Biz niyə beləyik, özümüzə niyə qənim kəsilmişik?

Biz niyə beləyik, özümüzə niyə qənim kəsilmişik?
SOSİAL
11:46 06.07.2018
9820
Elçin Əlibəyli,
Tanınmış teleaparıcı, kulturoloq

 
Baş verən hadisə hər kəsdə müəyyən bir mənzərə yaratdı.
 
Mənim gözüm qarşısında bir məmurun ölümü baş verdi. Prezidentə hesabat verən məsul şəxs 15 ilin nailiyyətlərini önə çəkməklə xoşa gəlmək və özünün burada xidmətini qabartmaq istəyirdi. Yəni, mən illərdi qüsursuz işləmişəm, indi hadisədir də olub məntiqi ilə yanaşdı. Sonra nə baş verdiyini gördünüz və ona ünvanlanan utanmalısan nidası bir məmurun fiziki ölümü olmalı idi. Məmur şərəfi deyilən anlayış işləsə idi.
 
Çexovun "Məmurun ölümün"də olan qorxaqlığı arzulamıram bizim məmurlara, amma bu situasiyada konkret şərəf məsələsi idi. Sənin ucbatından nələr baş verdiyini dərk edəsən və bunu soyuqqanlıq ilə qarşılayasan. Heç ürəyin də sancmaya? Şir ürəyi yemiş məmurlarımız var. Hər kəsin prezidentin qətiyyətli və barışmaz mövqeyini bilir. Elə məsələlər var ki, orada heç kimə və heç vaxt güzəştə getmir, illah da milli mənafe məsələsi olanda. Məhz bu qətiyyətinə görə mən səsimi ona verdiyimi hər yerdə deyirəm. Bəli, bizim cəmiyyətə belə qətiyyətli lider lazımdır! Amma, bu lider bütün böyük məsələləri buraxıb gedim stansiyada həyətdə olan quru otlara və ya dövlət tərəfindən bu sahəyə milyonlar ayrılması müqabilində cihazların köhnə olmasını bir-bir yoxlamalıdır?
 
Milyonluq sərəncamlara prezident ona görə imza atır ki, xalqın rifahı artsın. Deməli, məmurları güdmək, erməni və digər düşmənləri izləmək üçün kəşfiyyat idarəsinin işini bunlara yönəltmək lazımdır? Axı bu absurddur! Axı vəzifə vicdanı anlayışı var. Lap, tutaq ki, bu vicdan yeyilən milyonlardan piylənib tutulub, bəs Fövqəladə Hallar naziri deyir ki, dəfələrlə xəbərdarlıq etmişik, demək bunların gözü də tutulub, bu həyəcan siqnalı onların umurunda belə deyil. Bəzi məmurlar, harada qırılar, qırılar məntiqi ilə yaşayırlar. Yadıma bir əhvalat düşdü teatrların birinin təmirinə böyük məbləğdə pul ayrılmışdı və orada səhnənin bir neçə zolaqlarının hərəkətdə olması nəzərdə tutulmuşdu. Amma, əslində cəmi birinci zolağa cihaz yerləşdirilmişdir, digərlərində isə kağız üstündə var idi, realda heç indi də yoxdur. Açılışda rəmzi olaraq birinci zolağı hərəkətə gətirdilər və şifahi dedilər ki, digərləri də belədir. Təbii ki, ölkə başçısının vaxtı məhduddur və hər an hər şey baş verir. Gəlib bir-bir zolaqları yoxlamalı deyil ki?

O müşavirədə bir fikir də yadımda qaldı, məmur təşəkkür edirdi ki, bu məsələni prezident öz şəxsi nəzarətinə götürüb. Bu cümləni bir çox hadisələrdə eşidirik. Bəli, bu böyük hadisə idi və onu nəzarətə götürməyini anlamaq olar. Bəs siz niyə o vəziyyətə gətirib çıxarırsınız ki, belə qlobal hadisə baş versin və bu nəzarətə götürülsün? Bir çox hadisələrdə prezidentin şəxsi nəzarətinə götürməsi yuxarı və aşağı eşelon məmurlara inamsızlıqdan irəli gəlir. Prezident özü nəzarət edib məsələnin sona qədər həllinə nail olmaq istəyir, əmin olmaq istəyir ki, tapşırıq yerinə yetirildi. Bu məmurlar da bizik də, içimizdən çıxanlardı.
 
Öz işini yerinə yetirmək bu qədər çətindir? Axı, bir çox məmurları nümunə göstərə bilərik ki, vicdanla çalışırlar və ölkə başçısı onlara olan etimadını saxlayır. Bəzilərimiz deyirik ki, bir məmur vəzifədə çox qaldı, qarantiya haradandır yeni gələn bundan yaxşı yox, elə bunu qədər işləyə biləcək? Mən ən yaxın tarixi çox yaxşı bilirəm. Mütəllibov hakimiyyətində ikitirəlik yadımızdadır. O dönəm də bir neçə məmur var idi ki, həqiqətən vicdanla xalq üçün çalışırdılar. Bir qəzada onların hamısı şəhid oldu. Onların yerinə gələnlər, onlar kimi ola bildilər?
 
Elçibəy hakimiyyəti dönəmində vicdanla işləmək istəyən, amma təcrübəsiz məmurlar hansı vəziyyəti yaratdılar? Elçibəyin sözü hələ də yadımdadır, "bəylər, bu rüşvəti az alın da". Gömrük rəhbərinin tarixi ifadəsi yadınızdadır yəqin, yazıb vaxtınızı almaq istəmirəm.
 
Heydər Əliyev ilk illər məmurlarla bağlı nə qədər əziyyət çəkdiyi müşavirələrdən yadımızdadır. Hətta öz yetirmələrinin necə dəyişdiyini görüb, əsəbiləşirdi. İşıqla bağlı hadisə onun dönəmində də olmuşdu, o zaman olan müşavirə bu gün də yadımdadır. Mən düşünürdüm ki, enerji sahəsinə rəhbərlik etməyə gələn şəxs ən azı o müşavirəni yada salmalı və İlham Əliyevin Heydər Əliyev yolunun davamçısı olduğunu bilib, buna oxşar səhvə imkan verməzdi.
 
Amma... müşavirədə deyilən "utanmalısınız" sözünün sətiraltı mənası "ölüb, yerə girməlisiniz" idi. Təbii, mən heç kimin ölümünü arzulamıram, illah da "Məmurun ölümü"ndə olduğu kimi. Amma görəsən az da olsa , lap klinik də olsa mənəvi ölüm baş verdimi?

Biz nə etdik həmin günlər? Taksilərimiz, marketdə suyun qiymətini qaldıranlarımız gözlərini bərəldib, bu çətin andan həzz alaraq daha çox pul qazanmaq eşqi ilə yaşayırdılar. Dünyanın heç bir xalqı özü özünə belə qənim kəsilməz! Yadıma Manaf Süleymanlının kitabında olan bir epizod düşdü. Elə düz yüz il bundan qabaq baş verən hadisə. Qafqaz İslam Ordusu Bakıya daxil olur və əhalini qılıncdan keçirən düşmən ermənidən azad edir. Bundan xəbər tutan çörək satanlar tez çörəyin qiymətini qaldırılar. Cəmi altı ay qabaq onların yaxınlarını qılıncdan keçirən, cəsədləri üzərində lüt azərbaycanlı qızları oynadan ermənidən ordu səni azad edir, bunu bayram etməkdən, yeri gəlsə öz əhalisinə mənfəətindən keçib bir gün pulsuz çörək paylamaq əvəzinə, onun qiymətini qaldırmaq nə düşüncə tərzidir. Niyə biz belə olmuşuq və beləyik? O zaman türk ordusunun komandanlığı əmr verir ki, çörəksatanlar cəzalandırılsınlar. Yalnız bundan sonra çörəyin qiymətini endirilər.

Sovet dönəminin bolluq illərində OBXSS deyilən qurumun qorxusunu göz altına alıb ərzaq mallarını keyfiyyətsiz istehsal edən də biz idik. Xamaların su kimi, yağların vəziyyəti və s. nisbətən yaşlı nəslin yadındadır. Amma digər sovet respublikalarında belə deyildi. Elə o illərdə Bakı da daxil olmaqla ölkənin əksər yerlərində mağazada olan malı piştaxtanın altından baha qiymətə satan da biz idik. Zaqataladan olan varsa soruşsun böyüklərdən, elə o illərdə orada hər şey açıq və öz qiymətinə satılırdı. Qonşu rayonda isə tam başqa mənzərə idi. Doxsanıncı illəri heç təkrarlamaq istəmirəm, hər şey gözümüzün önündə olub.
 
İndi də qarda, tufanda qiymət artırmaq və ən dəhşətlisi metroda tuneldə qalanları, həyəcan içində olanları 3 manatlıq yolu 15 manata aparan taksiləri, susuz qalan uşaq, qocalara litrini bir neçə dəfə baha satan adamlara baxıb, yenə sual verirəm? Biz niyə beləyik, özümüzə niyə qənim kəsilmişik. Axı bunu da məmur etmir, özümüz özümüzə edirik!
OXŞAR XƏBƏRLƏR