'Biz ailə olaraq Xocalı faciəsinin əvvəlini və sonunu çəkmişik' - VİDEO
09:14 27.02.2013
1795
Türkiyənin İstanbul şəhərində Xoca filminin qalasında iştirak edən rejissor Vahid Mustafayev filmin ərsəyə gəlməsi barədə “Cihan” agentliyinin müxbirinə müsahibə verib. Rejissor çəkiliş vaxtı hadisələrin cərəyan etdiyi mühitin yaranması üçün şaxtalı havada işlədiklərini, bu vəxt bəzi əməkdaşların donma təhlükəsi ilə üzləşdiyini deyib.“Film çox çətin şəraitdə çəkilib. Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağdakı dağlıq ərazidə baş verib. Ona görə də biz ona oxşar yer seçdik və bu filmi mənfi 17 – 18 dərəcə soyuqda çəkdik. Sözsüz ki, bir neçə əməkdaşımız xəstələnərək xəstəxanaya düşdülər. İşdən imtina edərək layihədən ayrılanlar da oldu ki, biz onları başqaları ilə əvəz etdik. Amma şükürlər olsun ki, Allahın köməkliyi ilə biz filmin çəkilişini başa çatdırdıq” – deyə Vahid Mustafayev bildirib.Rejissor filmin bir çox kino festivalında, habelə bəzi Avropa və Asiya ölkələrində də nümayiş olunduğunu qeyd edib. “Film indiyə qədər bir neçə beynəlxalq festivalda nümayiş olunub. Türkiyədə “Altın Portağal”da, Misirdə Qahirə Beynəlxalq kino festivalında və digər festivallarda. İngiltərədə, Hollandiyada, Fransada, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda və s. ölkələrdə nümayiş olunan film martın 1-dən İstanbulda vizyona girəcək”.Filmi atasının məsləhəti ilə çəkdiyini deyən Vahid Mustafayev ailə olaraq Xocalı həqiqətlərini yarı sənədli yarı bədii filmlə bütün dünyaya çatdırdıqlarını vurğulayıb. “Bu filmi atamın məsləhəti ilə çəkmişəm. Azərbaycanın Milli qəhrəmanı olan qardaşım Çingiz Mustafayev bu hadisələrin sonunu çəkib. Amma bundan əvvəl olan hadisələr barədə heç kimin məlumatı yox iidi. Ona görə də atam mənə tapşırıq verdi ki, mən də daha əvvəl baş verənləri işıqlandırım. Beləcə biz ailə olaraq Xocalı qətliamının əvvəlini və sonunu çəkmiş olduq. Sonu sənədli, əvvəli bədii film kimi”.