecə saatlarında Nərminin beyin qanaması keçirdiyi xəbəri gəldi. Həkimlər isə ümidin çox az olduğunu bildirdilər. 10 mart saat 13:15 radələrində isə Nərmini itirdik. Onun epiqrizinin sonuna illərdir adət halını almış söz yazıldı:Exitus Letalis
Son olaraq öz düşüncələrimi bildirmək istəyirəm. 13 gün ərzində Nərmini tez-tez gördüm, reanimasiyada üzgün olurdu, palataya köçmək və İstanbulda gəzmək istəyirdi. Nərmin çox az danışırdı, lakin gülümsəməsindən qalmırdı. Onun xəbəri yox idi ki, bu saat bütün insanlar onun üçün birləşib. O bilmirdi ki, artıq simvola çevrilib. Nərmin – birliyin simvolu idi. Ölümü ilə bizi çox üzdü, lakin gülüşünü yaddaşlarımıza daimi həkk etdi və getdi. Qəhrəmandır o, sona qədər mübarizə aparmağı öyrətdi hər birimizə. Acı xəbəri Bakıya saat yarımdan sonra verdim. Yəqin bacısı Mehin mənimlə o telefon söhbətini heç vaxt unutmayacaq, çünki mən də unutmayacağam. Mən sona qədər özümü tutdum, möhkəm olmağa çalışdım. Ən üzüldüyüm səhnə isə Nərminin anasının passport yoxlanış bölməsindən keçib gözləmə salonuna doğru asta addımlarla yeriməsi oldu. O ana bura ümidlə gəlmişdi, lakin qızının cansız bədəni ilə Bakıya qayıdırdı..Nərminin hava limanına aparılması üçün morqa endik. Son dəfə onu orada gördüm. Nərmin sonsuz bir yuxuya getmişdi..
Nur içində yat, Nərmin!